Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nobel iqtisadiyyatı” monoqrafiyası işıq üzü görüb
17.03.2020 15:49
  • A-
  • A
  • A+

“Nobel iqtisadiyyatı” monoqrafiyası işıq üzü görüb

İqtisad elmləri doktoru, professor Elşən Hacızadənin müəllifi olduğu “Nobel iqtisadiyyatı” adlı monoqrafiya işıq üzü görüb.

Kitabın elmi məsləhətçisi Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, rəyçiləri professorlar Məhiş Əhmədov, Vahid Novruzov və iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşad Səmədzadədir.

“Elm” nəşriyyatında çapdan çıxmış monoqrafiyada qeyd olunur ki, iqtisadiyyat üzrə Nobel mükafatının təsis edilməsi və onun laureatlarının ötən 50 il ərzindəki yaradıcı fəaliyyətləri, ümumilikdə iqtisad elmində yeni bir mərhələnin formalaşdırılması üçün zəmin yaradıb. Kitabda predmetli təhlil və konseptual əsaslandırılmaqla Nobel mükafatı laureatlarının iqtisad elminin nəzəriyyələrinin məzmununu təkmilləşdirdiyi, onun yeni axın və istiqamətlərini formalaşdırdığı mərhələsinin “Nobel iqtisadiyyatı” adlandırılması şərtləndirilib. Bundan başqa, tədqiqat işində “İqtisadiyyat üzrə Nobel mükafatı laureatları” ifadəsinin ilk dəfə olaraq “nobelçi iqtisadçılar” termini ilə əvəz olunması məqsədəuyğun hesab edilib.

Vəsaitdə, həmçinin Nobellər nəslinin şəcərəsi, onların Azərbaycandakı fəaliyyəti yeni araşdırmalar çərçivəsində təqdim olunub. Bakı nefti və neftçilərinin əməyinin Nobel mükafatı fondunun formalaşmasının əsas qaynaq mənbəyi kimi çıxış etməsi faktı bir daha əsaslandırılıb.

Bundan başqa, kitabda Nobel mükafatının xüsusiyyətləri xarakterizə olunaraq, bu sahədə tarixi gerçəkliyə çevrilən kuryoz və odioz hadisələri işıqlandırılıb. Nəşrdə nobelçi iqtisadçıların keçdiyi həyat yolu təhlil olunub, onların elmi kəşfləri və tədqiqat motivasiyası ilə iqtisad elminin tərəqqisi və modernləşdirilməsini, həyat keyfiyyətinin artırılmasını, biliklər iqtisadiyyatına keçidi sürətləndirən xidmətləri sistemləşdirilib və geniş elmi təqdimatda verilib.

Monoqrafiya iqtisadçılar, tələbə və doktorantlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: