Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Bir çayın iki obrazı – iki mahnıda
15.04.2020 11:48
  • A-
  • A
  • A+

Bir çayın iki obrazı – iki mahnıda

Akademik İsa Həbibbəyli ilə Xalq artisti Tofiq Bakıxanovun növbəti əsəri kitab şəklində çıxmışdır.

Ötən il aprelin 21-də “Xalq qəzeti”ndə  “Tofiq BAKIXANOV: Əcəmi yurdundan xoş təəssüratlarla qayıtdım” adlı əhatəli bir yazı verilmişdi. Qəzetə müsahibə verən bəstəkar deyirdi: “Cənab Vasif Talıbov mənim xoş ovqatlı mahnılarımdan ibarət “Batabat dağlarında” adlı məcmuənin Naxçıvanda nəşr olunması  təşəbbüsü ilə çıxış etdi və muxtar respublikanın Mədəniyyət Nazirliyi bu işə başladı. Xatırladım ki, həmin kitabın adı Azərbaycan Yazıçılar Birliyi Naxçıvan bölməsinin sədri Asim Yadigarın eyni adlı mahnısından götürülüb. Hörmətli nazir Natəvan xanım Qədimovaya təkcə bu məcmuəyə görə deyil, ümumiyyətlə, mənim yaradıcılığıma daim diqqətlə yanaşdığına görə təşəkkür edərək, minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən, mənim Bakıda nəşrə hazırlanan “Arpaçay” mahnımda da Naxçıvan mövzusu qabarıq şəkildə özünü göstərir. Bu mahnını akademik  İsa Həbibbəylinin sözlərinə yazmışam”.

Budur, akademiklə professorun birlikdə ərsəyə gətirdiyi həmin mahnı artıq nəfis kitab şəklində oxuculara təqdim edilir. Kitabda verilmiş “Ön söz” ün müəllifi, Əməkdar jurnalist İttifaq Mirzəbəyli yazır:  “... Ötən əsrin altmışıncı illərinin əvvəllərində -- hələ uşaq ikən radiodan eşitdiyim “Apardı sellər Saranı...” mahnısına görə Arpa çayını nə qədər qınamış, ittiham etmiş, söymüşdüm? Mütəllim Mütəllimov, Eynulla Cəbrayılov, Ramiz Hacıyev, sonrakı illərdə Arif Babayev, Qədir Rüstəmov, Səxavət Məmmədov və bir çox xanəndələrimiz həmin mahnını elə həzin, kövrək, hətta kədərli oxumuşdular ki, dinləyici istər-istəməz “ala gözlü, qələm qaşlı Sara”nı aparan Arpa çayının sellərini lənətləyirdi. Xançobana irad tuturduq ki, nə üçün sevgilisini təbiətin kor-təbii qüvvələrindən qoruya bilmədi?

“Arpa çayı aşdı daşdı,

Sel Saranı qapdı qaşdı.

Hər gözəlin gözü yaşdı,

Apardı sellər Saranı,

Bir ala gözlü balanı.”

Bu ilin yazında isə Respublikanın Xalq artisti, professor, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovun “Xoş ovqatlı mahnılar” kitabını nəşrə hazırlayarkən Arpa çayı haqqında başqa bir mahnı ilə də tanış oldum. Bir çay haqqında olan ikinci mahnıda nəinki kədər, hüzn, mütəəssirlik yoxdur, hətta, bu mahnı bəstəkarın “Xoş ovqatlı mahnılar”ının sırasına düşüb və adı çəkilən kitabda verilib.

Akademik İsa Həbibbəylinin sözlərinə yazılmış “Arpaçay” mahnısında Naxçıvan təbiətinin bugünkü ab-havası görünür. Mahnıdakı Arpa çayı obrazı insan tək düşünməyi, nəğmə tək coşmağı bacarır və sevməyi bacaran ürəklərdə yaşayır:

“Dağlardan tökülər, bulaqdan içər,

Çağlayar, nağıldan, ürəkdən keçər.

Xançoban yaddaşı, Saraya həmdəm,

Baxışı alagöz, qaşları qələm –

Dərmandır torpağa, çarədir elə,

Fidanlar boy atıb, çevrilir gülə”.

Bir çayın iki obrazı... fərq nə qədərdir, İlahi? Bu fərqi bəlkə də təkcə ovqat yaratmır. Bu fərqin yaranmasına Muxtar Respublikanın bugünkü cah-cəlalı, Əcəmi yurdunun gündən-günə abadlaşması, gözəlləşməsi də səbəb ola bilər. Hər yan gözəlliklə əhatələnibsə, hər tərəfdə insan ruhunun xoşbəxtliyinə aparan addımlar atılırsa, Arpa çay nə üçün qəddar, amansız olmalıdır? Bəstəkarı da, mahnının mətninin müəllifini də təbrik edirik!”

Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən bu kitabın musiqi redaktoru Əməkdar artist, Milli Konservatoriyanın dosenti Sahib Paşazadə, məsul redaktor isə filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.  Kitabda mahnının klaviri, orkestr üçün işlənmiş partiturası ( işləyəni professor Ağaverdi Paşayevdir) mətni, İsa Həbibbəylinin Tofiq Bakıxanov haqqında yazdığı “Gözəlliklər nəğməkarı” şeiri və “Arpaçay dünyası” adlı foto-şəkillər silsiləsi verilmişdir.

Nərgiz QULAMOVA, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistri, musiqişünas

525-ci qəzet

  • Paylaş: