Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Elm Tarixi İnstitutu koronavirus pandemiyası dövründə Azərbaycanda dövlət tərəfindən görülən tədbirlərə münasibət bildirib
29.04.2020 12:03
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutu koronavirus pandemiyası dövründə Azərbaycanda dövlət tərəfindən görülən tədbirlərə münasibət bildirib

AMEA-nın Elm Tarixi İnstitutu koronavirus pandemiyası dövründə Azərbaycanda dövlətin gördüyü tədbirlərə münasibət bildirib. “Koronavirus və Azərbaycan dövlətinin tədbirləri” adlı məqalənin tam mətnini təqdim edirik: 

Ölkəyə başçılıq etdiyi gündən Prezident İlham Əliyev ən çətin və təhlükəli anlarda xalqın yanında, sadə insanların arasında olub. Azərbaycanda zəlzələ və daşqınlar baş verdikdə, o cümlədən cəbhə bölgəsində hərbi əməliyyatlar zamanı dövlət başçısı hər hansı təhlükədən çəkinməyərək bilavasitə həmin ərazilərə səfər edib, vəziyyətlə şəxsən tanış olub, insanlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verib. İlk dəfə olaraq Çinin Uhan şəhərində qeydə alınmış koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılması barədə ilkin xəbərlər yayılandan sonra ölkə başçısı tərəfindən atılan addımlar bu bəşəri bəlanın qarşısının alınmasında mühüm bir siyasət olaraq qiymətləndirilir. Bu günə olan məlumata görə, Azərbaycanda xəstəliyin yayılması ehtimalı o qədər yüksək olmasa da, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır. Həmçinin koronavirusla bağlı bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb, heç bir ölkə ilə yükdaşımalarının həyata keçirilməsinə məhdudiyyət qoyulmayıb. Tranzit potensialının gücləndirilməsini qarşısına məqsəd qoymuş Azərbaycan analoji mövqe nümayiş etdirir.

Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır, xəstəliyi aşkar etmək üçün testlərin ölkəyə gətirilməsi ilə bağlı müvafiq işlər aparılır. Bir sözlə, Azərbaycanda əhalinin narahatlığı üçün heç bir ciddi əsas yoxdur. Ölkə Prezidentinin dünyada kütləvi hal alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyi qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün atdığı təxirəsalınmaz addımlar hazırda respublikada bu virus daşıyıcılarının sayının azalmasına, yeni yoluxma hallarının getdikcə azalan temp üzrə inkişafına səbəb olub. Ardıcıl verilən sərəncam və göstərişlər Azərbaycan vətəndaşının təhlükəsizliyinə və sağlamlığının qorunmasına hesablanmış addımlardır.

Hazırda ölkədə bütün lazımi tədbirlər görülür. Xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilib. Karantin üçün əlverişli şərait yaradılıb. Ölkəmizin müxtəlif yerlərində olan bir çox xəstəxanalarda koronavirus xəstələri mülicə alırlar. Bunlar dövlət tərəfindən ölkə vətəndaşlarının sağlamlığı üçün atılmış mühüm addımlardır. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev təşəbbüsü ilə keçirilən Türk Şurasının olayn fövqəladə Zirvə görüşündə dünya miqyasında ilk dəfə dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına dair müzakirələr aparılıb. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.

Paralel şəkildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən koronavirus infeksiyası ilə bağlı zamanında qəbul edilən qərarlar, həyata keçirilən xeyriyyə tədbirləri və xəstələrin sağlamlığı üçün tapşırıqlar Azərbaycanın bu bəşəri bəla ilə mübarizədə qalib gələcəyinə dəlalət edir.

Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 aprel tarixində isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Ümumilikdə sosial proqramların maliyyə həcmi 2.5 milyard manat təşkil edir. Bu, Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” prinsindən irəli gəlir. Ölkə başçısı pandemiyanın iqtisadi fəsadlarına baxmayaraq sosial proqramları genişləndirməkdə davam edir.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası pandemiya yayılan gündən öz tədqiqatlarını dayandırmayıb. Akademiyanın müvafiq institutlarında pandemiyaya dair tədqiqatlar aparılıb, paralel şəkildə isə elmi işlər davam etdirilib. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq ilk gündən əməkdaşlara COVID-19-un yaratdığı fəsadlar və onunla mübarizə üsulları barədə maarifləndirici məlumatlar verilib, eləcə də qurumun institutlarında, konfrans zallarında, laboratoriyalarda və yeməkxanalarda dezinfeksiya işləri aparılıb.

Eyni zamanda, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamında AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin mütəxəssislərinə koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışların edilməsi, məlumat xarakterli materialların dərc olunması ilə bağlı tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: