www.science.az
25.04.2020 12:37

Akademik İsa Həbibbəyli Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş beynəlxalq onlayn konfransda çıxış edib

Beynəlxalq Türk Akademiyası tərəfindən qədim türk sivilizasiyasının və yazı mədəniyyətinin əsas abidələrindən biri, UNESCO-nun 2020-ci il yubileylər siyahısına salınan Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş “Böyük Çöl Sivilizasiyası: Tonyukuk İrsi və Çağdaş Türk Düyası” adlı beynəlxalq onlayn konfrans keçirilib. 

Konfransa Amerika, Monqolustan, Macarıstan, Rusiya, Qırğızıstan, Azərbaycandan olan görkəmli alimlər və Beynəlxalq Türk mərkəzlərinin rəhbərləri onlayn qatılıblar.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı ilk sözü Türkiyənin UNESCO-dakı daimi nümayəndəsi Altay Cengizerə verib. O, türk dünyasının ortaq dəyərlərə malik olduğunu deyərək, türklərdən bizə miras qalan Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş konfransın əhəmiyyətini vurğulayıb. Bildirib ki, bütün türk dövlətləri ilk olaraq Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı altında birləşməlidir.

Altay Cengizer Azərbaycanın gördüyü işlərdən də bəhs edərək bildirib ki, Parisdə dünyanın ən böyük mədəniyyət mərkəzi Azərbaycana məxsusdur: “Ortaq gələcək qurmaq üçün Parisdəki Azərbaycan evi bütün türk ölkələrinin məkanı olmalıdır. Bütün Türk dünyası tədbirlərinin bu məkanda keçirilməsi məqsədəuyğundur". 

O, həmçinin Türk dünyasının dağları haqqında UNESCO-da davamlı tədbirlərin keçirməsinin zəruriliyini qeyd edib.

Tədbirə videokonfrans sistemi vasitəsilə qatıllan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Orxon-Yenisey abidələrini Türk dünyasının ən qədim yazılı mətnləri və türk yazılı ədəbiyyatının ilk nümunəsi adlandırıb.

Alim bildirib ki, Azərbaycandakı, Türkiyə və Orta Asiyadakı qayaüstü rəsmlər və yazı elementləri Orxon-Yenisey abidələrindən qədim olub. Bu qayaüstü yazılar Orxon-Yenisey abidələri mədəniyyətinin başlanğıcıdır. Gəmiqaya-Qobustan, İssıkkul-Qars mədəniyyətindən başlanan türk yazı sistemi təkmilləşdirilib inkişaf etdirilməklə Orxon-Yenisey abidələrinə çevrilib və tamamlanıb.

"Azərbaycanda qədim türk abidələri, o cümlədən Tonyukuk abidələri müxtəlif istiqamətlərdə tədqiq edilib və öyrənilib", - deyə bildirən İsa Həbibbəyli Azərbaycanda Orxon-Yenisey abidələrinə həsr olunmuş qiymətli kitab, və monoqrafiyaların, o cümlədən dissertasiya və məqalələrin yazıldığını qeyd edib. Onun sözlərinə görə, Tonyukuk yazılı mətnlərinin dili sadə və anlaşıqlıdır. Bu mətnlər xalq təfəkkürünə daha yaxındır. Burada atalar sözləri və məsəllərə də rast gəlmək mümkündür. 

Birinci vitse-prezident digər Orxon-Yenisey kitabələri kimi Tonyukuk abidəsinin də ədəbiyyatşünaslıq cəhətdən az öyrənildiyini bildirib. Vurğulayıb ki, bir çox bioqrafik məlumatları yaşadan Tonyukuk abidəsi bədii-publisist üslubda yazılmış sənədli biblioqrafik mənsur povestdir.

"Tonyukuk yazılı mətnləri qədim türk müdrikliyinin yaşayan-əbədiyyət abidəsidir. Tonyukukun 1300 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi dünyada ədəbiyyata, milli mədəniyyətlərə olan ehtiramın əyani ifadəsidir”, - deyə İ.Həbibbəyli əlavə edib.

Konfransın sonunda Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı dünyanın 15-dən çox ölkəsindən qatılaraq Tonyukuk və Türk dünyası ilə bağlı mühüm məruzələr edən və müzakirələr aparan türkoloqlara, elm adamlarına minnətdarlığını bildirib. O, Tonyukuk abidəsinin 1300 illiyi münasibətilə görüləcək işləri diqqətə çatdırıb.

Darhan Kıdıralı, eyni zamanda, konfrans iştirakçılarına təmsil etdikləri ölkələrdə Tonyukuk adına meydanların, parkların, küçələrin olması, heykəllərin ucaldılması üçün tədbir görmələri ilə bağlı müraciət edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.