Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimin araşdırmaları Böyük Britaniyanın “Sokrat almanaxı”nda
15.10.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin araşdırmaları Böyük Britaniyanın “Sokrat almanaxı”nda

Dünyanın müxtəlif ölkələrinin aparıcı alimlərinin tədqiqatlarını əhatə edən və ildə bir dəfə Böyük Britaniyada nəşr olunan “Sokrat almanaxı”nın növbəti buraxılışında AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi haqqında araşdırmalarının nəticələri dərc edilib.

Hər buraxılışı bir elm sahəsinin aktual problemlərindən bəhs edən “Sokrat almanaxı”nın son buraxılışı “Elm və təhsil. İnkişafın innovativ modelləri” mövzusuna həsr olunub.

Ənənəsinə uyğun olaraq “Sokrat almanaxı” hər bir müəllif haqqında, onun elmi nailiyyətləri barədə də ayrıca oçerk təqdim edir. Akademik Rafael Hüseynovu müasir dünya şərqşünaslığının aparıcı nümayəndələrindən biri kimi səciyyələndirən “Sokrat almanaxı” alimin orta əsrlər fars, ərəb, türk, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı əsərlərinin yüksək elmi dəyər daşıdığını xüsusilə diqqətə çatdırır. Qeyd edilir ki, görkəmli alimin müxtəlif Avropa və Şərq ölkələrinin 30-a yaxın dilində dünyaya yayılan əsərləri milli çərçivədən çıxaraq bütövlükdə şərqşünaslıq elmi xəzinəsinin zənginləşməsinə əhəmiyyətli təsir göstərməkdədir.

Akademik R.Hüseynovun “Sokrat almanaxı”nda yer almış araşdırmaları “Nizami Gəncəvinin ədəbi məktəbi və poetik ənənələri Şərq və Qərb mədəniyyətlərində” adlanır. Bu tədqiqat əsəri dahi Azərbaycan şairini dünya elminə və geniş oxucu kütlələrinə əsl böyüklüyü ilə təqdim etmək istiqamətində yeni uğurlu addım sayıla bilər.

Araşdırmada çoxsaylı məxəzlərə istinadlarla Nizami Gəncəvinin yaradıcılığının bəşəri mahiyyəti açıqlanır, XII əsrdən etibarən bu irsin bəşəriyyətin mənəviyyat aləminin saflaşmasına xidmət etməsinin parametrləri göstərilir, müdrik gəncəlinin bir çox dünya xalqlarının ədəbi, fəlsəfi, mədəni inkişafındakı müsbət təsirləri izlənilir.

Nizami Gəncəvinin şəxsiyyəti və yaradıcılığına beynəlxalq marağı və akademik Rafael Hüseynovun “Sokrat almanaxı”nda dərc edilmiş araşdırmalarının yüksək elmi səviyyəsini nəzərə alaraq Oksford Akademik İttifaqı 2015-ci ildə azərbaycanlı alimin ölməz klassikimiz haqqında ayrıca monoqrafiyasının nəşri barədə qərar qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: