Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
14.05.2020 10:56
  • A-
  • A
  • A+

Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsinin onlayn rejimdə iclası keçirilib.

İclasda şöbə əməkdaşlarının cari ilin birinci rübü üzrə fəaliyyətinin nəticələri müzakirə olunub.

Şöbə müdiri Firəngiz Hüseynova bildirib ki, institutun fondlarında saxlanılan əlyazma abidələrinin istifadəsini asanlaşdırmaq, mühafizəsini təmin etmək, onları gələcək nəsillərə çatdırmaq məqsədilə elektron kitabxananın yaradılması üzrə işlər davam etdirilib.

F.Hüseynova qeyd edib ki, müvafiq dövrdə 325 türkdilli, ərəbdilli və farsdilli əlyazma kitabı rəqəmsallaşdırılaraq elektron kitabxananın bazasına daxil edilib. Elektronlaşdırılmış əlyazmalar mühafizə məqsədilə ehtiyat xarici yaddaş qurğularına köçürülüb: "Hazırda əlyazmaların elektron kitabxanasının bazasında 4600-dən çox kitab abidəsi saxlanılır. Bunlardan elmi müəssisənin tədqiqat aparan alim və mütəxəssisləri istifadə edə bilərlər".

Şöbə müdiri vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Cəfər Cabbarlının 120 və Məhəmməd Hadinin 140 illiyi ilə əlaqədar müvafiq sərəncamlarına əsasən, onların institutda şəxsi arxiv materiallarının elektronlaşdırılması prosesi davam etdirilib. Onun sözlərinə görə, Cəfər Cabbarlının 700 sayda qovluqda saxlanılan şəxsi arxivinin elektronlaşdırılması işinə 2019-cu ildən başlanılıb, cari ildə 75 sənədin elektron variantı bazaya daxil edilib. Hazırda bazada 658 sənəd var. Məhəmməd Hadinin biobiblioqrafik göstəricinin hazırlanması üzrə Kitabşünaslıq və biblioqrafiyaşünaslıq şöbəsi ilə birgə iş aparılıb və material toplanıb.

Həmçinin qeyd olunub ki, “Molla Nəsrəddin” jurnalından, Şəkixanovlar nəslinə aid institutda saxlanılan arxiv materiallarından nüsxələr, “Əkinçi” və “İttihad” qəzetlərinin müəyyən nömrələri və digər materiallar elektronlaşdırılıb.

F.Hüseynova əlyazmaların elektron kataloqunun yaradılması prosesinin də davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, “Turkdilli əlyazmalar”ın elektron kataloquna 1800 kitab abidəsi daxil edilib. İnstitutun fondlarında mühafizə olunan “Miniatürlü əlyazmalar”ın elektron kataloqunun bazası yaradılıb, 67 əlyazma kataloqa salınıb. Hazırda 11 mindən çox yazı təşkil edən əlyazma abidələrinin və əski çap kitablarının elektron kataloqunun oxuculuq keyfiyyətini və səhihliyini artırmaq məqsədilə 800 yazı redaktə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: