www.science.az
21.02.2020 14:58

“Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib

Fevralın 21-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr edilən “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbir Ədəbiyyat İnstitutu, Özbəkistanın Azərbaycandakı səfirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfrans iştirakçıları əvvəlcə Əlişir Nəvainin Bakıda ucaldılmış heykəli önünə əklil və gül dəstələri qoyublar. Sonra Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin açılışı olub.

Tədbiri AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin tarixindən danışıb, hər iki xalqın qədim və zəngin ədəbiyyat ənənələrinə malik olduğunu söyləyib. Vurğulayıb ki, Əlişir Nəvainin heykəlinin Bakıda ucaldılması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafına bir nümunədir.

Rəhbərlik etdiyi müəssisədə özbək ədəbiyyatının araşdırılması və qarşılıqlı əməkdaşlıq əlaqələrinin formalaşdırılması üçün 2016-cı ildə Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin yaradıldığını deyən alim ötən müddət ərzində şöbə tərəfindən müxtəlif konfransların keçirildiyini, bir sıra əsərlərin nəşr olunduğunu diqqətə çatdırıb.

İ.Həbibbəyli bildirib ki, Əlişir Nəvai orta əsrlərdə Nizami irsini davam etdirib, görkəmli şairimiz Məhəmməd Füzulinin isə ilham mənbəyi olub. O, yaratdığı rəngarəng ədəbi nümunələrlə dünya ədəbiyyatında özünəməxsus yer tutub.

Alim Ədəbiyyat İnstitutunun nəzdində Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin açılmasını tarixi hadisə kimi qiymətləndirib, Nizami, Füzuli, Nəvai və digər görkəmli şəxsiyyətlərin irsinin öyrənilməsinin iki xalqın gələcəyinə töhfə verəcəyini söyləyib.

Daha sonra İ.Həbibbəyli Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinova Ədəbiyyat İnstitutunun fəxri doktoru diplomunu və mantiyasını təqdim edib.

Tədbirdə çıxış edən professor Şuxrat Sirojiddinov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin konfrans iştirakçılarına salamlarını çatdırıb. Türk xalqları arasındakı əlaqələrin tarixinə toxunan alim bu səpkidə 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın önəmini vurğulayıb.

O, iki ölkə arasında dostluq əlaqələrinin müstəqillik illərində daha da genişləndirilyini deyərək, fəxri doktor seçilməsinin ümumilikdə Özbəkistan alimlərinə verilən dəyərin rəmzi ifadəsi olduğunu söyləyib.

Ş.Sirojiddinov milli naxışlarla bəzədilmiş özbək xalq geyimini akademik İsa Həbibbəyliyə təqdim edib.

Konfransda, həmçinin filologiya elmləri doktoru Almas Binnətovaya və Azərbaycan Yazıçılar Birliyinin üzvü Akif Bağırova Özbəkistan Yazıçılar Birliyinin Fəxri üzvlük vəsiqəsi verilib.

Daha sonra Özbəkistan Yazıçılar Birliyinin yaradıcılıq işləri üzrə birinci müavini Nadir Xalbutayevin “Əlişir Nəvai yaradıcılığı və müasir özbək şeiri”, həmin qurumun Ədəbi tənqid bölməsinin müdiri, professor Nurbay Cabbarovun “Əlişir Nəvai və dil saflığı məsələləri”, Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun professoru Bokijon Tuxliyevin “Əlişir Nəvai tuyuq janrı haqqında”, akademik Teymur Kərimlinin “Böyük özbək şairi Əlişir Nəvai haqqında söz”,  filologiya elmləri doktoru Almas Binnətovanın “Əlişir Nəvai və Azərbaycan”, filologiya elmləri doktoru Yaşar Qasımbəylinin “Əlişir Nəvainin lirikası” və digər mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.