Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli alim, bacarıqlı elm təşkilatçısı və humanist insan
19.03.2020 08:52
  • A-
  • A
  • A+

Görkəmli alim, bacarıqlı elm təşkilatçısı və humanist insan

Görkəmli alim və elm təşkilatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, funksional analiz və diferensial tənliklər sahəsində görkəmli alim - Fəraməz Qəzənfər oğlu Maqsudovun anadan olmasından 90 il ötür. O, 1930-cu il martın 20-də doğma vətənimizə çoxlu sayda tarixi şəxsiyyətlər bəxş etmiş Naxçıvan şəhərində anadan olmuş, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1954-cü ildə həmin fakültəni riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbə ikən elmi-tədqiqat işlərinə böyük maraq göstərən Maqsudov bütün mənalı həyatını elmə həsr etmiş, aspirantdan institut direktoru və Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti vəzifəsinə qədər şərəfli həyat yolu keçmişdir.

Fəraməz Maqsudov elmi fəaliyyətə Azərbaycan riyaziyyat məktəbinin banilərindən biri olan akademik Zahid Xəlilovun tələbəsi kimi başlamışdır. 1959-cu ildə o, “Öz-özünə qoşma olmayan diferensial operatorların spektrinin diskretliyi, məxsusi və qoşulmuş funksiyaların tamlığı” mövzusunda yazdığı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1964-cü ildə o, Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Fəraməz müəllim 10 il - 1974-cü ilə qədər akademik Zahid Xəlilovun elmi işlər üzrə müavini vəzifəsində çalışarkən böyük elmi və idarəçilik məktəbi keçmişdir. Operatorların spektral nəzəriyyəsi haqqındakı sonrakı tədqiqatları onun 1974-cü ildə müvəffəqiyyətlə müdafiə etdiyi “Kəsilməz spektrə malik polinomial operatorlar dəstəsinin spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda yazdığı doktorluq dissertasiyasında öz əksini tapmışdır.

1974-cü ildən Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edən Fəraməz Maqsudov 1976-cı ildə Respublika Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə Akademiyanın həqiqi üzvü seçilmişdir. 50 illik elmi fəaliyyəti dövründə riyaziyyatın və mexanikanın bir sıra sahələrində əldə etdiyi fundamental elmi nəticələr onu təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də yaxşı tanıtmışdı.

1981-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə, 1997-ci ildən isə Azərbaycan Elmlər Akademiyasına rəhbərlik edən akademik Fəraməz Maqsudov özünü yorulmaz elm təşkilatçısı kimi göstərmiş və Akademiyanın institutları ilə ölkənin və dünyanın bir çox elm mərkəzləri arasında çoxşaxəli elmi əlaqələrin yaranmasında, elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsində və müasirləşdirilməsində, onların fundamental elmi tədqiqatlarla yanaşı, xalq təsərrüfatı əhəmiyyətli problemləri həll etməsində də böyük rol oynamışdır.

Fəraməz Maqsudov 1974-cü ildən ömrünün sonuna qədər AMEA-nın Riyaziyyat və Mexanika İnstitutuna bacarıqla rəhbərlik etmiş və bu illər ərzində institutun qazandığı uğurlara öz sanballı töhfəsini vermişdir. Həmin illərdə institutda Azərbaycan üçün artıq çoxdan ənənəvi hesab olıunan funksional analiz, diferensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsində bir sıra yüksək səviyyəli elmi nəticələr alınmışdır.

Bütöv mühit mexanikası sahəsində institutun əldə etdiyi nailiyyətlər isə hətta ən optimist mexaniklər və riyaziyyatçılar üçün də gözlənilməz olmuş, nisbətən qısa müddət ərzində institutda mexaniklərdən ibarət güclü kollektiv yaranmış və bu kollektiv mexanikanın aktual nəzəri və tətbiqi sahələrinin problemlərini həll etmişdir. Təsadüfi deyil ki, həmin mexaniklərin bir qrupu 1983-cü ildə Fəraməz Maqsudovun rəhbərliyi ilə nəhəng energetika sistemlərinin dözümlülüyünün tədqiqi üçün işləyib hazırladıqları metoda görə həmin dövrün ən yüksək mükafatlarından biri olan SSRİ Nazirlər Sovetinin mükafatını almışdır.

Ömrü boyu gənclərə böyük diqqət göstərmiş, elmə gənc istedadlı tədqiqatçıların gəlməsi daim onun diqqət mərkəzində olmuşdur. Bu böyük alimin elmi rəhbərliyi altında 100-dən artıq namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuş, o, 300-dən çox elmi əsərin, 11 monoqrafiya və dərsliklərin müəllifi olmuşdur.

Fəraməz Maqsudovun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də polinomial operatorların spektral nəzəriyyəsinin yaradılmasından ibarət olmuşdur. Məlumdur ki, diferensial tənliklər, riyazi fizika, elastiklik nəzəriyyəsi və hidrodinamikanın bir çox məsələlərinin həlli polinomial operatorlar dəstələrinin spektral analizi ilə bağlı problemlərə gətirilir. Bu sahədə dünya riyaziyyatçılarının intensiv tədqiqatları öz başlanğıcını akademik Mstislav Keldışın keçən əsrin 50-ci illərində aldığı məşhur nəticələrdən götürmüşdür. Nisbətən az vaxt ərzində diskret spektrli dəstələr nəzəriyyəsində ciddi elmi nəticələr alınmasına baxmayaraq, daha mürəkkəb struktura malik spektrli operatorlar dəstəsi üçün tamamlanmış nəzəriyyə yox idi. Bu istiqamətdə çox mühüm elmi nəticələr almaqla, Fəraməz Maqsudov, spektrində kəsilməz komponenti olan operatorlar dəstəsinin geniş sinfi üçün spektral nəzəriyyəni işləyib hazırlamış, spektral məxsusiyyətlərin ətrafında rezolventanın baş hissəsinin aşkar şəklini tapmış, ümumləşmiş məxsusi və qoşma elementlərə görə çoxqat ayrılış teoremini isbat etmişdir. Kəsilməz spektrli operatorlar dəstəsi nəzəriyyəsində ona məxsus ideyalar, metodlar və nəticələr sonralar onun çox saylı tələbələri və ardıcılları tərəfindən inkişaf etdirilmiş və daha da zənginləşdirilmişdir.

Fəraməz Maqsudovun bir qrup işləri öz-özünə qoşma olmayan sinqulyar diferensial operatorların spektrlərinin tədqiqinə həsr olunmuşdur. Kompleks qiymətli potensiala malik çoxölçülü Şredinger operatorunun məxsusi və qoşma funksiyaları sisteminin tamlığı və spektrinin diskretliyi barədə o, bir sıra mühüm nəticələr almışdır. İstənilən cüt tərtibli, sinqulyar, öz-özünə qoşma olmayan adi diferensial operatorların spektrinin strukturu haqqındakı nəticələr də onun maraqlı elmi işlərindəndir.

Fəraməz Maqsudov yarımoxda verilmiş kompleks qiymətli, eksponensial azalan potensiala malik və koordinat başlanğıcında müəyyən sərhəd şərti ilə təyin olunan Şturm-Liuvill operatorunun kifayət qədər tam spektral analizini vermiş və bu nəticələrin yüksək tərtibli diferensial operatorlar üçün də analoqlarını almışdır.

Bunlardan əlavə o, bütün oxda verilmiş öz-özünə qoşma olmayan Dirak operatorları üçün ümumiləşmiş spektral matrisin varlığını isbat etmiş və məxsusi funksiyalar üzrə ayrılış düsturu almışdır. Bu qəbildən olan nəticələr içərisində periodik əmsallı, öz-özünə qoşma diferensial operatorların spektrinin strukturu haqqındakı teoremlər xüsusi əhəmiyyət kəsb edir.

Fəraməz Maqsudovun yaradıcılığında spektral analizin tərs məsələləri də xüsusi yer tutur. Spektral analizin tərs məsələləri adlanan və mahiyyət etibarilə, spektrin bu və ya digər xarakteristikasına əsasən operatorun özünün bərpa edilməsi ilə bağlı olan nəzəriyyə, təbiətşünaslığın bir çox mühüm ehtiyaclarının doğurduğu məsələlərdəndir. Məsələn, mexanikadakı rəqslərin tezliyinə əsasən qeyri-bircins simin sıxlığının paylanmasının təyini, kvant mexanikasında enerjinin məlum səviyyələrinə və ya səpilmənin xassələrinə əsasən hissəciklər arasında təsir edən qüvvələrin hesablanması, geofizikada faydalı qazıntıların axtarılması məsələləri və s. bu qəbildən olan problemlərdəndir. Haqqında danışılan problematikaya həsr olunmuş işlərinin birində Fəraməz Maqsudov Şturm-Liuvill operatoru üçün tərs məsələ ilə bağlı olan kvadratı ilə inteqrallanan funksiyalar fəzasında tam ortoqonal sistemin qurulması məsələsini həll etmişdir.

