Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Xam neftlərin struktur-qrup tərkiblərinə dair monoqrafiya nəşr olunub
17.04.2020 13:37
  • A-
  • A
  • A+

Xam neftlərin struktur-qrup tərkiblərinə dair monoqrafiya nəşr olunub

AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun, eləcə də elmi müəssisənin bir qrup alim və tədqiqatçı əməkdaşlarının həmmüəllifliyi ilə “Xam neftlərin struktur-qrup tərkibləri, xüsusiyyətləri və onlarda gedən fotokimyəvi və termiki çevrilmələr” adlı monoqrafiya çapdan çıxıb.

Nəşrdə müasir, yüksəkhəssaslıqlı cihazlardan (absorbsion spektroskopiya, xromato-kütlə spektroskopiyası, lüminessensiya, nüvə maqnit və elektron paramaqnit rezonansları, DSK, DTA) istifadə edilməklə Suraxanı və Balaxanı yataqları xam neftlərinin fiziki-kimyəvi, spektral-lüminessent, termiki xüsusiyyətlərinin və bu neftlərdə baş verən fotokimyəvi çevrilmələrin mexanizmləri haqqında müasir təsəvvürlər təqdim edilib. Bu neftlər və onların komponentlərində gedən fotofiziki, fotokimyəvi, o cümlədən fotooksidləşmə proseslərinin elementar mərhələləri müəyyən edilib. Nəticədə tədqiq edilən neftlər və onların aromatik komponentləri müxtəlif sənaye sahələrində (əczaçılıq, neft-kimya, neft emalı və s.) xammal kimi istifadə üçün təklif edilib.

Monoqrafiya neft və neft məhsullarının fiziki-kimyası, neft-kimyası və fotokimya sahəsində meydana çıxan müxtəlif məsələlərin həllində elmi və mühəndis-texniki işçilər, müəllimlər, tələbələr, dissertant və doktorantlar üçün nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: