www.science.az
17.03.2020 11:14

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

Martın 16-da VI çağırış Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirilib.

İclası komitənin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev açaraq tədbirin gündəliyinə 7 məsələnin salındığını bildirib.

B.Əliyev əvvəlcə gündəlikdəki 4 qanun layihəsini şərh edib. Birinci oxunuşda müzakirəyə təqdim olunmuş "Sərhəd mühafizə orqanları haqqında”, "Təhsil haqqında”, "Peşə təhsili haqqında”, "Elm haqqında” qanunlarda dəyişiklik edilməsi, o cümlədən "Təhsil haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin əsasən uyğunlaşdırma xarakteri daşıdığı qeyd olunub.

Müzakirə edilən qanun layihələri konseptual baxımdan məqbul sayılıb və hər biri parlamentin plenar iclasına tövsiyə edilib.

Bundan əlavə, V çağırış Milli Məclisin Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyasında fəaliyyəti haqqında hesabat dinlənilib. Bildirilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 13 məsələyə baxılıb.

İclasda hesabat qənaətbəxş hesab olunub. Həmçinin komitənin 2020-ci ilin yaz sessiyasına dair iş planı yekdilliklə təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.