Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Hüseyn Cavidin Ev Muzeyi “Topal Teymur” əsərini yenidən nəşrə hazırlayır
30.04.2020 11:13
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyi “Topal Teymur” əsərini yenidən nəşrə hazırlayır

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin qüdrətli türk sərkərdəsi və dövlət xadimi Əmir Teymur haqqında qələmə aldığı tarixi “Topal Teymur” (1925) dram əsərinin yazılmasından 95 il ötür. Bu münasibətlə AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının sədrliyi ilə muzey əməkdaşlarının onlayn elmi sessiyası keçirilib.

Gülbəniz Babaxanlı çıxışında bildirib ki, elmi sessiyanın əsas məqsədi “Topal Teymur” əsərinin yenidən nəşrə hazırlanması və ingilis dilinə tərcüməsi vəziyyətinin müzakirəsidir. 

“Topal Teymur” əsərinin milli-mənəvi, tarixi və bədii əhəmiyyətindən bəhs edən direktor Hüseyn Cavid yaradıcılığında ümumbəşəri səciyyənin yeri və rolundan, Cavid əsərlərinin, o cümlədən “Topal Teymur” dramının bu gün də aktual olmasını şərtəndirən amillərdən danışıb. O, əsərin insanlıq, məhəbbət, ülviyyət, mərdlik duyğularını tərənnüm edən məqamlarını qabardaraq onu müasir tarixi kontekstdə qiymətləndirib. G.Babaxanlı əsərin tərcümə və təkrar nəşrə hazırlanması işinin bundan sonra da əlaqələndirilmiş şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.

Sonra çıxış edən muzeyin elmi katibi İlahə Novruzova bildirib ki, artıq bu istiqamətdə bir sıra işlər yekunlaşıb. Əsərin Azərbaycan nüsxəsi müasir redaksiya-nəşriyyat tələblərinə müvafiq şəkildə tərtib olunaraq səhifələnib. “Topal Teymur”un ilk dəfə ingilis dilinə tərcüməsi prosesi isə son mərhələyə qədəm qoyub.

Tədbirdə digər çıxış edənlər – Cəmilə Rzayeva, Lalə Əliyeva və Aytən Cəfərova da bu istiqamətdə görülmüş işlər barədə məlumat veriblər. Bildirilib ki, “Topal Teymur” əsərinin son 95 ildə nəşr və səhnələşdirilmə tarixinin, elmi-nəzəri və ədəbi-bədii tədqiqatlara cəlb olunmasının, tərcümə və təbliğinin xronologiyasının verildiyi ədəbi-tarixi xronika da hazırlanıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: