Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Təbiət muzeyi Azərbaycanın fauna və florasını geniş şəkildə işıqlandırır
05.02.2020 14:36
  • A-
  • A
  • A+

Təbiət muzeyi Azərbaycanın fauna və florasını geniş şəkildə işıqlandırır

Son 25 ildə bütün sahələrdə canlanmanın müşahidə olunduğu Naxçıvan Muxtar Respublikasının qədim və zəngin tarixi, mədəniyyəti və təbiətinin təbliği istiqamətində mühüm işlər həyata keçirilir. Bu tədbirlərdən biri də xalqımızın milli-mədəni dəyərləri ilə yanaşı, fauna və florasını geniş şəkildə işıqlandıran, gələcək nəsillər üçün qoruyub saxlayan eksponatlarla zəngin muzeylərin yaradılmasıdır.

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun nəzdində yaradılan Təbiət muzeyi ərazinin zənginliklərini əyani şəkildə təbliğ edən mədəniyyət ocaqlarından biridir. 2003-cü ildən fəaliyyət göstərən muzey flora və faunamızın bioloji müxtəlifliyi, o cümlədən nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən canlı növlərin təbliği, gənc nəsildə təbiətə və təbii sərvətlərimizə doğma münasibət hissi və ekoloji mədəniyyət aşılamağı qarşısına məqsəd qoyub.

Müxtəlif canlıların daşlaşmış qalıqları, skeletləri, qədim insanların əmək alətləri, quşların müxtəlifliyi ilə seçilən yuvaları və digər eksponatlarla zəngin muzeyin girişində muxtar respublikanın özünəməxsus torpaq-iqlim şəraitində yüksək məhsuldarlığı ilə seçilən 50-dən çox buğda hibridi və seleksiya sortlarının sərgisinə xüsusi guşə ayrılıb.

Burada diqqəti cəlb edən digər bölmə floramızın yüksək müalicəvi xassələri ilə fərqlənən dərman bitkiləridir. Muzeydə cövhərlər, qoz, badam, acı badam, ərik və şaftalı çəyirdəklərindən alınmış yağlar nümayiş etdirilir. Həmin bölmədə floramızda zəngin bioloji ehtiyata malik 60 dərman bitkisi uyğun kombinasiyalı qarışıqlarla birlikdə sərgilənir.

Muzeydə, həmçinin sututarlarımızda yayılmış və elmi tədqiqatçılar tərəfindən faunaya yeni daxil edilmiş balıq növləri, xüsusilə Kür uzunburunu, qızılxallı balıq, qambuziya və digər nümunələr təqdim olunur.

Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış 38 növ ilan və kərtənkələ eksponatları diqqəti cəlb edir. Eksponatlar arasında təbiətdə olduqca nadir rast gəlinən, tapılmasına illər sərf ediləcək növlər muzeyin digər bir bölməsinin ekspozisiyasını təşkil edir.

Müəssisədə bütün Qafqazda ən iri fərdlərinə Araz su anbarında rast gəlinən uzunbarmaq çay xərçənginin və krevetin fərdləri də nümayiş etdirilir.

Onurğasız heyvanlara aid çoxlu sayda eksponat muzeyin növbəti bölməsinin ekspozisiyasını təşkil edir. Burada molyusk növləri, ali xərçənglər, o cümlədən həşəratlar sinfinə daxil olan sərtqanadlılar, kəpənəklər, vəhşi arılar, hörümçəkkimilər və su həyat tərzi keçirən müxtəlif orqanizmlərin sərgisi bölgənin zəngin onurğasız faunası haqqında təəssürat yaradır.

Muzeydə bəzi eksponatlar nümayiş olunmaqla yanaşı, tədqiqatlara da cəlb ediliblər. Belə ki, müxtəlif heyvan qrupları ilə bağlı tədqiqat aparan mütəxəssislər burada sərgilənən nüsxələrdən ilkin material kimi istifadə edir, təsvir və ölçmə işləri yerinə yetirirlər.

Təbiətsevərlərin, ali təhsil müəssisələrində təhsil alan tələbələrin və orta məktəb şagirdlərinin üzünə hər zaman açıq olan bu mədəniyyət ocağında son illər açıq dərslər təşkil edilir, müxtəlif mövzularda tədbirlər keçirilir. Muzeydə tələbə və şagirdlər ərazinin fauna və florası ilə yaxından tanış olur, onlara zəngin təbii sərvətlərimizin qorunması və ekologiyaya aid tövsiyələr verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: