Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Nizami Muzeyində virtual ziyarətçilər üçün silsilə videoekskursiyalar davam etdirilir
01.05.2020 13:43
  • A-
  • A
  • A+

Nizami Muzeyində virtual ziyarətçilər üçün silsilə videoekskursiyalar davam etdirilir

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi öz fəaliyyətini xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq davam etdirir. Belə ki, daim yerli və xarici qonaqlarla zəngin olan muzeyin əməkdaşları tərəfindən karantin dövründə müəssisəni ziyarət etmək istəyən insanların marağını təmin etmək məqsədilə silsilə videoekskursiyalar hazırlanıb.

Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində hazırlanan videoekskursiyalarda bələdçilər tərəfindən muzeyin qiymətli eksponatları - əlyazmalar, arxeologiya nümunələri, miniatürlər, xalçalar, memarlıq abidələrinin maketləri və ölkəmizin görkəmli ədəbi şəxsiyyətlərinin həyat və yaradıcılığı barədə virtual ziyarətçilərə məlumatlar verilir.

Ədəbiyyatsevərlər, xaricdə yaşayan həmvətənlərimiz, eləcə də beynəlxalq qonaqlar üçün maraq kəsb edəcək videoturlarda ana dilimizdən əlavə, klassiklərimizin əsərlərinin ingilis, rus, fars və ərəb dillərində tərcümələrindən də hissələr səsləndirilib.    

Sözügedən videoekskursiyalarla muzeyin “Youtube” kanalında və rəsmi nizamimuseum.az saytında tanış olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: