Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Muxtar Respublikasının yaradılması mürəkkəb siyasi şəraitdə əldə edilmiş tarixi nailiyyətdir
07.02.2020 14:39
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikasının yaradılması mürəkkəb siyasi şəraitdə əldə edilmiş tarixi nailiyyətdir

AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü münasibətilə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının mürəkkəb tarixi inkişaf yolu keçməsindən, 1924-cü il fevralın 9-da dövlətçilik tariximizdə baş vermiş mühüm hadisədən - Naxçıvan Muxtar Respublikasının yaranmasından danışıb. Bildirib ki, Naxçıvana muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında bağlanılan Moskva müqaviləsi ilə rəsmiləşdirilib. Müqavilənin müddətsiz bağlanması onun tarixi əhəmiyyətini daha da artırıb.

Alim vurğulayıb ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qaydışı ilə Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılıb, Naxçıvanın sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət artırılıb. Ulu öndər Heydər Əliyevin Naxçıvanla bağlı verdiyi sərəncamlar, onun Naxçıvanın ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü işlər, bu diyara tarixi səfərləri, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin edib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirilir. Bu gün Naxçıvan Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına öz layiqli töhfəsini verir.

Konfransda, həmçinin bölmə əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının muxtariyyəti ilə bağlı tədqiqatların aparıldığı, kitabların nəşr olunduğu, elmi konfrans və interaktiv açıq dərslərin təşkil edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, 2020-ci ildə bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Muxtariyyət ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət”, həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Moskva və Qars müqavilələri: Naxçıvan Muxtar Respublikasının yaradılması”, kiçik elmi işçi Nilufər Ağayevanın “Naxçıvan Muxtar Respublikasının inkişaf yolu” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: