www.science.az
19.03.2020 09:40

Akademik Fəraməz Maqsudovun anadan olmasından 90 il ötür

Martın 20-də funksional analiz və diferensial tənliklər sahəsində görkəmli riyaziyyatçı alim, “Xalqlar dostluğu” və “İstiqlal” ordenləri laureatı, Əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun anadan olmasından 90 il ötür.

Fəraməz Qəzənfər oğlu Maqsudov 1930-cu ildə Naxçıvan şəhərində anadan olub. Burada orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsinə daxil olub, 1954-cü ildə isə AMEA-nın Fizika-Riyaziyyat İnstitutunun aspiranturasına qəbul edilib. O, akademik Zahid Xəlilovun elmi rəhbərliyi altında 1959-cu ildə namizədlik, 1974-cü ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. 1976-cı ildə professor elmi adını alıb, 1977-ci ildə AMEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilib.

Alimin elmi tədqiqatları riyaziyyat və mexanikanın bir sıra sahələrini əhatə edir. O, spektrində kəsilməz komponent olan operatorlar dəstəsinin geniş sinfi üçün spektral nəzəriyyənin banisidir. Həmçinin spektral analizin tərs məsələlərinin tədqiqi sahəsində çoxsaylı mühüm nəticələrin müəllifidir.

Akademik Fəraməz Maqsudovun tədqiqatları sırasında diferensial tənliklər nəzəriyyəsi sahəsinə aid işləri xüsusi yer tutur. Onun hilbert fəzasında operator-diferensial tənliklərin həlli üçün verdiyi üsulun köməyi ilə ikinci tərtib operator-diferensial tənliklər üçün Koşi məsələsinin həllinin energetik qiymətləndirilməsi alınıb və bunlar geniş sinif evolyusiya tənlikləri və xüsusi törəməli tənliklər sistemi üçün qoyulmuş başlanğıc-sərhəd məsələlərinin həllinin asimptotik tədqiqinə imkan verib. 

Onun işlərinin mühüm bir hissəsi mexanika problemləri ilə bağlıdır. Alim bütöv mühit mexanikasının riyazi problemlərinə həsr olunmuş işlərində özlü-elastiklik nəzəriyyənin dinamik məsələlərinin həlli üçün effektiv metodlar verib, elastiklik və 2 xətti özlü-elastiklik xassələrinə malik olan cisimlər və qeyri-stasionar dinamik məsələlərin həllərinin orijinalları üçün ilk dəfə olaraq “uyğunluq prinsipi” ideyasını irəli sürüb. Bu orijinal həll üsulu Laplas çevirməsi və kontur inteqralı nəzəriyyələrinə bir sıra əhəmiyyətli yeniliklər gətirib. F.Maqsudovun neftin yeraltı laylardan sıxışdırılıb çıxarılması prosesini riyazi modelləşdirən tənliklər sisteminin həlli üçün təklif etdiyi inteqrasiyalar üsulu geniş tətbiq olunur.

Alimin aldığı bir sıra mühüm elmi nəticələr SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin və SSRİ Elmlər Akademiyası Riyaziyyat Bölməsinin hesabatlarında dəfələrlə mühüm elmi nəticələr kimi qeyd edilib. Riyaziyyatın və mexanikanın bir sıra sahələrində əldə etdiyi fundamental nəticələr onu təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də tanıdıb. O, SSRİ Elmlər Akademiyasının Riyaziyyat bölməsinin Riyazi analiz, diferensial tənliklər, mexanika və idarəetmə prosesləri sektorunun deformasiya olunan bərk cisimlər mexanikası üzrə komissiyalarının üzvü olub.

1974-cü ildən ömrünün sonuna qədər Fəraməz Maqsudov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib, ölkəmizdə riyaziyyat sahəsində nəzəri tədqiqatların inkişafına və nəzəri biliklərin istehsalata tətbiqinə xüsusi diqqət yetirib.

O, 1980-ci ildən AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik- katibi, 1997-ci ildən 2000-ci ilə qədər AMEA-nın prezidenti kimi fəaliyyət göstərib. Alimin akademiyaya rəhbərliyi dövründə elmi tədqiqat institutlarında yeni tədqiqatların təşkilinə, institutların elmi tədqiqat planlarının qabaqcıl ölkələrin elmi müəssisələrinin təcrübəsinin nəzərə alınmaqla yenilənməsinə xüsusi diqqət verilib, dünyanın bir çox elm mərkəzləri ilə çoxşaxəli elmi əlaqələr yaradılıb. Onun təşəbbüsü ilə AMEA-nın və Dövlət Neft Şirkətinin Birləşmiş Elmi-texniki şurası yaradılıb. Həmin dövrdə Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti sahəsindəki tədqiqatlara da ciddi önəm verilməyə başlanılıb.

Akademikin rəhbərliyi ilə 100-dən artıq fəlsəfə və elmlər doktoru dissertasiyaları müdafiə olunub. O, 300-dən çox elmi məqalə və 11 monoqrafiyanın müəllifidir. F.Maqsudov Yeni Azərbaycan Partiyasının yaranmasında yaxından iştirak edib. Alim 1990-cı ildə Əlincə Xeyriyyə Cəmiyyətinin sədri, 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib.

Elmi və elmi-təşkilati fəaliyyət sahəsində xidmətlərinə görə, 1983 və 1990-cı illərdə SSRİ Nazirlər Sovetinin mükafatına, 1986-cı ildə “Xalqlar dostluğu” ordeninə, 1990-cı ildə Əməkdar elm xadimi fəxri adına, 1994-cü ildə H.Z.Tağıyev adına mükafata layiq görülüb. 2000-ci ildə səmərəli elmi, elmi-təşkilati və ictimai fəaliyyətinə görə, ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə “İstiqlal” ordeni ilə təltif edilib.

Görkəmli alim 30 iyul 2000-ci ildə Bakı şəhərində vəfat edib.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin qərarına əsasən, akademik F.Maqsudovun 90 illik yubileyi ilə əlaqədar Riyaziyyat və Mexanika İnstitutunda elmi sessiyanın keçirilməsi, həmçinin alimin adının əbədiləşdirilməsi məqsədilə müvafiq dövlət qurumları qarşısında vəsatətin qaldırılması nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.