Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Professor Amin Babayevin 70 yaşı tamam olur
05.05.2020 11:39
  • A-
  • A
  • A+

Professor Amin Babayevin 70 yaşı tamam olur

Bu gün Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının və ekoloji kənd təsərrüfatı elmi məktəbinin banisi, Əməkdar müəllim, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Qaxda yerləşən Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, professor Amin Babayevin 70 yaşı tamam olur.

Amin Hacıbaba oğlu Babayev 1950-ci il mayın 5-də Qax rayonunun Sarıbaş kəndində anadan olub. O, ilk təhsilini burada alıb, 1972-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Aqronomluq fakültəsini bitirib. Daha sonra təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında davam etdirib.

Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda başlayan A.Babayev 1982-ci ilə kimi burada Torpaqşünaslıq kafedrasının assistenti, dosenti vəzifələrində çalışıb. 1982-1985-ci illərdə Mali Respublikasının Katibuqu Kənd Təsərrüfatı İnstitutunun professoru, 1985-1998-ci illərdə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Torpaqşünaslıq kafedrasının dosenti, professoru, kafedra müdiri olub, 1996-cı ildə Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) prezidenti seçilib. O, 1998-2000-ci illərdə Dövlət Elm və Texnika Komitəsinin nəzdində Gəncə Elm və Texnika Mərkəzinin direktoru işləyib. 2007-2014-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq, aqrokimya və ekoloji kənd təsərrüfatı kafedrasının müdiri kimi fəaliyyət göstərib.

A.Babayev 1976-cı ildə fəlsəfə, 1995-ci ildə elmlər doktoru dərəcələrini, 1997-ci ildə isə professor elmi adını alıb.

Ömrünün 48 ilini Azərbaycan Dövlət Aqrar Universiteti və AMEA-da elmi və elmi-pedaqoji fəaliyyətə həsr edən alim Azərbaycanın torpaqşünaslıq elminə mühüm töhfələr verib. O, son 30 ildə Azərbaycanda iki elmi-praktiki istiqamətin - ekoloji təmiz kənd təsərrüfatı, aqrar məsləhət və informasiya xidmətinin əsasını qoyaraq bu sahələrin inkişafı üçün böyük əmək sərf edib.

Professorun rəhbərliyi ilə ekoloji kənd təsərrüfatı hərəkatının dünya standartlarına uyğun elmi, elmi-metodiki və elmi informasiya bazaları, eləcə də bilavasitə iştirakı ilə normativ-hüquqi bazası formalaşıb. Onun tərəfindən müxtəlif bitkilərin məhsuldarlıq göstəriciləri əsasında ekoloji kənd təsərrüfatı sistemində “sağlam torpaq” anlayışının konkret torpaq ərazisinin inteqral ekoloji funksiyaları ilə bağlı olduğu və təbii resursların keyfiyyətinin elmi əsaslarla qiymətləndirilməsi ideyası uzunmüddətli təcrübələr yolu ilə sübuta yetirilib. Bu tədqiqatlar Azərbaycanda yeni kənd təsərrüfatı sisteminin inkişafı üçün elmi töhfədir və ölkəmizdə ekoloji tarazlığı qənaətbəxş hesab edilən bölgələrdə yüksəkgəlirli investisiya proqramlarının həyata keçirilməsi üçün iqtisadi əhəmiyyət kəsb edir. Tədqiqatlara əsasən Gəncəbasar və Şəki-Zaqatala regionlarında konvensional və ekoloji kənd təsərrüfatı sistemlərinin 2025-ci il üçün iqtisadi inkişaf hədəfləri müəyyənləşdirilib.

A.Babayevin rəhbərlik etdiyi Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi tərəfindən işlənilmiş “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı üçün Milli Proqramın Konsepsiyası” bu sahəyə dair Strateji Yol Xəritəsinin hazırlanmasında istifadə olunub. 

Alim 5 monoqrafiya, 200-ə yaxın elmi, 30 publisistik məqalənin, 20 kitab, kitabça, broşür, dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 3 elmlər, 8 fəlsəfə doktoru hazırlanıb.

A.Babayev Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM), Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyasının (EUCARPİA), Amerika Torpaqşünaslar Cəmiyyətinin (ССА), Amerika Aqronomlar Cəmiyyətinin (ASA), Avrasiya Torpaqşünaslar Cəmiyyətinin üzvü, BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmləri Akademiyasının həqiqi üzvü, Gürcüstan Dövlət Aqrar Universitetinin Fəxri doktorudur.

Ölkə başçısının 18 may 2010-cu il tarixli Sərəncamı ilə o, “Əməkdar müəllim” fəxri adına layiq görülüb. A.Babayev elm və təhsil sahəsində xidmətlərinə görə müxtəlif illərdə BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının “M.V.Lomonosov adına” və “Vernadski” ordenləri, eləcə də “Alim ulduzu” medalları ilə təltif olunub. Bundan əlavə, alim elmi-ictimai fəaliyyətinə görə 2017-ci ildə Almaniyada keçirilən Vahid Dünya Mükafatı (OWA) müsabiqəsinin laureatıdır.

Professor Amin Babayevi 70 illik yubileyi münasibətilə təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: