Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorovun anadan olmasından 90 il ötür
17.03.2020 09:04
  • A-
  • A
  • A+

Fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorovun anadan olmasından 90 il ötür

Yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası üzrə görkəmli alim, SSRİ və Rusiya Federasiyasının Dövlət mükafatları laureatı, Fizika üzrə Nobel mükafatçısı, AMEA-nın fəxri üzvü, akademik Jores Alfyorovun anadan olmasından 90 il ötür.

Jores Alfyorov 15 mart 1930-cu ildə Belarusun Vitebsk şəhərində anadan olub. İlk təhsilini Minskdə alan alim 1952-ci ildə V.İ.Ulyanov adına Leninqrad Elektrotexnika İnstitutunu bitirib. 1961-ci ildə elmlər namizədi, 1970-ci ildə elmlər doktoru dərəcəsini, 1972-ci ildə isə professor elmi adını alıb. O, həmin il SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1979-cu ildə həqiqi üzvü seçilib.

Əmək fəaliyyətinə 1953-cü ildə SSRİ Elmlər Akademiyasının A.İoffe adına Fizika-Texnika İnstitutunda mühəndis kimi başlayan J.Alfyorov 1953-2003-cü illərədək həmin müəssisədə kiçik elmi işçi, baş elmi işçi, sektor müdiri, laboratoriya müdiri və direktor vəzifələrində çalışıb. 1990-1991-ci illərdə SSRİ EA-nın, 1991-2017-ci illərdə isə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti olub. J.Alfyorov 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib.

Akademik 1953-cü ildən başlayaraq SSRİ-də ilk tranzistorların, germanium əsaslı cihazların yaradılması, yarımkeçiricilərdə heterokeçidlərin tədqiqi istiqamətində tədqiqatlar aparıb. 1990-cı ildən etibarən isə kiçik ölçülü nanostrukturların - kvant məftilləri və kvant nöqtələrinin xassələrinin tədqiqi ilə məşğul olub. J.Alfyorov yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsi üzrə tanınmış mütəxəssis olub, bu istiqamətdə 3 monoqrafiya, 500-dən artıq elmi məqalə yazıb və 50 ixtirasını patentləşdirib.

O, yarımkeçiricilər, heterokeçid və onların əsasında cihazların yaradılması sahəsindəki əməyinə görə Lenin (1972), SSRİ (1984) və Rusiya Federasiyasının Dövlət mükafatlarına (2001) layiq görülüb. “Lenin”, “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, A.S.Popov adına qızıl medal və s. medallarla təltif edilib.

Alim 2000-ci ildə yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsindəki nailiyyətlərinə görə Fizika üzrə Nobel mükafatına layiq görülüb.

Akademik J.Alfyorov 1 mart 2019-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində vəfat edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: