Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kommunist rejimində “Ezop dili” barədə məqalə beynəlxalq jurnalda işıq üzü görüb
22.05.2020 11:54
  • A-
  • A
  • A+

Kommunist rejimində “Ezop dili” barədə məqalə beynəlxalq jurnalda işıq üzü görüb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun elmi məqaləsi beynəlxalq impakt faktorlu “Balkanistic forum” jurnalının cari il üzrə 2-ci sayında dərc olunub.

“Kommunist rejimində “Ezop dili”: Bolqar alimi Nikola Mavrodinovun bir elmi məqaləsi” adlı yazıda müəllifin sovet rejimində ziyalıların istər elmi, istərsə də incəsənət əsərlərində SSRİ-nin qüsurları, saxtalaşdırılmış uzaq və yaxın keçmişi barədə həqiqətləri üstü örtülü şəkildə cəmiyyətə çatdırmasından bəhs edilir.

Məqalənin giriş hissəsində isə repressiya qurbanları olmuş Azərbaycan arxeoloqlarından söz açılır. Yazıda göstərilir ki, totalitar rejimdə arxeoloqların adlarının yaddaşlardan silinməməsi üçün həmkarları tərəfindən elmi əsərlərdə, hətta süni tənqid şəklində dəfələrlə onlar xatırladılıb və tədqiqatları barədə məlumatlar verilib.   

İkinci Dünya müharibəsinin sonunda Bolqarıstan krallığı SSRİ tərəfindən işğal edildikdən sonra qurulmuş kommunist diktaturası və repressiyalar fonunda tanınmış bolqar arxeoloqu, professor Mikola Mavrodinov SSRİ-nin “Sovet arxeologiyası” dövrü elmi jurnalında vətənində arxeoloji tədqiqatların vəziyyəti barədə məqalə dərc edir. Məqalədən aydın olur ki, əslində sovet işğalına qədər Bolqarıstanda arxeologiya elmi öz inkişafına görə, nəinki SSRİ, hətta Qərbin qabaqcıl ölkələrindən geri qalmırdı. 

P.Qasımov məqaləsində kommunist Bolqarıstanında sinfi və əqidə mənsubiyyətinə görə təqiblərə məruz qalmış bəzi incəsənət və elm xadimlərinin N.Mavrodinov tərəfindən himayəyə alınması, iş və mənzillə təmini faktlarına da toxunub.

Məqalə Avropa Komissiyasının “Horizon 2020” proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində aparılmış tədqiqat əsasında yazılıb.

Qeyd edək ki, “Balkanistic forum” jurnalı Clarivate Analytics, Scopus və digər nüfuzlu elmi bazalarda indeksləşir, həmçinin Mərkəzi və Şərqi Avropanın onlayn-kitabxanası - CEEOL sisteminə daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: