Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Milli sərbəst şeirin uvertürası
19.05.2020 11:17
  • A-
  • A
  • A+

Milli sərbəst şeirin uvertürası

Azərbaycanda XX əsrə qədər də sərbəst şeirin müəyyən ənənəsi mövcud olmuşdur. Məşhur "Kitabi-Dədə Qorqud” dastanlarında nəinki sərbəst, hətta vəznli sərbəst şeir nümunələri də vardır. Sonrakı bütün dövrlər ərzində şeir həmişə zaman-zaman mövcud qəlibləri yumşaltmaq, möhkəmlənmiş normaları dəyişmək, qırmaq, azad və sərbəst olmaq proseslərini yaşamışdır. Orta əsrlərdə zəncirvari əruz şeiri mühitində yanaşı olaraq heca vəzninin ritmlərinin artması da şeirin sərbəstləşmə uğrunda daxili mübarizəsinin konkret əməli göstəricisidir. Fikrimcə, XX əsrdə sərbəst şeir mərhələsinin başlanması Azərbaycan poeziyasında əsrlər uzunu gedən şeirdaxili sərbəstləşmə proseslərinin məntiqi nəticəsi idi. Sərbəst şeirin Azərbaycan ədəbiyyatında xüsusi bir inkişaf mərhələsi səviyyəsinə çevrilməsində isə Xalq şairi Rəsul Rzanın xidmətləri müasiri olmuş və sərbəst şeirlər yazmış şairlərin hamısından qat-qat çoxdur. Rəsul Rza (1910-1981) yeni epoxada Azərbaycan sərbəst şeir məktəbini yaratmış qüdrətli sənətkardır. Son yüzillikdə sərbəst şeir yazanlar çox olsa da, onlardan heç biri Rəsul Rza səviyyəsinə çata bilməmişlər. Görkəmli Xalq şairi Rəsul Rza Azərbaycan ədəbiyyatında sərbəst şeirin zirvəsində dayanır. Rəsul Rza Azərbaycan sərbəst şeir məktəbinin banisidir.

Rəsul Rza əsrlərdən qırıq-qırıq sızıb gələn ənənələri böyük sürətlə inkişaf etdirərək, sərbəst şeiri XX əsr Azərbaycan poeziyasında qanuniləşdirmək missiyasını böyük şərəflə həyata keçirmişdir. Məhz Rəsul Rzanın böyük yaradıcı dühasının simasında sərbəst şeir Azərbaycan ədəbiyyatının həmişəlik ədəbi sərvətinə çevril-mişdir. Xalq şairi Rəsul Rza Azərbaycan sərbəst şeirinin atasıdır. Onun sərbəst şeirləri Azərbaycan ədəbiyyatına geniş fikir və düşüncə sərbəstliyi gətirmiş, lirikanın poetik formanın bəzi formal tələblərindən xilas olmasına imkan yaratmışdır. Sərbəst adlanmasına baxmayaraq, Rəsul Rzanın poeziyasında şeir texnologiyası üçün zəruri olan şərtlərə yaradıcı şəkildə əməl olunmuşdur. Bu mənada Rəsul Rzanın sərbəst şeirləri özünəməxsus yüksək sənətkarlıq xüsusiyyətlərinə malik olan qiymətli poetik nümunələrdir. Sənətkarın sərbəst şeirləri ilə Azərbaycan sərbəst şeiri özünün inkişafının ən yüksək səviyyəsinə çatmışdır. Azərbaycan xalqının tarixi taleyi və XX əsr boyu çətin həyatın real fəlsəfəsi Rəsul Rzanın poeziyasının nəbzində döyünür.

Böyük sənətkarın şeirlərində bir qayda olaraq, sərbəst şəkildə olsa da, qafiyə iştirak edir və artıq sözə yol verilmir. Onun yaradıcılığında "ağ şeir” nümunəsi də yox dərəcəsindədir. Xalq şairinin sərbəst şeirləri ciddi vəzn ölçüləri olmayan, misralarında obrazlı fikirlər ifadə edilən ictimai məzmunlu poetik örnəklərdir. Məhəbbət mövzusunda yazılmış şeirləri qiymətləndirilməklə yanaşı, Rəsul Rza poeziyasında ictimai fikrin, vətəndaşlıq mövqeyinin aparıcılıq təşkil etdiyi xüsusi qeyd edilməlidir. Rəsul Rzanın adı çəkiləndə, ilk növbədə, Azərbaycan ədəbiyyatının ciddi vətəndaş sözü yada düşür. Sovet dövrünün mövcud çətinliklərinə baxmayaraq, şair ədəbiyyatda Azərbaycanın sözünü demək vəzifəsini yerinə yetirməyi bacarmışdır.

Vətənin qeyrətini çəkməyi və şöhrətini yaşatmağı əsas vəzifə hesab edən sənətkar öz kökü ilə "bu torpağa” - Azərbaycana bağlı olduğunu, məğrur dayanmağın məsuliyyətini dərindən bildiyini bəyan etmişdir. Rəsul Rzanın "Mən torpağam” şeiri vətən torpağı və insan haqqında mənalı poetik himndir. Rəsul Rza vətən və övlad münasibətlərini məsuliyyətli və qürurlu poeziyasının ruhunu və ritmini bütün dərinliyi ilə hiss edərək orijinal bədii vasitələrlə canlandırmışdır:

Mən Vətənin qoynundayam,

Vətən mənim qoynumdadır.

Həm qeyrəti,

Həm qayğısı,

Həm şöhrəti -

Böyük borcu

Boynumdadır!

Boynumdadır!

Zəngin neft ölkəsi Azərbaycanın sərvətlərinin özününkü olmaması, Sovetlər İttifaqının paytaxtında Nizami Gəncəviyə heykəl qoyulmaması, ölkəsində nahaq və qanlı repressiya vahimələrinin yaşanması, ana dilinin, ərazi bütövlüyünün qorunması kimi vətəndaşlıq cəsarəti tələb edən problemlər Rəsul Rzanın əsərlərində özünün dərin əks-sədasını tapmışdır. Bu baxımdan şairin yaradıcılığında xüsusi yer tutan əsərlər silsiləsini nümunə göstərmək olar.

"Qızılgül olmayaydı” poeması Mikayıl Müşfiqə böyük ehtiram, 37-ci ilə acı bir rekviyemdir. Əsərin yazıldığı 1956-1960-cı illərdə bu mövzu "qadağandır” qrifi ilə xüsusi şəkildə nəzarət altında olan ciddi məsələlərdən biri idi. "Babək” poeması Azərbaycan xalqının arxa plana keçirilmiş qəhrəmanlığının yenidən müasir düşüncənin "gündəminə” gətirilməsi mənasını daşıyırdı. Poemanın yazıldığı 1977-ci ildə ölkəmizdə yaradılmış milli-tarixi yaddaşa qayıdış prosesinin imkanlarından istifadə edilərək diqqət mərkəzinə çəkilən Babək mövzusu düşünülmüş bədii vasitələrlə milli azadlıq məsələsinin ana xətti kimi mənalandırılmışdır:

...Qarşıda, gələcəkdə

Vətən uğrunda hələ

Daha qəti, amansız

Qurtuluş əsərləri,

Döyüş günləri vardı.

Bu günün qurbanları

Sabaha yadigardı.

Rəsul Rzanın "Mirzə Cəlilin nisgilləri” şeir silsiləsi "Anlamaq dərdi”nin bədii-fəlsəfi dərkidir. Bu, Cəlil Məmmədquluzadə sənətinin mahiyyəti və müasirliyi haqqında dərin mənalı poetik uvertüradır. Xalq şairi ürək ağrısı ilə deməyə bilməyib ki: "Ölülər ölüb qurtarmayıb hələ”; "Bəlkə də qaytardılar” - nə mülk-maaş, nə yatır, nə dəyirman dərdi idi. Bu, sorağı qanlı yollarda itən insan dərdi idi”; "Qulaq asın Mirzə Cəlilin” sözünə: İnsanda insan oyadın!”. Müxtəlif illərdə yazılmış "Anamın laylası”, (1959), "Ölülər”, "Zeynəbin qisası”, "Nazlılar”, "Bəlkə də qaytardılar”, "Kamança”, "Anamın kitabı” (1967) silsiləsi Azərbaycan şeirinin Cəlil Məmmədqulu-zadə ruhlu yeni bir Ölülərnaməsidir. "Mirzə Cəlilin nisgilləri” silsiləsi sərbəst şeirlə yazılmış Mirzəcəlilnamədir. "Mirzə Cəlilin nisgilləri” Rəsul Rza şeirinin vətəndaşlıq ruhunun poetik gizlinləridir. Rəsul Rzanın satirik şeir silsiləsi də Molla Nəsrəddin məktəbinin müasirlik imkanlarının genişliyini və əhəmiyyətini yeni çalarla ifadə edən düşündürücü və kəskin poetik örnəklərdir. Rəsul Rzanın satirik şeirləri "Molla Nəsrəddin” - Cəlil Məmmədquluzadə kimi "baltanı dibindən vuran” əsərlərdir. "Anlamaq dərdi” şeiri həm Cəlil Məmmədquluzadə silsiləsinin fəlsəfəsi, həm də Rəsul Rza sənətinin qayəsidir. Xalq şairi Rəsul Rza Cəlil Məmmədquluzadənin kəşf etdiyi "Anlamaq dərdi” anlayışını Azərbaycan ədəbiyyatı və müasir cəmiyyətimiz üçün kütləviləşdirmişdir. "Anlamaq dərdi” Mirzə Cəlillə Rəsul Rzanın ortaq "görüş” yeri və birlik məqamıdır:

Kimi təzə paltardan qorxur,

Kimi kəfəndən.

İskəndəri soruşdunuz məndən?

İskəndər içərdi,

Ləqəbi də Kefli İskəndərdi.

Gecə-gündüz düşündürərdi onu

Diri ölülərin dərdi.

Yoxsa o da nə qəmlənər,

Nə içərdi.

Ömrü ölülər içində

Sakit-səssiz keçərdi.

Qınamayın İskəndəri.

Yaman olur anlamaq dərdi.

"Sarı dana və balaca qız” şeiri Rəsul Rza realizminin sərt üzünü və düz sözünü kəskin şəkildə ifadə edir. Hələ altmışıncı illərdə bu şeirdə sovet rejimində "illik planın” yerinə yetirilməsinin insan taleyindən üstün tutulması ciddi surətdə tənqid edilmişdir. Göytəpə kəndində xəstələnmiş sarı danaya göstərilən diqqət və qayğının vətəndaşa bəslənilən münasibətdən yuxarıda dayanması realist cizgilərlə ifadə olunmuşdur. XX əsr Azərbaycan ədəbiyyatında mövcud rejimə qarşı "Sarı dana və balaca qız” şeirində olduğu qədər açıq və sərt bədii nümunə göstərmək çətindir. Bu şeirin o zamanın senzurasının gözündən neçə yayındığını təsəvvür etmək çətindir. "Sarı dana və balaca qız” şeiri sovet üsul-idarəçiliyinin əleyhinə yazılmış sarkazmdır. Bu, ictimai-siyasi və ədəbi mühitdə "Xruşşov istiləşməsi” dövründə Azərbaycan ədəbiyyatında meydana çıxmış ciddi tənqidi-realist əsərdir:

Baytar dedi: tez olun!

...İsti su gətirin ayaqlarına!

Damcı dərman da lazımdır

Qulaqlarına

Nüsxə yazıldı bir qarış.

Maşın ürkək keçi kimi sıçradı

Sədrin buyruğu ağzından çıxmamış.

Handan-hana qoca mühasib gəldi.

Baxdı, ah çəkdi,

Dedi: - Yazığın gəlsin bizə

Sarı dana!

Amandır bu zülmü eləmə

İllik plana!

Üç gün, üç gecə

Gülxara ayrılmadı

Sarı danadan.

...Nə evinə gedə bildi,

nə urvalıq arpa apara bildi

Uşaqlara dəyirmandan.

Tənzifə qıymadı ürəyi

Dananın qarnına bağladı

Gəlinlik şalını.

Sədr hər axşam, hər səhər

Şəxsən soruşdu dananın əhvalını

...Əhvalat uzundur, nə deyim,

Bəsdir bunu desəm:

Dana ölmədi azardan.

Ancaq Gülxaranın

Qaragöz kiçik qızı...

Beşcə qulac bez aldılar bazardan.

Rəsul Rzanın "Sarı dana və balaca qız” şeiri əsl vətəndaşlıq cəsarətinin orijinal bədii ifadəsindən ibarət olan ciddi sənət nümunəsidir. "Sarı dana və balaca qız” şeiri zamanı qabaqlayaraq ictimai düşüncəni irəli aparan ciddi şeirin böyük örnəyidir. İctimai-siyasi cəhətdən əhəmiyyətli olan "Sarı dana və balaca qız” şeiri yüksək sənətkarlıqla yazılmışdır. Bu, Azərbaycan poeziyasında süjetli lirikanın mükəmməl nümunəsidir.

Dünya, zaman və insan haqqında bənzərsiz düşüncələr Rəsul Rza sənətinin cövhəridir. Rəsul Rza həm də mükəmməl bəşəri poeziya yarada bilmişdir. Şair dünya haqqında düşüncələrinin qüvvətli orijinal və sərbəst ifadəsi olan şeirlərində bəşəriyyətin ərzi-halı poetik baxımdan mənalandırılmışdır. Rəsul Rza Azərbaycanda yaşayıb-yaradan dünya miqyaslı müasir şair idi. Yaxud belə demək də doğru olar ki, Rəsul Rzanın timsalında XX əsrin görkəmli dünya şairləri sırasında Azərbaycan özünəlayiq yer tuta bilmişdir. Dünyanın real mənzərəsini ayıq-sayıq görən və proseslərin gedişatını doğru-düzgün göstərən şair, ümumiyyətlə, insanlığın keşiyində dayanmağın çağırışlarını səsləndirmişdir. Rəsul Rza şeirlərində bəşəriyyətin müqəddəratına mənsub olduğu xalqın taleyinin işığında nəzər salaraq bədii ümumiləşdirmələr aparmışdır:

Dünyanın anlaşılmayan

Çox işi var.

Yollarının səbr, inad, inam istəyən

Nə qədər

Enişi var, yoxuşu var.

Din davası, torpaq davası,

Rütbə, qazanc, otaq davası.

...Başqa -başqa sahmanlı

İnsanların

Qara, ağ davası

İstək dustaqlığı,

İmkan dustaqlığı.

Dərya-dərya imkanlardan verilən

Nemət cirəsi

Pay qaşığı.

Mənim qayğım, mənim gücüm,

Mənim sınağımdır.

Mənim çağımdır.

Məşhur "Rənglər” silsiləsi dünya sərbəst şeirinin Azərbaycanda yaranan böyük sənət şedevrlərindən biridir. "Rənglər” sərbəst şeirləri, ümumiyyətlə, XX əsr sərbəst şeirində yeni və böyük sənət hadisəsidir. Rəsul Rzanın "Rənglər” şeirləri ilə geniş mənada dünya sərbəst şeiri yeni rəng, yeni səviyyə qazanmışdır. Bədii düşüncənin və intellektual qavrayışın dərin siyasi-fəlsəfi mühakimə ilə vəhdətindən yoğrulmuş "Rənglər” şeir silsiləsində bütöv bir epoxanın düşüncəsi ifadə olunmuşdur. Hər misrası ciddi, düşündürücü, obrazlı düşüncələrdə əks-səda tapan bədii ümumiləşdirmələrdən yaranmış "Rənglər” sərbəst şeir silsiləsində ifadə edilən mətləblər və mühakimələr rəngindən asılı olmayaraq bütün insanlar üçün də aktual və müasir səslənir. "Rənglər” poetik silsiləsi - bədii sözün ağır yüklü qafiləsidir. Nazim Hikmətin dediyi kimi, "bu, poeziyada tamamilə özünəməxsus bir yoldur”. Rəsul Rzanın "Rənglər” silsiləsi dünya sərbəst şeirində yeni hadisədir. Bu şeirlərdə ayrı-ayrı rənglərin müxtəlif çalarları vasitəsilə həyatın və insanın dərin qavrayışları ifadə olunmuşdur. "Rənglər”də hər misra xüsusi bir mətləbi mənalandırır. Böyük istedad ondadır ki, Rəsul Rza "Rənglər” silsiləsinin bütün misralarında dərin fikirləri bənzərsiz, obrazlı ifadələrlə əks etdirmişdir. Eyni zamanda şair hamıya məlum olan rənglərin naməlum çalarlarını kəşf etmişdir: "Ağ rəngin sevinc çaları”: çiçəkli bahar budağı, göyərçin qanadları, Quzey qarı; "Şirmayı: "Ölümdən gələn qazanc, zindan barmaqlığı, İlməkli kəndir, Məftilli qırbac, Naxışlı yeddi kürəciklərin yeddi illik zəhməti. Ağrıdan ulayan ölkələrin Səkinəsi, Səlmanı, Əhmədi; "Püstəyi”: Ala gözlərdə kədər; "Xurmayı”: Müstəmləkələr; "Kürən”: Cənublu ağaclar; "Badımcan”: Əyyaş burnu; "Sürməyi”: Aylı gecədə qarlı dağ təpəsi; yaxud da "Sumağı”: Döyüşdən çıxmış Qıratın nalı”.

"Rənglər” silsiləsinin bədii müqəddiməsi olan "Uvertüra” həm də bu şeirlərin finalıdır, yekunudur. "Uvertüra” Rəsul Rzanın "Rənglər” fəlsəfəsini ümumiləşmiş şəkildə ifadə edir. "Uvertüra” - rənglərin qammasıdır. "Uvertüra” - rənglərdə ifadə olunan ictimai mətləblərin dərin və obrazlı "amması”dır. "Rənglər” silsiləsi - təbiətdəki ilk baxışda görünməsi çətin olan rəngləri duyub, onlara vətəndaşlıq vəsiqəsi vermiş sənət pasportudur. "Rənglər” silsiləsi geniş mənada Azərbaycan yazılı və şifahi ədəbiyyatında istifadə olunmuş rənglərin poeziyasına Rəsul Rzanın qiymətli poetik əlavələridir. "Rənglər” silsiləsi dünya ədəbiyyatında ictimai-siyasi və ədəbi-bədii mənada istifadə olunan rəng fəlsəfəsinin zirvəsidir. Bu, Azərbaycan Xalq şairi Rəsul Rzanın ədəbiyyatımıza və dünya bədii fikrinə gətirdiyi təkrarsız, bənzərsiz rənglərdir. "Rənglər” silsiləsi dünyanın hər üzünün rənglərinin obrazlı ifadəsidir. "Uvertüra” - Xalq şairi Rəsul Rzanın vətəndaşlıq poeziyasının manifestidir.

Rənglər könlümüzdən keçir,

İsti, sərin küləklər kimi.

Nəğmələr, sözlər, səslər

Qəlbimizə dolur

Müxtəlif rənglər kimi.

Rənglər xatirələr oyadır,

Duyğular oyadır.

Gördüyümüzdən artıq görmək istəməsək,

Hər rəng adicə boyadır.

Rənglərin də musiqi kimi

Ahəngi var.

Ağrının, sevincin, ümidində

Rəngi var.

Düşündükcə açılır.

Əlvan səhifələri rənglərin

Canlanır gözümdə rəngi

Ömrün, mübarizənin,

Qəlbin, nifrətin

Gecənin, səhərin

Və insan taleyinin.

Xalq şairi Rəsul Rzanın yaradıcılığı Azərbaycan şeirinin də, dünya poeziyasının da fərqli rənglərini təbii şəkildə, bütün əlvanlığı ilə əks etdirən böyük sənət hadisəsidir. Şairin "hansı şeirim, hansı sözüm yaşayacaq məndən sonra” sualının bir cavabı var: Rəsul Rza sənətinin qüdrəti onun milliliyində və bəşəriliyində, eyni zamanda bədii ifadə baxımından bənzərsizliyindədir. Bu meyarlara cavab verən böyük sənət ölməzdir.

Rəsul Rza sənətində işıq, nikbinlik, sabaha inam, yaşamaq eşqi, gələcəyə böyük ümid duyğuları bütün rənglərdən üstündür. Şairin şeirlərində işıq qaranlıqdan deyil, ümiddən doğur. Xalq şairi Rəsul Rza Azərbaycan xalqının böyük ümidlərdən doğan işıqlı gələcəyinin qüdrətli sənətkarıdır:

Səpələnib hər yana

Dünyanın rəngləri;

Məhəbbət, nifrət,

Sevinc, kədər

Hərəsi bir duyum oyadır çiçəklər.

Çöllər çəmənlidir, dağlar qarlı.

Yuxum həyat dadlıdır,

Dünya baharlı.

Arzularımdır - açılıb əlvan.

Baxıram ənginliklərə

Sözlərim doyumsuz,

Qəlbim ümidli.

Bir yanda Şah dağı,

Bir yanda Savalan.

Arzulardan doyarmı,

Rəngsiz yuxulara uyarmı,

Ümidi, diləyi sağ olan?

Xalq şairi Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından biri olmaqla bərabər, dünya poeziyasında özünəməxsus yeri olan novator sənətkardır. Böyük şairin dərin ictimai məzmuna və orijinal bədii formaya malik olan bənzərsiz sənəti Azərbaycan ədəbiyyatının dünya şeir mədəniyyətinin inkişafındakı rolunu və yerini nümayiş etdirir.

Rəsul Rza sərbəst şeir məktəbi Azərbaycan sərbəst şeir məktəbinin manifestidir. Bu böyük və ölməz sənət yaşayır, böyük ədəbiyyatın inkişafı yollarına işıq salmaqda davam edir. Rəsul Rza şeiri bu gün də dünya sərbəst şeirinin önündə gedir.

İsa HƏBİBBƏYLİ, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

"Azərbaycan" qəzeti, 19 may 2020-ci il

  • Paylaş: