Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində tələbələr üçün onlayn açıq dərs keçirilib
06.05.2020 10:47
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində tələbələr üçün onlayn açıq dərs keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin institutlarının alim və mütəxəssisləri pandemiya dövründə də hamiliyə götürülən tələbələrə müntəzəm olaraq onlayn açıq dərslər keçirlər.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin “Tarix” ixtisası üzrə təhsil alan II kurs tələbələri üçün “Zoom” proqramı vasitəsilə növbəti açıq dərs təşkil olunub.

Dərsdə institutun Antik və Orta Əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Naxçıvan abidələrinin öyrənilməsi və qorunması sahəsində əldə olunan nailiyyətlər” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda, o cümlədən Naxçıvanda çoxlu sayda abidənin həm yazıyaqədərki, həm də yazının meydana çıxmasından sonrakı tariximizi öyrənmək üçün əvəzsiz mənbə olduğunu qeyd edib.

Şöbə müdiri qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvanda zəngin arxeoloji abidələrin tədqiqindən danışaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisindəki Qazma, Kilid, Daşqala mağaraları və Daş dövrünün abidələri Naxçıvanın ilk insan məskənlərindən biri olduğunu sübut edir. Onun sözlərinə görə, Naxçıvan ərazisindəki arxeoloji abidələrdə aparılan tədqiqatlar zamanı yalnız Azərbaycanın deyil, o cümlədən Cənubi Qafqazın Neolit, Eneolit, Tunc və Erkən Dəmir dövrü abidələrinin dövrləşməsi üçün mühüm elmi əhəmiyyət daşıyan nəticələr əldə olunub.

T.Xəlilov Ovçulartəpəsi, Oğlanqala, I və II Kültəpə, Xələc, Ərəbyengicə, Duzdağ, Şahtaxtı, Qızılburun, Nəhəcir və digər qədim yaşayış yerlərində aparılan arxeoloji qazıntıların nəticələrini də tələbələrin diqqətə çatdırıb. Qeyd edib ki, bu abidələrin hər birində zəngin mədəniyyət yaşayır: “Bu gün abidələrimizin əsaslı təmir və bərpa olunması, bir çox abidələrin tarixi qoruq sırasına daxil edilməsi muxtar respublikada qədim tariximizə, mədəniyyətimizə göstərilən diqqət və qayğının əməli nəticəsidir”.

Məruzəçi vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Rеspublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, muxtar respublikanın bütün bölgələrinə ekspedisiyalar təşkil olunub, bir çox yeni abidələr qeydə alınaraq pasportlaşdırılıb, fundamental elmi əsərlər, kitab və monoqrafiyalar işıq üzü görüb.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: