www.science.az
25.04.2020 15:30

Akademik Cəmil Əliyev MDB və Avrasiya onkoloq-radioloqlarının onlayn keçirilən XI qurultayında iştirak edib

23-25 aprel tarixlərində MDB və Avrasiya Ölkələri Onkologiya, Rentgenoradiologiya Mərkəzləri və İnstitutları Direktorları Assosiasiyasının birgə təşkilatçılığı ilə onkoloq-radioloqların onlayn XI qurultayı keçirilib.

Açılış mərasimində Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko Rusiya Prezidenti Vladimir Putinin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

İlk dəfə olaraq onlayn rejimdə keçirilən qurultayın gedişini 10 ölkədən 7000-dən artıq iştirakçı izləyib. Tədbirin plenar iclasında nümayəndələr təmsil etdikləri ölkələrdə onkologiya və rentgenoradiologiya sahəsində görülən işlərdən, qabaqcıl təcrübədən, qarşıya çıxan problemlərdən bəhs ediblər.

Qurultayda müxtəlif ölkələrin mütəxəssislərinin təqdim etdikləri məruzələr dinlənilib. Bu məruzələr arasında Azərbaycanda onkoloji xidmətin təşkili və uğurlarından bəhs edən hesabat böyük maraqla qarşılanıb.

Azərbaycan onkoloqlarının süd vəzi xəstəlikləri, urologiya, proktologiya, baş-boyun və digər onkoloji cərrahiyyə sahələri üzrə 10-a yaxın məruzəsi, 30-dan artıq tezisi iştirakçılara təqdim olunub.

Bundan başqa, qurultayda dünya şöhrətli cərrah-onkoloq, uzun illər Rusiya Elmi Onkoloji Mərkəzinə rəhbərlik etmiş akademik Nikolay Trapeznikov adına yeni medalın təsis edilməsi haqqında məlumat verilib. 

Bildirilib ki, Assosiasiyanın Rəyasət Heyətinin qərarı ilə bu medalla dünyada onkoloji xəstəliklərin profilaktikası, müalicəsi və elmi araşdırmaları sahəsində mühüm nailiyyətlər qazanmış alim və mütəxəssislər təltif ediləcəklər.

Tədbirdə, akademik Nikolay Trapeznikov adına yeni medalın yekdilliklə Azərbaycan Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevə verilməsi qərara alınıb.

Akademik C.Əliyev onun fəaliyyətinə verilən yüksək qiymətə görə Səhiyyə naziri M.Muraşkoya, Assosiasiyanın rəhbərliyinə, həmçinin bütün qurultay iştirakçılarına dərin minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.