Akademik Fəraməz Maqsudov bütün oxda əmsalları həqiqi olan və eksponensial azalan Dirak sistemi üçün spektral matrisə görə tərs səpilmə məsələsini də həll etmişdir.

Həqiqi qiymətli və sonsuzluqda sıfıra yaxınlaşan əmsallara malik bir ölçülü Şredinger operatorlarından düzəlmiş kvadratik dəstə üçün səpilmənin tərs məsələsinin həlli də Fəraməz müəllimin bu sahədə maraq doğuran işlərindəndir.

Akademik Fəraməz Maqsudov öz-özünə qoşma və qoşma olmayan operator funksiyaların spektral nəzəriyyəsi sahəsində də bir sıra mühüm nəticələr almışdır. Bu işlərdə həyəcanlanmış operatorun spektri və rezolventası tədqiq edilmiş, rezolventanın spektral məxsusiyyətlər ətrafında ayrılışı, operatorun təyin oblastından olan istənilən funksiyanın isə, məxsusi və qoşulmuş funksiyalara uyğun kanonik sistem üzrə ayrılışı alınmışdır.

O, sinqulyar diferensial Dirak ifadəsinin doğurduğu dissipativ operatorun xarakteristik funksiyasının analitik xassələrini tədqiq etmiş və bu nəticələrin əsasında məxsusi və qoşulmuş vektor-funksiyaların tamlığını isbat etmişdir.

Akademik Fəraməz Maqsudov yüksək tərtibli öz-özünə qoşma qeyri-məhdud operator əmsallı diferensial operatorun mənfi məxsusi ədədləri üçün asimptotik düstur, əmsallar məhdud olan halda isə bu diferensial operatorun requlyarlaşdırılmış izi üçün aşkar ifadə almışdır. Bu düstur məşhur Levitan-Dikiy düsturunun ümumiləşməsidir.

O, təkrar köklərə malik operator-funksiyaların məxsusi ədədlərini variasiya prinsipinin köməyi ilə tədqiq etmiş, baxılan məsələ üçün Kurant-Fişer-Veyl və Puankare-Riss teoremlərinin analoqlarını almışdır.

Akademik Fəraməz Maqsudov bir və yüksək tərtibli diferensial operatorların genişlənməsi nəzəriyyəsi sahəsində - sonlu və sonsuz intervallarda sərhəd şərtləri terminlərində minimal operatorun bütün normal genişlənmələrinin konstruktiv təsvirini vermiş, onların başqa tip genişlənmələrlə əlaqəsini və spektral xassələrini tədqiq etmişdir.

O, Banax cəbrlərinin epimorfizmlərinin törətdiyi operatorların obrazlarının bölünənliyi şərtlərini tapmış və cəbri operatorlar vasitəsilə doğrulduğunu isbat etmişdir.

Diferensial tənliklər nəzəriyyəsi sahəsində olan işləri Fəraməz Maqsudovun yaradıcılığında xüsusi yer tutur. Bu işlər içərisində onun dəyişən potensiallı Şredinger tənliyinin həllinin asimptotikasına həsr olunmuş işlərini qeyd etmək yerinə düşərdi. Hilbert fəzasında operator-diferensial tənliklərin həlli üçün verdiyi incə metodun köməyi ilə, xüsusi halda, azalan əmsallı Şredinger operatorunun məxsusi ədədlərinin yoxluğu üçün akademik Fəraməz Maqsudov yeni kriteriya vermişdir, bu da tanınmış alim T.Katonun kriteriyasından fərqli olaraq, daha geniş sinif məsələlərin tədqiqində tətbiq olunur. Onun təklif etdiyi metodun köməyi ilə ikinci tərtib operator-diferensial tənliklər üçün qoyulmuş Koşi məsələsinin həllinin energetik qiymətləndirmələri alınmış və bunlar geniş sinif evolyusiya tənlikləri və xüsusi törəməli tənliklər sistemi üçün qoyulmuş başlanğıc-sərhəd məsələsinin həllini asimptotik tədqiq etməyə imkan vermişdir.

Fəraməz Maqsudovun bir sıra elmi işləri xüsusi törəməli tənliklər sistemi üçün qoyulmuş başlanğıc-sərhəd məsələlərinin korrektliyi və qlobal həll edilə bilməsi probleminə həsr olunmuşdur. Bu işlərə həm onun qeyri-məhdud oblastlarda verilmiş evolyusiya tənlikləri üçün başlanğıc-sərhəd məsələlərinə həsr olunmuş ilk işlərini, həm də qeyri-xətti diferensial tənliklər üçün qoyulmuş sərhəd və başlanğıc-sərhəd məsələlərinə dair son illərdəki işlərini aid etmək olar.

Onun bir sıra işləri öz-özünə qoşma olmayan operator funksiyaların rezolventalarının kəsilməz spektrdə analitik davam etdirilməsi məsələsinə həsr olunmuşdur. O, məxsusi qiymətlərin, spektral məxsusiyyətlərin və kvazistasionar vəziyyətlərə uyğun nöqtələrin ətrafında rezolventanın baş hissəsi üçün aşkar formul almışdır. Bundan əlavə kəsilməz spektrli öz-özünə qoşma olmayan operator funksiyaların ümumiləşmiş məxsusi və qoşma vektorları üzrə çoxqat ayrılış teoremini isbat etmişdir.

1999-cu ildə akademik Fəraməz Maqsudovun ingilis dilində müasir qeyri-xətti analiz və qeyri-xətti diferensial tənliklər nəzəriyyəsinə həsr edilmiş “Abstracts of Mathematics. Selected topics” (Riyaziyyatda abstraksiya və seçilmiş məsələlər) və akademik Akif Hacıyevlə birlikdə yazdığı “Sferik ayrılışın rəqs edən multiplikatorları” monoqrafiyaları nəşr edilmişdir.

Birinci monoqrafiyada qeyri-xətti analizin və qeyri-xətti diferensial tənliklər nəzəriyyəsinin əsas məsələləri verilmiş və onların əsasında keyfiyyət məsələlərinin inkişafı istiqamətləri şərh edilmiş, sinqulyarlığa malik qeyri-xətti tənliklərin lokal həll oluna bilməsi və qeyri-xətti tənliklərin qeyri-requlyar oblastlarda keyfiyyət nəzəriyyəsinin öyrənilməsi metodları və həll olunmamış bir sıra məsələ və problemlər öz əksini tapmışdır.

İkinci monoqrafiya isə, sinqulyar inteqral tənliklər və psevdodiferensial operatorlar nəzəriyyəsi üçün böyük əhəmiyyət kəsb edən multiplikatorlar nəzəriyyəsinə həsr olunmuş, əsərdə rəqs edən multiplikatoların sferada Xardi fəzası terminində bir sıra mühüm məsələlərinin tam həlli verilmişdir.

Fəraməz Maqsudovun bütöv mühit mexanikasının riyazi problemlərinə həsr olunmuş əsərlərində özlü-elastikiyyət nəzəriyyəsinin dinamik məsələlərini həll etmək üçün effektiv metodlar işlənib hazırlanmışdır. Onu da qeyd etmək lazımdır ki, xətti özlüelastikiyyət nəzəriyyəsinin qeyri-stasionar dinamik məsələlərinə həsr olunmuş işlərdə ciddi riyazi çətinliklər yarandığından, ya sadə “varislik nüvələrinə” malik birölçülü məsələlərə, ya da bir “varislik funksiyası” olan iki, yaxud üçölçülü məsələlərə baxılırdı. Bu, əsas etibarilə həllin Laplas-orijinalının hesablanması zamanı ortaya çıxan kontur inteqralı metodunun çətinlikləri ilə bağlı idi. Fəraməz Maqsudov bir sıra işlərində elastiklik və xətti özlü-elastiklik xassələrinə malik olan cisimlər və qeyri-stasionar dinamik məsələlərin həllərinin orijinalları üçün ilk dəfə olaraq “uyğunluq prinsipi” ideyasını irəli sürmüşdür.

Onun və tələbələrinin bu sahədə təklif etdikləri orijinal həll üsulları Laplas çevirməsi və kontur inteqralı nəzəriyyələrinə əhəmiyyətli yeniliklər gətirmişdir.

Fəraməz Maqsudovun mühüm elmi nəticələrinin bir hissəsi də elastikiyyət, maqnit-elastiklik, maqnitli termo özlü-elastiklik nəzəriyyələrinin qeyri-xətti tənliklərinin və tənliklər sisteminin qarışıq məsələlərinin qlobal həll olunması problemlərinə aiddir. Neftin yeraltı laylardan sıxışdırılıb çıxarılması prosesini riyazi şəkildə modelləşdirən qeyri-xətti inteqro-diferensial tənliklər sisteminin həlli üçün onun təklif etdiyi iterasiyalar metodu mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır.

Ömrünün son illərində Fəraməz Maqsudov əməkdaşları ilə birlikdə deformasiya olunan bərk cisimlərin mexanikası sahəsində böyük nəzəri və praktiki əhəmiyyəti olan qiymətli tədqiqatlar aparmışdır. Bu işlər siyahısında qeyri-bircins və çoxlaylı tirlərin rəqsləri və dayanıqlığı məsələsinə həsr olunmuş tədqiqatları xüsusi qeyd etmək lazımdır. Mexanikanın dağılma nəzəriyyəsi sahəsində də Fəraməz Maqsudov həmkarları ilə birlikdə maraqlı nəticələr əldə etmişdir. Onların bielastik mühitlərin dağılması probleminin həlli üçün təklif etdikləri ümumi yanaşma tərzi özünün bilavasitə nəzəri və praktiki əhəmiyyətindən əlavə, həm də gələcək tədqiqatlar üçün istiqamətverici rol oynamışdır. Fəraməz Maqsudovun işlərinin bir qismi də külçələrin soyudulma rejiminin optimal idarə edilməsinə və anizotrop, qeyri-xətti elastik örtüklərin hesabatı üçün yeni metodun işlənib hazırlanmasına həsr olunmuşdur. Onun və əməkdaşlarının bu sahədəki işləri mexanika elminin inkişafı üçün səmərəli rol oynamışdır.

Akademik Fəraməz Maqsudov elmi nəticələrini bir çox mötəbər elmi məclislərdə, beynəlxalq konfrans və simpoziumlarda müvəffəqiyyətlə məruzə etmişdir (Rusiya, Türkiyə, Gürcüstan, İran, İsrail, Fransa, Polşa, Yaponiya, Yunanıstan, Macarıstan, İngiltərə, ABŞ və s.).

O, 1986-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə yüksək ixtisaslı kadrlar hazırladığına və elmdə böyük nailiyyətlərinə görə “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur. Bir sıra tətbiqi əhəmiyyəti olan məsələlərin həllinə görə Fəraməz Maqsudova 1994-cü ildə “Zeynalabdin Tağıyev” adına mükafat verilmişdir. 2000-ci ildə “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

O, 1995-ci ildə Milli Məclisin üzvü, 1997-ci ildə Azərbaycan-Amerika Mədəniyyət, Elm və İqtisadiyyat Mərkəzinin həmsədri, 1997-ci ildə İslam Akademiyasının həqiqi üzvü seçilmişdir.

Fəraməz Maqsudov həmçinin elmin yorulmaz təbliğatçısı idi. Onun bilavasitə rəhbərliyi və fəal iştirakı ilə məktəblərdə riyaziyyat üzrə olimpiadalar keçirilirdi, Azərbaycan dilində elmi-kütləvi ədəbiyyat buraxılırdı, məktəblilər və tələbələrlə görüşlər və televiziya verilişləri təşkil olunurdu.

Azərbaycanın müstəqilliyinin ilk illərində, ölkəmizdə siyasi və iqtisadi sabitliyin pozulduğu, elmin və alimlərin sosial vəziyyətlərinin çətin olduğu dövrdə akademik Fəraməz Maqsudov Türkiyə Cümhuriyyətinin ali məktəblərinin rektorları ilə yaxından əlaqə saxlayır, nüfuzlu Azərbaycan alimlərinin qardaş ölkənin ali məktəblərində onlar üçün əlverişli olan vəzifələrdə çalışmalarına da diqqət yetirirdi. Həmin alimlərin bir hissəsi ölkəmizdə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından və iqtisadi tərəqqi dövründən başlayaraq vətənə qayıtsalar da, bəziləri bu gün də qardaş ölkənin universitetlərində fəaliyyətlərini uğurla davam etdirir, Azərbaycan elmini ləyaqətlə təmsil edirlər.

Bütün bunlarla yanaşı Fəraməz müəllim Azərbaycanda tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının əsasını qoyan şəxslərdən biri, “Əlincə” cəmiyyətinin rəhbəri olaraq daim ümummilli lider Heydər Əliyevin siyasətini dəstəkləyirdi.

1994-1997-ci illərdə o, Nazirlər Kabineti yanında Ali Ekspert Komissiyasının sədri olmuş, 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçkilərində seçki kampaniyasına uğurla rəhbərlik etmişdi.

Azərbaycan ictimaiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, uzun illər rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları akademik Fəraməz Maqsudovun əziz xatirəsini daim hörmətlə yad edir, ona Allahdan rəhmət diləyirlər.

Misir Mərdanov, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

"Respublika" qəzeti, 19 mart 2020-ci il

  • Paylaş: