Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Şairin ev muzeyindən çağırış: “Evdə qal və Hüseyn Cavidin əsərlərini oxu”
16.04.2020 13:37
  • A-
  • A
  • A+

Şairin ev muzeyindən çağırış: “Evdə qal və Hüseyn Cavidin əsərlərini oxu”

Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il tarixli qərarına əsasən, respublikanın bütün elmi-tədqiqat müəssisələri, o cümlədən AMEA-nın Hüseyn Cavidin Ev Muzeyi fəaliyyətini dayandırıb. Hazırda muzey 2020-ci il üçün elmi-tədqiqat planında nəzərdə tutulmuş işlərin qismən həyata keçirilməsi məqsədilə fəaliyyətini onlayn rejimdə davam etdirir.

Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının sözlərinə görə, qurumun rəsmi internet saytı www.huseyncavid.az  öz ziyarətçilərini qəbul edir. Dolğun informasiya ilə zəngin platformada muzey haqqında geniş məlumat əldə etmək, “virtual muzey” pəncərəsindən burada saxlanılan eksponatlarla tanış olmaq mümkündür. G.Babaxanlı qeyd edib ki, Cavid yaradıcılığı ilə məşğul olan alimlərə elektron sorğu vasitəsilə muzeyin nəşrlərinin elektron variantı təqdim olunur.

“Hüseyn Cavid yaradıcılığının sosial şəbəkələr üzərindən təbliği yüksək səviyyədə həyata keçirilir”, – deyən G.Babaxanlı bildirib ki, muzeyin rəsmi “Facebook” səhifəsində kiçik videoçarxlar, ədibin burada saxlanılan fotoşəkillərinin tarixçələri, H.Cavidin əsərlərindən parçalar nümayiş olunur. Həmçinin rəhbərliyin tərtib etdiyi növbətçilik qrafiki üzrə əməkdaşlar muzeyə ünvanlanan sualları cavablandırırlar.

Alim bildirib ki, muzeyin əməkdaşları karantin müddətində Hüseyn Cavid və Cavidlər irsinin toplanması, təbliği və tədqiqi sahəsində elmi işlərini davam etdirirlər. Belə ki, “Cavidşünaslıq” araşdırmalar toplusunun 20-30-cu cildləri üzərində işlər aparılır. "Çoxcildli “Cavidşünaslıq” araşdırmalar toplusunun 1 cildi ingilis dilli məqalələrdən ibarət olacaq" - deyə direktor əlavə edib.

G.Babaxanlı “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyasının 3-cü cildi üzərində işləri davam etdirdiyini də diqqətə çatdırıb.  

Muzey rəhbərinin bildirdiyinə görə, bu il Hüseyn Cavidin “Knyaz” əsərinin yazılmasının 90, “Uçurum” əsərinin yazılmasının 100 ilinin tamam olması münasibətilə həmin əsərlər yenidən nəşrə hazırlanır. Eyni zamanda, “Xəyyam” və “Şəhla” əsərlərinin ərsəyə gəlməsinin 85 illiyi münasibətilə muzeyin əməkdaşları tərəfindən bu əsərlər haqqında ədəbi-tarixi xronika tərtib olunur. Bununla yanaşı, “Topal Teymur” əsərinin yazılmasının 95 illiyi münasibətilə əsər hazırda ingilis dilinə tərcümə olunur və mövcud vəziyyət bitdikdən sonra nəşrə təqdim ediləcək.

Sonda G.Babaxanlı qeyd edib ki, Hüseyn Cavidin Ev Muzeyi sosial izolyasiya çağırışına qoşularaq “Evdə qal və Hüseyn Cavidin əsərlərini oxu” devizi ilə çıxış edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: