www.science.az
09.05.2020 13:51

Görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin yetişdirdiyi nadir dünya liderlərindən biridir

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn konfrans keçirilib.

Tədbirdə AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, ötən əsrin 60-cı illərində respublikamız keçmiş ittifaqda ən axırıncı yerlərdən birini tutsa da, görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyindən sonra bütün sahələr sürətlə inkişaf edib, qısa zamanda respublikamız aqrar-sənaye ölkəsinə çevrilib. Bu dövrdə Azərbaycanda yüzlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisələri tikilib, yeni sənaye müəssisələri yaradılıb.

"Ulu öndər Azərbaycana siyasi rəhbərliyinin hər iki dövründə misilsiz xidmətləri ilə adını tarixə milli dövlətçiliyimizin qurucusu və banisi kimi yazdırıb", - deyə bildirən İsmayıl Hacıyev vurğulayıb ki, 1993-cü ildə xalqın arzusu və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən və parçalanmaqdan qurtarıb, yeni dövlət yaradaraq onun gələcək onilliklər üçün siyasi-iqtisadi inkişaf strategiyasını müəyyənləşdirib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin iqtisadi müstəqilliyinin, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyulub. 

Bölmə sədri qeyd edib ki, qədim diyarımız Naxçıvanın muxtariyyətinin qorunmasında, erməni işğalından müdafiəsində və bugünkü inkişafa nail olmasında da ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir.

Sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli “Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin yetişdirdiyi nadir dünya liderlərindən biridir. O, keçmiş SSRİ-nin siyasi bürosunda idarəetmədə təmsil olunmaqla yanaşı, uzun müddət Azərbaycana rəhbərlik edib. Bu siyasi fəaliyyətin ilk mərhələsində xalqını gələcək müstəqilliyə hazırlamaq üçün böyük işlər görüb, milli oyanışda mühüm rol oynayıb.

Birinci vitse-prezident vurğulayıb ki, 1991-1993-cü illərdə Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın gələcək müstəqilliyinə hədəflənmiş bir sıra mühüm tarixi əhəmiyyətli siyasi qərarlar qəbul edilib.

Ümummilli lider Heydər Əliyevin müstəqillik illərindəki fəaliyyətinə toxunan İsa Həbibbəyli onun daxili və xarici siyasətdə tutduğu məqsədyönlü istiqamətin tarixinə nəzər salıb, müstəqil Azərbaycan dövlətinin tanınmasında, əlaqələrin qurulmasında mühüm addımlar atdığını bildirib. Hazırda Heydər Əliyev siyasi xəttinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən İ.Həbibbəyli görkəmli dövlət xadiminin elm, təhsil sahəsində çalışanlara diqqət və qayğısından da bəhs edib. O, dahi şəxsiyyətin qayğıkeşliyinin bu gün elm adamları tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, dosent Elbrus İsayev “Ulu öndər Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” mövzusunda məruzə edərək bildirib ki, görkəmli dövlət xadimi ilk dəfə hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə NDU-da olub. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 50 illiyi ilə əlaqədar bu qədim diyara gələn ulu öndər Heydər Əliyev 1974-cü il 4 oktyabrda Naxçıvan Dövlət Pedaqoji İnstitutunun müəllimləri və tələbə heyəti ilə görüş zamanı Naxçıvanda mövcud Pedaqoji İnstitutun bazasında müstəqil dövlət universitetinin yaranması zərurəti haqqında ilk dəfə olaraq fikirlər irəli sürüb. 1990-1993-cü illərdə, çətin blokada şəraitinin və o zamankı Azərbaycan iqtidarının yaratdığı mürəkkəb vəziyyətə baxmayaraq, dahi rəhbər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi ali təhsil sahəsində inkişafa nail olub.

Daha sonra “Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti” mövzusunda məruzə ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov bildirib ki, Azərbaycanın təhsil tarixində intibah dövrü kimi qiymətləndirilən 1969-1982-ci illərdə təhsildə böyük nailiyyətlər əldə olunub.

Azad Novruzov qeyd edib ki, ulu öndərin səyi ilə müstəqillik illərində ölkəmizdə beynəlxalq standartlara uyğun milli təhsil islahatlarına başlanılıb. Həmin təhsil siyasəti bu gün də ölkəmizdə və muxtar respublikada uğurla davam etdirilir. 

“Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva “Ali təhsilli kadrların hazırlanmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda çıxışında bildirib ki, ümummilli lider sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılıb və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artıb. Məhz dahi rəhbər Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Ümummilli liderin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanda ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə çatıb.

Konfransda Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun (TEAİ) direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz QuliyevTəbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev, TEAİ-nin şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və digərlərinin çıxışları dinlənilib.

Tədbirin sonunda muzeyə virtual ekskursiya təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.