Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Radiasiya Problemləri İnstitutunun magistrantları distant təhsilə cəlb olunublar
08.04.2020 13:46
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun magistrantları distant təhsilə cəlb olunublar

AMEA-nın magistratura təhsili həyata keçirilən bütün elmi qurumlarında olduğu kimi, Radiasiya Problemləri İnstitutunda da I və II kurs magistrantlara martın 29-dan başlayaraq dərslər distant formada tədris edilir.

Elmi müəssisədə “Radiasiya materialşünaslığı”, “Təbii və fizioloji fəal maddələr kimyası” ixtisasları üzrə 6 tələbə təhsil alır. I kursda təhsil alan magistrantlar üçün dərslər “Radiasiya materialşünaslığı” ixtisası üzrə tədris planında nəzərdə tutulan yarımkeçiricilərin radiasiya fizikası, bərk cisimlərin fiziki xassələrinin ölçülmə metodları, spektrometrik və dozimetrik cihazlar, onları xarakterizə edən kəmiyyətlər və radiasiya təhlükəsizliyi, radiasiya qeydedici cihazların əsasları ixtisas fənləri üzrə aparılır.  

Hər iki ixtisas üzrə II kurs magistrantlar isə elmi-pedaqoji rəhbərlərin iştirakı ilə distant olaraq təcrübə keçirlər. Bu məqsədlə fizika-riyaziyyat elmləri doktorları, professorlar Rauf Sərdarlı, Rəhim Mədətov, biologiya elmləri doktoru, professor Elmixan Cəfərov, fizika üzrə fəlsəfə doktorları, dosentlər Fərid Əhmədov və Əminə Mikayılova “Radiasiya materialşünaslığı” ixtisası üzrə distant tədris prosesinə, həmçinin hər iki ixtisas üzrə elmi-pedaqoji təcrübənin keçirilməsinə cəlb ediliblər.

II kursda təhsil alan magistrantlar elmi rəhbərləri ilə əlaqə saxlayaraq dissertasiya mövzuları üzərində işlərini davam etdirirlər.

Mütəmadi olaraq, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə institutda distant təhsilin gedişatı ilə bağlı məlumat verilir. Distant tədris prosesi institut rəhbərliyinin və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: