Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nını müxbir üzvü Tofiq Məmmədov: “Floramızda olan bir çox bitki növünün nəsli kəsilmək üzrədir”
29.04.2020 12:52
  • A-
  • A
  • A+

AMEA-nını müxbir üzvü Tofiq Məmmədov: “Floramızda olan bir çox bitki növünün nəsli kəsilmək üzrədir”

Hazırda Azərbaycanın təbii florasında mövcud olan hər üç növdən biri məhv olmaq təhlükəsi ilə üzləşməkdədir. Respublikamızda nadir və nəsli kəsilməkdə olan ağac və kol növlərinin sayı 200-ə yaxındır. Bu, Azərbaycan florasında olan ağac və kol bitkilərinin təxminən 43%-ni təşkil edir.

Bu barədə Dendrologiya İnstitutunun direktoru, AMEA-nını müxbir üzvü Tofiq Məmmədov məlumat verib.

Alim bildirib ki, nadir bitki növlərinin sayının getdikcə artması ilə əlaqədar bu problemin səbəblərini aşkar edərək onun qarşısının alınması dövlət strukturları və müvafiq elmi müəssisələr qarşısında yeni vəzifələr qoyur.

Tofiq Məmmədovun sözlərinə görə, aparılan müşahidələr göstərib ki, Azərbaycan florasında olan nadir və nəsli kəsilməkdə olan oduncaqlı (ağac və kol) bitki növlərinin areallarının bir hissəsinin mühafizə strategiyası yoxdur.

“Ölkəmizdə mühafizə olunacaq bitki növlərinin təyin edilməsi, dəqiq siyahıların hazırlanması, onların nadir bitki kateqoriyalarına aid edilmə səbəblərinin aşkarlanması vacib məsələlərindən biridir”, – deyə bildirən institut direktoru qeyd edib ki, bu prosesləri öyrənmək üçün əvvəlcə bitkilərin yayılmasını, populyasiya genişliyini, ekoloji tələbatını, fizioloji tolerantlığını, reproduktiv biologiyasını, toxum quruluşunu və keyfiyyətini, kök sistemini və sonrakı inkişaf mərhələlərini tədqiq etmək vacibdir.

Respublikamızın nadir və nəsli kəsilməkdə olan ağac və kol növlərinin areallarının azalmasına və nəslinin yoxa çıxmasına səbəb olan amillərin araşdırılmasının önəmini qeyd edən T.Məmmədov bildirib ki, son illərdə ölkəmizdə sənayenin inkişafı, yeni fabrik və zavodların, kənd və qəsəbələrin salınması bəzən kiçik bir arealda yayılan bitkilər üçün təhlükə mənbəyi olur.

İnstitut direktoru qeyd edib ki, respublikamızın florasında 800-dən çox bitki növü dərman effektinə malikdir. Dünyada hazırlanan dərmanların 50 faizdən çoxu bitki mənşəlidir. Bu tipdə olan bitki növlərinin müxtəlif orqanlarının toplanması, ixrac edilməsi və respublikamızda geniş istifadə olunması da bəzi nadir bitkilərin areallarının getdikcə azalmasına səbəb olur. Bununla yanaşı, son illərdə geofitlərin, bir çox dərman və aromatik bitkilərin təbiətdən toplanması və satışı olduqca yüksəlib. Bu baxımdan, ilk öncə vətəndaşlar bu sahədə maarifləndirilməli və sonra nadir bitkilərin mühafizəsi tədbirləri görülməlidir.

Alimin sözlərinə görə, insanların sahələri yabanı otlardan təmizləmək üçün kimyəvi dərmanlardan geniş istifadə etməsi yabanı ot bitkilərini məhv etməklə yanaşı, həmin ərazilərdə yayılan bəzi ağac və kol bitkilərini də sıradan çıxarır. İnsanın belə fəaliyyətinin təsirlərindən ot bitkilərinin arealları azalmaqda davam edir.

Tofiq Məmmədov, həmçinin ölkəmizdə olan nadir bitki növlərinin azalmasına və ya nəslinin kəsilməsinə səbəb olan amillərdən birinin də yanğınlar olduğunu və yanğınların baş verməməsi üçün vətəndaşlarımızın marifləndirilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: