Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Klinik, regenerator və translyasion təbabət üzrə elmi şuranın onlayn iclası videokonfrans formatında keçirilib
07.05.2020 16:29
  • A-
  • A
  • A+

Klinik, regenerator və translyasion təbabət üzrə elmi şuranın onlayn iclası videokonfrans formatında keçirilib

Klinik, regenerator və translyasion təbabət üzrə elmi şuranın 2020-ci ildə keçirilən ikinci iclası videokonfrans formatında baş tutub.

Tədbirin gündəliyində annotasiyaların qeydiyyatının davam etdirilməsi, onların yazılması qaydalarının mənimsənilməsi üçün müvafiq vebinarın keçirilməsi, COVID-19-la bağlı konfransın təşkili, COST proqramlarında iştirak, eləcə də “COVID-19 təsdiq edilmiş insanlarda müxtəlif ixtisaslar üzrə xəstəliklərin müalicəsinə dair yanaşmalar” adlı məlumat kitabçasının hazırlanması məsələləri yer alıb.

İclasda COVID-19 pandemiyası ilə əlaqədar olaraq annotasiyaların qeydiyyatının davam etdirilməsi qərara alınıb. Bu məqsədlə müvafiq sənədlər elektron variantda təqdim edildikdən sonra təşkilati məsələlərin həyata keçirilməsinə dair bir sıra tapşırıqlar verilib.

Tədbirdə şuraya xüsusi formatda annotasiyaların təqdim edilməsi üçün tərtibat qaydalarının izahı məqsədilə doktorantlar üçün vebinarın təşkili məqsədəuyğun hesab edilib. Bunun pandemiya dövründə tədqiqatçıların sənədləşməni elektron qaydada təşkil etmələri baxımından səmərəli olacağı vurğulanıb.

Daha sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkil etdiyi COVID-19 konfransının təşkilati məsələlərinə dair müzakirələr aparılıb, respublikanın müvafiq elmi tədqiqat mərkəzlərinə planlaşdırılan konfrans və konfrans materiallarının yığılması barədə məlumatın göndərilməsi qərara alınıb.

İclasda müzakirə edilən növbəti məsələ Avropa Komissiyasının COST proqramı üzrə layihələrdə iştirakla bağlı olub. Respublika alimlərinin bu beynəlxalq proqramlarda fəal iştirakının təşkili üçün təkliflər verilib.

Həmçinin COVID-19 pandemiyası dövründə müxtəlif ixtisaslar üzrə xəstəliklərin müalicəsinə yanaşmaları xarakterizə edən məlumat kitabçasının akademik üslubda tərtibi mələsəsinə baxılıb. Bu məqsədlə işçi qrupun yaradılması və təşəbbüs planının qısa müddətdə hazırlanmasına dair qərar qəbul edilib.

Videokonfransda müzakirə olunan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov, Dövlət Sərhəd Xidməti Hərbi hospitalının rəisi, t.e.d. Kənan Yusifzadə, Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, t.ü.f.d. Orxan İsayev, İ.M.Seçenov adına I Moskva Tibb Universitetinin Bakı filialının müalicə məsələləri üzrə prorektoru, t.e.d. Novruz Hacıyev, ATU-nun II Cərrahi xəstəliklər kafedrasının dosenti, t.e.d. Rasim Cəfərli və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Cərrahiyyə kafedrasının dosenti, t.e.d. Cəbi İsmayılov iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: