Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev: “Qız qalası Naxçıvanın qədim tarixinin daş yaddaşıdır”
11.04.2020 13:55
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev: “Qız qalası Naxçıvanın qədim tarixinin daş yaddaşıdır”

Arxeoloji tədqiqatlar sübut edir ki, Azərbaycanda ilkin qala-şəhərlərin formalaşdığı əsas regionlardan biri Naxçıvan ərazisi olub. Naxçıvanda qala-şəhərlərin eradan əvvəl III minillikdə formalaşdığı arxeoloji tədqiqatlarla təsdiq edilib. Bu tip qala-şəhərlərdən biri Şərur rayonunda, Arpaçay vadisində, Dizə kəndinin şimalında yerləşən Qız qalası yaşayış yeridir.

Bu barədə Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev müsahibə verib.

V.Baxşəliyev bildirib ki, yaşayış yerində arxeoloji tədqiqatlara 2014-cü ildə başlanılıb. 2017-ci ilədək aparılan tədqiqatlar zamanı yaşayış yerinin Orta Tunc dövrü təbəqəsi öyrənilib, arxeomaqnit araşdırmalar nəticəsində Qız qalası və Oğlanqalanı çevrələyən 486 hektarlıq sahənin Dəmir dövründə qala divarları ilə əhatə olunduğu müəyyən olunub. Bu, Cənubi Qafqazda həmin dövrə aid yeganə yaşayış yeridir. Yaşayış yerinin əsas mərkəzi Arpaçay vadisində və onun yaxınlığındakı kiçik yaşayış məntəqələri olub. 

“Qız qalası yaşayış yerində Orta Tunc dövrünə aid iki qala divarı aşkara çıxarılıb. Bu qala divarlarının biri irihəcmli daşlardan inşa olunub və ilk baxışda Dəmir dövrünün siklop tikintilərini xatırladır. Lakin karbon analizlər onun Orta Tunc dövrünün erkən mərhələsinə, eradan əvvəl 2135-ci ilə aid olduğunu göstərib”, – deyə alim qeyd edib.

Arxeoloq bildirib ki, 2016-cı ildə aparılan araşdırmalar qala divarına birləşik binaların da mövcud olduğunu təsdiq edib. Lakin qala divarının hələlik yalnız bir qismi aşkar olunub. Onun sözlərinə görə, indiyədək Yaxın Şərq və Cənubi Qafqazda eradan əvvəl III minilliyə aid qala divarları aşkar edilmədiyindən bu fenomenal hadisə regionun tarixində inqilab kimi dəyərləndirilə bilər.

Vəli Baxşəliyev deyib ki, ikinci qala divarı Orta Tunc dövrü təbəqəsinin üst qatında aşkar olunub. 2014-2016-cı illərdə aparılan qazıntılar zamanı müdafiə divarının böyük bir qismi tapılıb. Müdafiə divarının alt qismindən götürülən kömür analizi bu divarın eradan əvvəl II minilliyin ortalarında, eradan əvvəl 1450-ci ildə inşa olunduğunu təsdiq edib.

“Qız qalası yaşayış yerində Orta və Son Tunc dövrü təbəqəsinin üzərində qalın orta əsr təbəqəsinin mövcudluğu qazıntıları genişləndirməyə imkan vermir”, – deyə bildirən alim bu səbəbdən Orta Tunc dövrünün erkən mərhələsinə aid strukturların aşkar edilmədiyini qeyd edib.  

V.Baxşəliyev əlavə edib ki, yaşayış yerinin alt təbəqələrində aparılan qazıntılar zamanı qəbir abidələrinə rast gəlinib. Bu, yaşayış yerləri ilə qəbiristanlıqların iç-içə olduğunu təsdiq edir. Bilavasitə yaşayış yerinin yaxınlığında aşkar olunan bu qəbirlərin birindən Orta Tunc dövrünün erkən mərhələsi üçün xarakterik olan boyalı qablar aşkar olunub.

Onun sözlərinə görə, Qız qalası nekroplundakı kurqanlardan birindən götürülən kömür analizi onun eradan əvvəl 2280-ci ilə aid olduğunu göstərib. Bu, Cənubi Qafqazda boyalı qablar mədəniyyətinə aid ən qədim tarixdir. Qeyd olunan fakt Azərbaycanda mədəni inkişafın bəzi tədqiqatçıların dediyi kimi, nəinki Yaxın Şərqdən geri qaldığını, əksinə mədəni inkişaf səviyyəsinin bəzən Yaxın Şərq ölkələrini qabaqladığını göstərir.

Qız qalası yaşayış yeri və onun ətrafındakı kurqanlarda aparılan araşdırmaların onların vahid bir kompleks təşkil etdiyini göstərdiyini vurğulayan Vəli Baxşəliyev bildirib ki, həmin yaşayış yerində aparılan tədqiqatlar zamanı Orta Tunc dövrünə aid 2,5-3 metr qalınlığında mədəni təbəqənin varlığı müəyyən olunub. Bu, Naxçıvanda I Kültəpə, II Kültəpə və Qızılburundan sonra dördüncü mühüm abidədir. 

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib: “2016-cı ilin birinci yarısında bu abidələrin tədqiqi zamanı yeni faktlar aşkarlanıb. İnsan skeletlərinin dişlərindən götürülən izotopların analizi zamanı müəyyən edilib ki, Arpaçay vadisində məskunlaşan Orta Tunc dövrü tayfaların məskəni Naxçıvandır".

Arxeoloq vurğulayıb ki, son illər Naxçıvanda bəşər tarixinin öyrənilməsi üçün böyük əhəmiyyətə malik xeyli yeni abidələr aşkarlanıb. Bu isə muxtar respublikanın tarix və mədəniyyət abidələrinin tədqiqinə dövlət qayğısının ildən-ilə artması ilə əlaqədardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: