www.science.az
18.02.2020 16:48

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclasında prioritet məsələlər müzakirə olunub

Fevralın 18-də AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağı keçirilib.

Əvvəlcə bölmənin üzvü olmuş mərhum akademik Bahadır Tağıyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. AMEA-nın 28 dekabr 2019-cu il tarixində keçirilmiş Ümumi yığıncağını xatırladan alim tədbirdə bir sıra islahatların aparılmasına dair mühüm qərarların qəbul olunduğunu bildirib. Qeyd edib ki, qərarlara əsasən AMEA-nın Nizamnaməsində dəyişiklik edilib, Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi seçilib, həmçinin elmi bölmələrin akademik-katibi vəzifələri ləğv edilib və bölmələrə rəhbərlik vitse-prezidentlərə həvalə olunub. Bundan başqa, bölmə büroları da ləğv edilərək, Elmi şuraların yaradılması qərara alınıb. 

Akademik R.Əliquliyev Ümumi yığıncaqda müasir dövrün elmi-texnoloji və innovativ çağırışlarına söykənən, süni intellekt texnologiyalarının geniş tətbiqini, eləcə də fundamental elmi istiqamətlərin balanslaşdırılmasını nəzərdə tutan “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın qəbul edildiyini bildirib. Alim proqrama əsasən müəssisələr qarşısında elmi tədqiqatların prioritetlərinin müəyyən edilməsi, struktur islahatlarının aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmi işçilərin attestasiyasının aparılması, o cümlədən yüksəkixtisaslı kadrların hazırlanması və elmi fəaliyyətin qiymətləndirilməsi kimi mühüm vəzifələrin qoyulduğunu vurğulayıb.

Vitse-prezidentin sözlərinə görə, elmi idarəetmə və maliyyələşdirilmənin optimallaşdırılması, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının sürətləndirilməsi, Akademiyanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, birgə əməkdaşlıq proqramının hazırlanması, innovasiya fəaliyyətinin inkişafı, Azərbaycançılıq ideologiyasına aid məsələlərin dərindən araşdırılması, eyni zamanda, elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması da AMEA-da aparılan islahatların prioritet istiqamətlərini təşkil edir.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında çevik, adaptiv struktur mexanizmlərinin işlənilməsi üçün aparılan islahatlarda beynəlxalq təcrübənin əsas götürüldüyünü deyən R.Əliquliyev Rəyasət Heyəti aparatında bir sıra struktur dəyişikliklərinin edildiyini diqqətə çatdırıb. O, Akademiyada son zamanlar bir sıra səlahiyyətli dövlət nümayəndələri ilə görüşlərin keçirildiyini söyləyərək, AMEA ilə müvafiq dövlət qurumları arasında yeni istiqamətdə əməkdaşlıq əlaqələrinin təşkili və inkişaf etdirilməsinin qarşıda duran əsas hədəflərdən olduğunu vurğulayıb.

Akademik R.Əliquliyev bölmənin Rəyasət Heyətinin 15 yanvar 2020-ci il tarixli iclasında təqdim olunmuş hesabatından da bəhs edib. Bildirib ki, iclasda bölməyə daxil olan elmi müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, müasir tədqiqat qurğuları və elmi-texniki avadanlıqların yenilənməsi, əldə olunmuş innovativ potensiallı elmi nəticə və nailiyyətlərin tətbiq edilməsi, elmi məhsulların kommersiyalaşdırılması və digər məsələlərin normativ-hüquqi sənədlərin tələbləri çərçivəsində həyata keçirilməsinə dair qərarlar qəbul edilib.

Daha sonra tədbirdə Rəyasət Heyətinin qərarına əsasən, cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan AMEA-nın 75 illik yubileyi ilə bağlı təkliflərin bölmə üzvləri tərəfindən irəli sürülərək Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.   

Tədbirdə, həmçinin AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik Adil Qəribovun Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə üzv seçilməsi üçün səsvermə baş tutub və nəticələr təsdiq olunub.

Akademik A.Qəribov öz çıxışında iclas iştirakçılarına fəaliyyəti barədə ətraflı məlumat verib. Alim ona göstərilən etimadı doğruldacağını və bölmənin fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni edəcəyini bildirib.

Sonra akademik R.Əliquliyev çıxış edərək bölmədə gedən proseslərin müzakirə olunması və müvafiq qərarların qəbul edilməsi baxımından Elmi şuranın fəaliyyətinin önəmli olduğunu bildirib, şuraya üzvlərin seçilməsi üçün seçkilərin keçirilməsinin zəruriliyini qeyd edib.

Daha sonra sədri akademik Məhəmməd Mehdiyev, müavinləri isə AMEA-nın müxbir üzvləri Əyyub QuliyevAğası Məlikovdan ibarət bölmənin Elmi şura üzvlərinin seçkisi üzrə Hesablama komissiyası yaradılıb.

Keçirilən səsvermənin nəticələrinə əsasən, akademik Rasim Əliquliyev sədr, akademiklər Cavad AbdinovYusif Məmmədov müavin olmaqla, 13 nəfərdən ibarət bölmənin Elmi şurası formalaşıb. Şuranın üzvləri siyahısına akademiklər Nazim Məmmədov, Telman Əliyev, Arif Həşimov, Fikrət Əliyev, Adil Qəribov, AMEA-nın müxbir üzvləri Misir Mərdanov, Oktay Qasımov, Oqtay Səmədov, Namiq CəlilovAfiq Həsənov daxil olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.