Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Naxçıvan Bölməsinin Əlyazmalar Fondu zənginləşdirilir
28.02.2020 17:14
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Əlyazmalar Fondu zənginləşdirilir

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun  şəxsi kitabxanasından hədiyyə etdiyi 90 əlyazma və çap kitabının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Fərman Xəlilov bildirib ki, Əlyazmalar Fondunun zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. O, rəhbərlik etdiyi qurumun Naxçıvanda milli-mənəvi xəzinəmiz olan qədim əlyazma və çap kitablarının yorulmaz toplayıcısı, etibarlı qoruyucusu, araşdırıcısı və təbliğatçısı olduğunu deyib.

Daha sonra hədiyyə etdiyi əlyazma və çap kitabları haqqında məlumat verən F.Xəlilov bildirib ki, onların arasında satirik şair Mirzə Əli Möcüzün 100-dək əlyazmasının surəti, Lətif Hüseynzadənin “Naxçıvanın Tədqiq və Tətəbbö Cəmiyyəti haqqında xatirələr"i, həmçinin Tədqiq və Tətəbbö Cəmiyyətinin 1925-1928-ci illərdə keçirilən 41 iclas protokolunun əlyazma surəti yer alıb. Bundan başqa, Adolf Berjenin “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” (1867), Namiq Kamalın “Vətən yaxud Slistrə” (1899), “Akif bəy” (1908), Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları”nın ilk nəşri (1924), Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” (1926), Salman Mümtazın “El şairləri” (1927) kitabları, habelə Azərbaycan və dünya klassiklərinin bədii nəşrləri, dərsliklər, elmi, dini, fəlsəfi və tarixi əsərlər də bura daxildir.

Sonra tədbir iştirakçıları fonda hədiyyə edilən əlyazma və çap kitabları ilə əyani şəkildə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: