www.science.az
24.02.2020 10:11

İlham Əliyevin ibrətamiz tarix dərsi və diplomatiya mesajı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində bütün istiqamətlər üzrə hərtərəfli şəkildə inkişaf etmiş müstəqil dövlətimiz həm də müasir tarixi epoxanın ən geniş dialoq məkanına çevrilmişdir. Birləşmiş Millətlər Təşkilatı, UNESKO səviyyəsində keçirilən sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası dialoqlara həsr edilmiş beynəlxalq səviyyəli möhtəşəm zirvə toplantıları, sammitlər, forumlar, simpoziumlar ölkəmizdə dünyanın, regionun, ölkələrarası münasibətlərin, qlobal problemlərin geniş və işgüzar şəkildə müzakirəsinə meydan açmışdır.

Mövzusundan, əhatə dairəsindən asılı olmayaraq Prezident İlham Əliyevin bütün beynəlxalq miqyaslı tədbirlərdə söylədiyi giriş nitqləri həmin forumun ana xəttini, əsas istiqamətini, ən mühüm hədəflərini müəyyən edən bələdçiyə çevrilmişdir. Prezident İlham Əliyevin nümayiş etdirdiyi "konspektsiz” sərbəst nitq, analitik təhlil mədəniyyəti, problemə kompleks yanaşmaq istedadı, ümumiləşdirmə və proqnozlaşdırmaq məharəti dövlət başçımızın dünya liderləri sırasında fərqli bir təfəkkür sahibi kimi qəbul olunmasını şərtləndirmişdir.

Bu baxımdan ölkəmizin rəhbəri İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər, etdiyi çıxışlar, apardığı danışıqlar, iştirak etdiyi panel müzakirələri müstəqillik epoxasında Azərbaycan Respublikasında formalaşmış, ənənəyə çevrilmiş dialoq mədəniyyətinin növbəti təntənəsidir. Münxen Təhlükəsizlik Konfransı zamanı Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Hamsın səsləndirdiyi aşağıdakı fikirlər Prezident İlham Əliyevin beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsində nümayiş etdirdiyi böyük məharəti dolğun şəkildə ifadə edir: "Sizinlə burada - Münxen Təhlükəsizlik Konfransında görüşmək bizim üçün böyük şərəfdir. Mən son beş-altı ildə bu konfransda iştirak etmişəm və hər dəfə Sizin çıxışlarınız, baxışlarınız mənə çox müsbət təsir bağışlayıb... Yəni ikitərəfli münasibətlərlə yanaşı, region və beynəlxalq düzənlə bağlı baxışlarımızı nəzərdə tuturam”.

Prezident İlham Əliyevin Azərbaycanda çoxcəhətli dialoqlar üçün formalaşdırdığı mühit beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmişdir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı ilə görüşü zamanı Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norovun dediyi aşağıdakı sözlər ölkəmizin dünyadakı ən mühüm dialoq məkanlarından biri olmasının beynəlxalq səviyyədə etiraf edilməsinin əyani ifadəsidir: "Deyə bilərəm ki, bu gün Azərbaycan müşahidəçi ölkələr üçün nümunə olaraq dialoq üzrə ən fəal tərəfdaşlardan biridir”.

Prezident İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistanın Baş naziri Nikol Paşinyanla panel müzakirələrində göstərdiyi böyük siyasi mədəniyyət və yüksək diplomatik məharət ölkə rəhbərimizin dialoq prosesində, problemlərə dəqiq və konseptual yanaşma qabiliyyətinin və qətiyyətli mövqeyinin daha bir parlaq təzahürüdür.

Mövzusu və mahiyyəti etibarilə özünəməxsus siyasi gərginliyə malik olan bu müzakirə prosesində əvvəldən axıra qədər nümayiş etdirdiyi sərbəstlik, analitik məntiqi dəyərləndirmə, zəngin tarixi-informativ bilik, müstəqil düşüncə və aydın mövqe Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətin mötəbər nümayəndələri qarşısında ölkəmizə qazandırdığı çox mühüm uğurdur.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirəsi uzun illərdən bəri bağlı qapılar arxasında keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müzakirələrinin ilk dəfə açıq şəkildə dünya ictimaiyyətinə bütün reallıqları ilə təqdimatı platforması kimi mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev yaranmış fürsətdən Dağlıq Qarabağ problemini bütün reallıqları ilə birlikdə dünya ictimaiyyətinə çatdırmaq üçün məharətlə istifadə etmişdir. Panel müzakirələri prosesində dövlət başçımızın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məsələyə çoxaspektli mövqedən siyasi, tarixi, hüquqi, diplomatik aspektlərdən baxaraq, bütün istiqamətlərdə yüksək professionallıq nümayiş etdirməsi həm özünün, həm də ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasında mühüm tarixi addımlardan birinə çevrilmişdir.

Prezident İlham Əliyevin dialoqdakı bəyanatları, çıxışlarında və cavablarında, hər şeydən əvvəl, Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər aydın şəkildə meydana qoyulmuşdur. Bu məqamda dərin biliyə və zəngin tarixi məlumatlara malik olan İlham Əliyevin nəzərə çatdırdığı mətləblər təkzibedilməz real gerçəkliyin ifadəsindən ibarətdir.

Dövlət başçımızın bəyan etdiyi tarixi məlumatlar Azərbaycan tarix elmi ilə yanaşı, dünya Qafqazşünaslığında da öz əksini tapmış gerçəkliklərdir. Ermənistanın Baş naziri Nikol Paşinyanın istinad etdiyi tarixi informasiya isə saxtalaşdırılmış və uydurma erməni tarixindən başqa heç bir mənbədə yer almayıb.

Prezident İlham Əliyevin verdiyi tarixi məlumatları mənbələr əsasında, hətta qədim miflərə və toponimlərə qədər dərinliklərə gedib yoxlamaqla dəqiq olduğunu müəyyənləşdirmək mümkündür. Nikol Paşinyanın dediklərinin isə saxtalığı artıq dünya ictimaiyyətinə də bəlli olan uydurma erməni mənbələrindən, yaxud da "Arqumentı i faktı” qəzetindəki həmin qəzetin redaksiyasında çalışan erməni cızmaqaraçılarının və ya onlara dəstək verən erməniyönlü jurnalistlərin saxta publisist yazılarından irəli gedə bilmir. Nikol Paşinyanın Qafqazda və Şərqi Anadoluda heç bir tarixi izləri, mifologiyası və toponimi olmayan uydurulmuş ermənilər haqqındakı məlumatlara əsaslanan mülahizələri nəinki elmə, normal məntiqə də sığmır.

Qafqazda böyük cinayətlərin törədilməsində əsas simalardan biri olan, bolşeviklərin əlaltısı, terrorçu Stepan Şaumyanın "şərəfinə” Stepanakert adlandırılan şəhərin adı ilə əlaqədar cənab Prezidentin ifadə etdiyi mülahizələr regionda erməni izlərinin yalnız yaxın tarixi dövrlə bağlı olduğunu isbat edir: "Şaumyan bolşeviklərdən biri idi. O, günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi.

Bugünkü Dağlığ Qarabağın qondarma paytaxtı onun adı ilə adlandırılıb. Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb? Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, "kert” Ermənistanda şəhər deməkdir. ...Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu bir daha onu sübut edir ki, həmin ərazidə heç bir erməni tarixi irsi yoxdur”.

Nikol Paşinyanın Azərbaycanın vaxtilə bolşeviklərin əli ilə yaradılmış Şaumyan rayonundan Dağlıq Qarabağa aid ərazi vahidi kimi danışması savadsızlıqdır. Bu qədər yaxın keçmişə dair dəqiq məlumatı olmayan, mövcud xəritədən başı çıxmayan bir adamın erməni katalikosu Tiqrandan danışması uydurma, saxta erməni mənbələrindəki informasiyanın mexaniki əzbərlənməsindən başqa bir şey deyildir.

Bu baxımdan onun "çox böyük erməni əhalisi olan Naxçıvan məsələsindən” söz açması da böyük Ermənistan xülyası yayan erməni "ideoloqları”nın diktə etdiyi yalanların məkrli şəkildə gündəmə gətirilməsi deməkdir. Məlum olduğu kimi, Dağlıq Qarabağ kimi, Azərbaycanın üzvi tərkib hissəsi olan Naxçıvan da bugünkü azərbaycanlıların ulu əcdadlarının məskunlaşdığı qədim türk-oğuz yurdudur. Naxçıvanda "Kitabi-Dədə Qorqud” dastanlarında öz əksini tapmış 50-dən çox Azərbaycan toponimi vardır. Aparılan arxeoloji qazıntılar, zəngin folklor materialları Naxçıvanın ən qədim Azərbaycan diyarı olduğunu təsdiq edir. Dağlıq Qarabağ kimi Naxçıvana da ermənilər XIX əsrin əvvəllərində Türkmənçay müqaviləsindən sonra köçürülmüşdür. Çar Rusiyasının məqsədli şəkildə Naxçıvana göndərib kitab yazdırdığı V.Qriqoryevin 1829-cu ilə Sankt-Peterburqda çap olunmuş "Naxçıvan vilayətinin statistik təsviri” adlı əsərində ermənilərin Naxçıvana köçürülməsi və yerləşdirilməsindən doğan çətinliklərdən geniş bəhs edilmişdir. Lakin Naxçıvana köçürülmüş ermənilər buradakı yerli azərbaycanlı əhalisinə inteqrasiya oluna bilmədikləri üçün XX əsrin ikinci yarısından başlayaraq Ermənistana köçməyə məcbur qalmışlar.

Bütün bunlar Nikol Paşinyanın tarixi biliyinin olmamasını, belə dayaz "rəhbərlə” tarixdən müzakirə açmağın lüzumsuz, əhəmiyyətsiz olduğunu isbat edir. Bütün bunlardan sonra Nikol Paşinyandan Dağlıq Qarabağın statusu haqqında yalnız yanlış, birtərəfli münasibətdən başqa heç nə gözləmək olmaz. Panel müzakirəsi zamanı Nikol Paşinyanın dediyi yeganə düz söz "Dağlıq Qarabağ Azərbaycan torpağıdır” ifadəsindən ibarətdir. Paşinyanın bu sözləri çaşdığı üçün yanlış dediyini bildirsə də o, əslində, ömründə heç olmasa bir dəfə düzgün ifadə işlətməyə məcbur olub. Azərbaycanda geniş yayılmış bir atalar sözündə deyildiyi kimi "dil çaşar, düzünü deyər”. Dağlıq Qarabağ tarixi ədalət nəticəsində Azərbaycana qaytarıldıqda Paşinyan bu hadisəni vaxtilə uzaqgörənliklə söylədiyini bəyan edə biləcəkdir.

Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ məsələsinə siyasi-diplomatik cəhətdən qiymət verməkdə də dialoq tərəfləri fərqli mövqedən yanaşaraq öz mülahizələrini bildirmişlər. Azərbaycan Respublikasının Prezidenti tarixi baxımdan olduğu kimi, siyasi baxımdan da Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, Dağlıq Qarabağın hüquqi statusuna dair obyektiv elmi-siyasi dəyərləndirmələr irəli sürmüşdür. Nikol Paşinyanın "Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi olmayıb. Qarabağ Sovet İttifaqının formalaşdırılması prosesi zamanı Azərbaycana verilib” - kimi əsassız müddəaları Prezident İlham Əliyev tərəfindən, sözün əsl mənasında, əsaslı dəlil-sübutlarla darmadağın edilmişdir.

Bu zaman Prezident İlham Əliyev tarixi reallıqlara və paralel olaraq beynəlxalq hüquq normalarına müraciət etməklə Dağlıq Qarabağın əsrlərboyu Azərbaycanın üzvi tərkib hissəsi olduğunu, sovet hakimiyyəti illərində isə Azərbaycan SSR-in tərkibində muxtar vilayət kimi fəaliyyət göstərdiyini əsaslı arqumentlərlə bir daha sübut etmişdir. Qaradağ xanlığının 1805-ci ildə Rusiya ilə imzaladığı Kürəkçay müqaviləsi, bolşevik partiyasının 1921-ci ildə Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qəbul etdiyi qərar və sair kimi danılmaz tarixi faktlardan çıxış etməklə Azərbaycan Prezidenti Dağlıq Qarabağın həmişə ölkəmizin ayrılmaz bir parçası olmasını diqqətə çatdırmışdır. Paşinyanın mülahizələrində isə Qarabağın Ermənistana aid olması ilə bağlı heç bir faktın olmaması və onun bu reallığı siyasi hay-küylə ört-basdır etməyə çalışması bədnam qonşu ölkənin rəhbərini beynəlxalq ictimaiyyət qarşısında gülünc vəziyyətə salmışdır.

Paşinyan Dağlıq Qarabağla əlaqədar verilmiş Birləşmiş Millətlər Təşkilatının qətnamələrini də ermənisayağı təhrif etmişdir. Eyni zamanda, Paşinyanın Dağlıq Qarabağın erməni icmasının aparılan danışıqlarda tərəf kimi tanınması tələbinin də beynəlxalq hüquqa zidd olduğu Prezident İlham Əliyev tərəfindən əsaslı şəkildə rədd edilmişdir. Dövlət başçımız doğru olaraq bəyan etmişdir ki, danışıqlar yalnız təcavüzkar ölkə ilə, münaqişə aparan tərəf ilə aparılmalıdır ki, bu da Ermənistandır. Ermənistanın Dağlıq Qarabağdan qoşunlarını çıxarıb getdiyi, əlini çəkdiyi zaman Azərbaycan icmasının münaqişə subyekti ilə danışıqlar apara biləcəyi haqqında Prezident İlham Əliyevin qəti mövqeyi beynəlxalq təcrübəyə və sülh danışıqlarının məntiqinə tam uyğundur.

XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı haqqında da Ermənistan rəhbəri Nikol Paşinyan faciənin əsl səbəbkarlarını gizlətməyə, qanlı hadisəni törədənləri ört-basdır etməyə çalışmışdır. Əvvəla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəmizin işğal olunmuş əraziləri, qaçqın və köçkünlərin sayı və Xocalıda törədilən faciənin miqyası ilə bağlı Münxen Təhlükəsizlik Konfransı tribunasından səsləndirdiyi faktlar və rəqəmləri təkzib etmək mümkün deyildir. İkincisi isə, Paşinyanın Xocalı qətliamı ilə bağlı dediklərinin yalan və böhtandan başqa bir şey olmadığı artıq Azərbaycan tərəfinin illərdən bəri apardığı ədalətli ideoloji mübarizə nəticəsində beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Ona görə də Prezident İlham Əliyevin nitqində deyildiyi kimi "müharibə cinayəti - Xocalı soyqırımı” törətmiş separatçı Ermənistan rejimini süni şəkildə dəstəkləməsi Paşinyanın da özündən əvvəlki başabəla sələflərindən heç nə ilə fərqlənmədiyini göstərir.

Normal dialoq, konstruktiv sülh danışıqları əvəzinə ermənilərin törətdikləri terroru və faciələri danmaq, süni bəraət statusu qazanmaq üçün yalanlara əl atmaq Paşinyanın da siyasi aqibətini Ermənistanın eks-prezidentlərinin acınacaqlı taleyinə doğru aparır. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Nikol Paşinyanın Münxen danışıqlarında tutduğu mövqe onun öz ölkəsində özündən əvvəlki Ermənistan rəhbərləri ilə apardığı mübarizə ilə də ziddiyyət təşkil edir. Belə çıxır ki, Paşinyanın Ermənistanın daxilində apardığı siyasətlə beynəlxalq aləmdə nümayiş etdirdiyi siyasi mövqe bir-birinin əksinədir.

Beləliklə, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər bir beynəlxalq forumun imkanlarından dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar həqiqəti demək üçün bacarıqla istifadə etmişdir. Paşinyanın isə bu formatda məkrli erməni yalanlarını və xülyalarını beynəlxalq ictimaiyyətə sırımaq cəhdləri baş tutmuşdur. Müstəqil Azərbaycan dövlətinin başçısı obyektiv və ədalətli mövqeyi, Paşinyan isə yersiz iddiaları və haqsız müddəaları ilə yadda qalmışdır. Azərbaycan Prezidenti mənsub olduğu xalqın lideri, Paşinyan isə "yazıq erməni xalqının” naşı və təcrübəsiz hüquq müdafiəçisi kimi özünü təqdim etmişdir. Savadsız və məntiqsiz danışıqları Paşinyanı gülüş və istehza obyektinə çevirmişdir.

Prezident İlham Əliyevin ingilis dilindəki dəqiq və sərbəst danışması ilə müqayisədə Paşinyanın "kəkələməsi” onun onsuz da müsbət olmayan imicinə daha bir kölgə salmışdır. Sözün əsl mənasında, Prezident İlham Əliyev Ermənistan rəsmisinə ibrətamiz tarix dərsi keçmişdir və əsl həqiqətin yolunu göstərmişdir. Buna görə də Münxen Təhlükəsizlik Konfransı debatları Prezident İlham Əliyevin nüfuzunun dünya dövlət liderləri qarşısında bir daha yüksəlməsinə səbəb olmuşdur.

Münxen Təhlükəsizlik Konfransındakı panel müzakirələri Dağlıq Qarabağın Azərbaycanın üzvi tərkib hissəsi olmasını bir daha qüvvətli şəkildə səsləndirmək üçün əhəmiyyətli bir platforma olmuşdur. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı sözləri Dağlıq Qarabağ haqqında tarixi gerçəkliyin obyektiv ifadəsidir: "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkəmizin ayrılmaz tərkib hissəsidir”. Fikrimizcə, bu obyektiv bəyanatın axırında növbəti dəfə nida işarəsi qoymaq lazımdır.

Dövlət başçımız beynəlxalq səviyyəli tədbirlərin hər birində özünün fərqli intellektual düşüncəsi, güclü məntiqi, aydın diplomatik mövqeyi ilə xalqımıza və ölkəmizə nida işarələri qazandırmaqda davam edir. Münxen Təhlükəsizlik Konfransında da Ermənistan tərəfi ilə dialoqda Prezident İlham Əliyevin nümayiş etdirdiyi idrak və mövqe hər bir Azərbaycan vətəndaşının qəlbində qürur dolu nida həyəcanı doğurur. Nikol Paşinyanın mövqeyi isə nəinki Dağlıq Qarabağın hüquqi statusu, hətta Ermənistanın sabahı üçün də ciddi bir sual işarəsi doğurur.

Ermənistanı böyük bəlalara, yoxsulluq və səfalətə düçar etmiş "Qarabağ klanı” kimi Nikol Paşinyanın da müddəaları öz xalqını münaqişədən xilas olmağa yox, növbəti fəlakətlərə doğru sürükləyir. Ermənistan xalqı normal qonşuluq münasibətləri qurmaq, ölkəsini böhrandan çıxarmaq naminə məhkum olduqları sual işarəsinin obyektiv və ədalətli cavabını tapmağa borcludur. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransındakı panel müzakirəsindəki çıxışları və cavablarında irəli sürülən fikirləri, diqqətə çatdırılan mətləbləri dərindən öyrənmək və onlara əməl etmək Ermənistan tərəfini qabağa apara bilər.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsindəki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları mükəmməl bir tarix dərsi və müdrik bir diplomatiya mesajıdır.

Bu, Azərbaycan Prezidentinin və müstəqil dövlətimizin yeni bir uğurudur.

İsa HƏBİBBƏYLİ, AMEA-nın I vitse-prezidenti, akademik

"Azərbaycan" qəzeti, 20 fevral 2020-ci il