Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Bəşəriyyətin gələcəyi yalnız elm və texnologiyanın inkişafından asılıdır
10.04.2020 14:17
  • A-
  • A
  • A+

Bəşəriyyətin gələcəyi yalnız elm və texnologiyanın inkişafından asılıdır

Böyük Britaniyanın ən nüfuzlu ali məktəblərindən hesab olunan Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasında tədqiqat  qrupunun rəhbəri, həmyerlimiz,  professor  Qərib Mürşüdov koronavirus pandemiyası ilə bağlı aparılan tədqiqatlar və yaşadığı ölkədə bu virus ilə mübarizə tədbirlərindən danışıb.

Alim hazırkı fəaliyyətindən söz açaraq, öz elmi qrupu ilə hər həftə internet vasitəsi ilə görüşdüyünü, hər bir qrup üzvü ilə ayrı-ayrılıqda “zoom” və ya “skype” proqramlarından istifadə edərək müzakirələr apardığını deyib. Epidemiyaların kifayət qədər dəqiq riyazi modelləri olduğunu qeyd edən professor əsas problemin bir xəstənin neçə adamı xəstələndirməsi faktoru olduğunu deyib. Əgər bu ədəd birdən çoxdursa, onda epidemiya sayıla bilər.

“Koronavirus elmin vacibliyini göstərdi”, – deyən Qərib Mürşüdov pandemiya zamanı hər hansı analizləri aparmağın çətin olduğunu söyləyib. Lakin İspan qripi ilə müqaiysə etsək, görərik ki, indiki yoluxma ilə mübarizədə insanlar, elm və təbabət daha hazırlıqlıdır.

Professor bildirib ki, bəşəriyyətin gələcəyi yalnız elm və texnologiyanın inkişafından asılıdır. Hər bir ölkə, ümumiyyətlə bütün dünya elmin inkişafına indikindən dəfələrlə çox maliyyə ayırmalıdır ki, gələcəkdə belə fəlakətlərə daha da hazır olaq. Belə epidemiya və ya pandemiyaların yenidən olması ehtimalı yüksəkdir.

O, hazırda Böyük Britaniyanın bütün təhsil müəssisələrində distant təhsil üsulundan istifadə edildiyini diqqətə çatdırıb. Alimin sözlərinə görə, hazırda elmi qurumlarda yalnız koronavirus pandemiyası ilə əlaqədər eksperimentlər aparılır: “Məsələn, bizim institutda eksperiment ilə məşğul olanların bir hissəsi həm sürətli testlərin hazırlanması, həm də bu virusun quruluşunu öyrənib ona qarşı mübarizə aparmaq üsullarının tapılması ilə məşğuldurlar”.

Azərbaycanlı alim həmvətənlərinə müraciət edərək onları bu karantin dövründə səbrli və intizamlı olmağa, yalan məlumatlara uymamağa və yalnız rəsmi məlumatlara inanmağa çağırıb. Qeyd edib ki, belə fövqalədə hallarda yalan məlumatların yayılması əlavə fəlakətlərə gətirib çıxara bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: