Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Adil Qəribovun 70 yaşı tamam olur
28.03.2020 11:38
  • A-
  • A
  • A+

Akademik Adil Qəribovun 70 yaşı tamam olur

Bu gün görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, “Şöhrət” ordeni laureatı, “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik Adil Qəribovun 70 yaşı tamam olur.

Adil Abdulxalıq oğlu Qəribov 1950-ci il martın 28-də Şəki şəhərində anadan olub. O, 1966-cı ildə orta məktəbi gümüş medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olub, 1972-ci ildə həmin fakültəni “Fiziki kimya” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub.

Alim 1972-1976-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya tədqiqatları sektorunda aspirantura təhsili alıb, 1979-cu ildə “Seolit və tərkibində seolit olan katalızatorlara qamma şüalarının təsirinin tədqiqi” mövzusunda namizədlik, 1995-ci ildə “Oksid və metal-oksid sistemlərinin səthində maddələrin radiasiya katalitik parçalanma proseslərində enerji ötürülməsinin qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. O, 1998-ci ildə professor elmi adını alıb, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Akademik A.Qəribovun elmi araşdırmaları çoxşaxəlidir. O, keçmiş SSRİ-nin nüvə elmləri və texnologiyaları sahəsində aparıcı elmi qurumu olan İ.Kurçatov adına Atom Enerjisi İnstitutunda elmi məktəb keçib. Alimin rəhbərliyi ilə nüvə enerjisi əsasında neft fraksiyalarının katalitik krekinqi prosesində benzinin keyfiyyətini artırmağın radiasion üsulu işlənilib. Həmçinin A.Qəribov tərəfindən metanın su buxarı ilə radiasionkatalitik konversiya üsulunun optimal rejimi təyin edilib, müxtəlif tərkibli, disperslik, struktur nizamlılığı və qadağan olunmuş zona eninə malik oksid birləşmələrdə ionlaşdırıcı şüa enerjisinin udulması, çevrilməsi və saxlanılması proseslərinin qanunauyğunluqları təcrübi və nəzəri olaraq aşkarlanıb. Aparılmış tədqiqatlar nəticəsində ionlaşdırıcı şüaların enerjisinin oksid dielektriklərdə toplanıb saxlanma üsulu işlənilib.

O, radiasion-heterogen proseslərdə təcrübi olaraq ölçü effektini aşkar edib və hidrogen vasitəsilə effektiv enerji çevrilmə proseslərinin elmi əsaslarını işləyib. Bundan başqa, akademik tərəfindən ilk dəfə olaraq atom-hidrogen energetikası proqramı üzrə təklif olunan radiasion-heterogen enerji çevrilmə proseslərinin nəzəri modeli verilib və proseslərin kinetik parametrləri təyin edilib.

Çernobıl qəzasından sonra A.Qəribov İ.Kurçatov adına Atom Enerjisi İnstitutunun sifarişi ilə su ilə soyudulan nüvə reaktorlarının təhlükəsizliyi üzrə tədqiqatlar aparıb və bu istiqamətdə kollaborasiyaya rəhbərlik edib. Aparılmış tədqiqatlar əsasında su ilə soyudulan nüvə reaktorlarının aktiv zona materiallarının müdafiə və katastrofik oksidləşmə proseslərinin başvermə mexanizmləri aşkar olunub. Alınmış nəticələr Çernobıl və Fukusima qəzalarının səbəblərinin aşkar olunmasında, su ilə soyudulan nüvə reaktorlarının normal və qəza rejimlərinin ssenarilərinin işlənməsində istifadə olunub.

Alim tərəfindən neytron, proton və digər ionlaşdırıcı şüaların təsiri altında nano-materiallarda baş verən nüvə çevrilməsi, radioaktiv parçalanma, mühitə enerji verilməsi və deffektəmələgəlmə qanunauyğunluqları aşkar olunub. Onun rəhbərliyi altında Azərbaycan ərazisində torpaq və su hövzələrində, müxtəlif istehsalat sahələrində təbii radioaktiv izotopların paylanma xüsusiyyətləri və radiasiya təhlükəsizliyi üzrə təkliflər hazırlanıb.

A.Qəribovun aldığı elmi nəticələr üç dəfə SSRİ Elmlər Akademiyasının illik hesabatında mühüm nəticə kimi qeyd edilib. Aparılmış çoxşaxəli tədqiqatların nəticəsi olaraq akademik tərəfindən Azərbaycanda radiasion-heterogen sistemlər və proseslər üzrə elmi məktəb formalaşıb.

O, ölkə Prezidentinin 22 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri təyin olunub. 

Akademik A.Qəribov 400-dən çox elmi əsərin, o cümlədən 2 kitabın, 12 patent və müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun nüfuzlu beynəlxalq elmi jurnallarda çap olunmuş əsərlərinə 1500-dən artıq istinad edilib. Alimin rəhbərliyi altında NATO, Ukrayna Elm Texnika Fondu, Avropa İttifaqı və ABŞ-ın Energetika Nazirliyi ilə bir sıra layihələr icra olunub.

Alim Müstəqil Dövlətlər Birliyinin Atom Enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə Komissiyasında Azərbaycan Respublikasının təmsilçisi, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə Əlaqələr üzrə Azərbaycan Dövlət Komissiyasının üzvüdür.

A.Qəribovun elmi və elmi-təşkilati fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, 2005-ci il ildə ölkə başçısının sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına, 2020-ci ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

Görkəmli alim Adil Qəribovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: