www.science.az
07.02.2020 15:16

AMEA-da informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşması problemləri tədqiq olunur

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 2020-ci il üzrə fəaliyyət planında informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının çoxsaylı elmi-nəzəri problemləri üzrə tədqiqatların aparılması nəzərdə tutulur.

Belə ki, bu il institutda elektron tibb mühitində qərarların qəbul olunması, hepatosellular xərçəngin mərhələlərinin təyini, e-dövlət şəraitində e-vətəndaşların formalaşdırılması, insan resurslarının idarə olunması, eləcə də elektron universitetin fəaliyyət konsepsiyasına dair model və metodlar işləniləcək.

Ölkə səviyyəsində fərdi tibbi məlumatlar infrastrukturunun intellektual analizi üçün metod və alqoritmlərin, həmçinin informasiya cəmiyyətinin tibbi kadrların formalaşmasına təsiri modellərinin işlənməsi də 2020-ci ildə müəssisədə həyata keçiriləcək elmi-tədqiqatlar sırasındadır. Bununla yanaşı, qurumda e-demoqrafiya və intellektual analiz texnologiyaları araşdırılacaq.

İnstitutda Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənilməsi, elektron dövlət mühitində veb-resursların statistik göstəricilərinin qiymətləndirilməsi və intellektual analizi, Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası problemləri ilə bağlı tədqiqatlar da davam etdiriləcək.

Elmi müəssisədə, həmçinin “E-dövlətin formalaşdırılması və effektiv idarə olunması üçün mexanizmlərin işlənilməsi”, “E-dövlət platformasında vətəndaşların sosial kredit sisteminin mexanizmləri, metodları və alqoritmlərinin işlənməsi” mövzuları üzrə araşdırmalar aparılacaq.

Bundan başqa, kiber-fiziki sistemlərdə texniki xidmətin arxitektur-texnoloji prinsiplərinin araşdırılması, Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiberfiziki infrastrukturunun formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi də fəaliyyət planında nəzərdə tutulan tədqiqat mövzuları sırasındadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.