Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.02.2020 16:48
  • A-
  • A
  • A+

Alimlər Avropa Komissiyasının COST proqramı üzrə maarifləndirilib

Alimlər Avropa Komissiyasının COST proqramı üzrə maarifləndirilib

Fevralın 6-da Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə məlumatlandırma seminarı keçirilib.

Tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları, respublikanın ali təhsil, eləcə də elmi-tədqiqat mərkəzlərinin, həmçinin AR Əqli Mülkiyyət Agentliyi, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi və digər qurumların nümayəndələri iştirak ediblər.

Seminarı Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva açaraq "Elmdə beynəlxalq əməkdaşlığın vəziyyəti: nailiyyətlər və çağırışlar" mövzusunda təqdimatla çıxış edib. Bu gün Azərbaycan elminin bir çox meqalayihələrdə təmsil olunduğunu deyən E.Əlirzayeva qeyd edib ki, hazırda AMEA ilə Bolqarıstan Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, İtaliya Milli Tədqiqat Şurası (CNR), Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Belarus Dövlət Elm və Texnika Komitəsi, Rusiya Fundamental Tədqiqatlar Fondu və digər qurumlar arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur.

O, COST, "Horizon 2020" və digər bu kimi proqramların alimlərimizin dünya elminə inteqrasiyasına geniş imkanlar yaratdığını bildirib. Azərbaycan alimlərinin 2014-2018-ci illər üzrə "Web of Science" elmimetrik bazasında nəşr dinamikasını nümayiş etdirən idarə rəisi bu istiqamətdə artım tempinin müşahidə olunduğunu diqqətə çatdırıb. Mövcud problemlərə də toxunan E.Əlirzayeva dil, təcrübəsizlik və s. amillərin gənc alimlərin beynəlxalq layihələrdə aktiv iştirakına əngəl olduğunu deyib.

O, daha sonra Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında, eləcə də respublikanın ali təhsil ocaqlarında keçirilən seminarlar barədə iştirakçılara məlumat verib.

Tədbirdə, həmçinin COST Assosiasiyasının nümayəndəsi Judith Litjens təşkilatın maliyyə imkanları barədə təqdimatla çıxış edib. O, 1971-ci ildən fəaliyyət göstərən qurumun alimlərə öz innovativ tədqiqatlarını həyata keçirmələri üçün geniş imkanlar açdığını söyləyib. COST-un tədqiqat istiqamətlərinə dair alimlərin təkliflərini qəbul etdiyini deyən J.Litjens layihələrə ayrılan maliyyənin 4 illik qrant əsasında verildiyini vurğulayıb. O, layihələrə qoşulma, müraciətlərin hazırlanması barədə də məlumat verib.

Seminarda Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşı, milli koordinator İlham Hümbətov "Azərbaycanlı tədqiqatçılar üçün şəbəkə əməkdaşlığının əhəmiyyəti və COST-un rolu", Səhiyyə Nazirliyinin nümayəndəsi, milli koordinator Nabil Seyidov "COST-un fəaliyyəti: Azərbaycanlı iştirakçının perspektivi" və COST-un Elm Komitəsinin üzvü Krzysztof Gulda "Elm və texnologiyada Avropa əməkdaşlığı beynəlxalq əlaqələr üçün addım kimi" mövzusunda təqdimatla çıxış ediblər.

Sonda çıxışlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: