www.science.az
18.03.2020 15:12

Akademik İsa Həbibbəylinin monoqrafiyası Dövlət Mükafatına təqdim olunub

Martın 17-də Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti iclası keçirilib. İclasda AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasının Azərbaycan Respublikası Dövlət Mükafatına (ədəbiyyat sahəsi üzrə) təqdim olunması məsələsi müzakirə edilib.

Bildirilib ki, bu kitab Azərbaycan ədəbiyyatı tarixinin elmi-nəzəri cəhətdən dövrləşdirilməsinə həsr edilmiş ilk monoqrafik tədqiqatdır. Ədəbiyyatşünaslıq elmində ilk dəfə akademik İsa Həbibbəyli tərəfindən hazırlanmış sistemli dövrləşdirmə konsepsiyası əsasında çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri müəyyən edilib. Hələlik Müstəqil Dövlətlər Birliyi ölkələrinin heç birində, həmçinin qonşu dövlətlərdə ədəbiyyat tarixinin dövrləşdirilməsi üzrə elmi-nəzəri təsnifat aparılmayıb.

İclasda qeyd olunub ki, kitabda Azərbaycan ədəbiyyatı tarixinin təzkirəçilikdən elmi icmallara qədərki inkişaf yolu izlənilərək təhlil olunub. Ədəbiyyat tariximizin dövrləşdirməsi zamanı milli maraqlardan və dövlətçilik meyarlarından çıxış edilərək azərbaycançılıq məfkurəsi, sivilizasiya faktoru, ədəbi cərəyanlar və ədəbi-tarixi prosesin reallıqları prinsipləri əsas götürülüb. Nəşrdə Azərbaycan ədəbiyyatı tarixinin on inkişaf mərhələsi göstərilib və hər bir ədəbi mərhələ elmi-nəzəri cəhətdən geniş şəkildə əsaslandırılıb.

Bütün bunlar nəzərə alınaraq, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasının Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim olunması barədə qərar yekdilliklə qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.