Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Ramiz Məmmədovun 70 yaşı tamam olur
03.02.2020 09:38
  • A-
  • A
  • A+

Akademik Ramiz Məmmədovun 70 yaşı tamam olur

Fevralın 4-də görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun 70 yaşı tamam olur.

Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. O, elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlayıb. 1975-1976-ci illərdə Moskva Okeanologiya İnstitutunda təcrübə keçib, 1977-ci ildə həmin müəssisənin əyani aspiranturasına qəbul olunub.

Alim 1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Xəzər elmi-tədqiqat stansiyasının müdiri vəzifəsində çalışıb. 1985-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə Geologiya, 1989-cu ildə isə Coğrafiya İnstitutunda fəaliyyətini davam etdirib. 1991-ci ildə Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildə isə bu müəssisənin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. O, 2012-ci ildən AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktorudur. Eyni zamanda, 2015-ci ildən AR Milli Məclisi yanında Toponomiya Komissiyasının üzvüdür. 2 mart 2016-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə akademik Ramiz Məmmədov “Azərbaycanın Fövqəladə Hallar Atlası”nın hazırlanmasında məsul katib təyin edilib.

R.Məmmədov 1980-ci ildə “Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə” mövzusunda namizədlik, 1995-cı ildə “Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yayılmasına təsiri” mövzusunda doktorluq işini müdafiə edib. 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib, 2009-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona “Hidrologiya” ixtisası üzrə professor elmi dərəcəsi verilib. 2014-cü ildən isə AMEA-nın həqiqi üzvüdür.

O, Azərbaycanda və dünyada Xəzər dənizinin tədqiqatları üzrə tanınmış mütəxəssisdir. Alimin elmi tədqiqatları əsasən, Xəzər dənizinin ən aktual problemlərinə - hidrologiyasına, hidrofizikasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə, səviyyənin dəyişməsinə, iqlim dəyişmələrinin Xəzər dənizinə təsirinə, çirkləndiricilərin dənizdə yayılmasının fiziki-coğrafı modelinin yaradılmasına və ümumiyyətlə, Xəzərin ekocoğrafiyasına həsr olunub. R.Məmmədov Xəzərdə 15-dən artıq dəniz ekspedisiyasının iştirakçısı və çoxunun rəhbəri olub, onların tədqiqat planını tərtib edib. Akademikin bu sahədə uzunmüddətli tədqiqatlarının ümumiləşdirilmiş nəticələri 2007-ci ildə işıq üzü görmüş “Hidrometeoroloji dəyişkənlik və Xəzər dənizinin ekocoğrafı problemləri” kitabında əksini tapıb. Onun ölkə iqtisadiyyatında önəmli yer tutan Xəzər dənizinin hidrometeorologiyası, səviyyə tərəddüdləri, axınları və neft ləkələrinin yayılması və ekocoğrafiyası ilə bağlı yazdığı fundamental əsərləri Bakıda, Moskvada və ilk dəfə hazırladığı irihəcmli “Xəzər dənizinin hidrometeorologiyası” atlası isə İranda və Kanadada nəşr olunub.

Kür-Araz hövzəsinin transsərhəd su problemləri, Azərbaycanda səhralaşma prosesinin tədqiqi, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi də R.Məmmədovun əsas tədqiqat istiqamətlərindəndir. Alim daim Coğrafiya İnstitutunda müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqinə, müəssisə əməkdaşlarının müasir texnologiya vasitələri ilə işləməsinə, həmçinin elmi-tədqiqat işlərində coğrafi informasiya sistemlərinin (GİS) tətbiqinə üstünlük verir. Akademik Sakit, Hind okeanlarında, eləcə də Qara və Baltik dənizlərində, Baykal gölündə keçirilən bir neçə beynəlxalq ekspedisiyaların iştirakçısı olub. Son 10 ildə 40-a qədər ölkədə keçirilmiş beynəlxalq simpozium, konfrans, seminar və toplantılarda iştirak edib.

Coğrafiyaçı alim 320-dən artıq elmi məqalə, 15 kitab və 1 atlasın müəllifidir, onun 20-dən çox işi AMEA-nın mühüm nəticələrinin siyahısına daxil edilib. Akademikin baş redaktoru olduğu “Azərbaycan Respublikasının coğrafiyası” əsəri Dövlət mükafatına layiq görülüb. Elmi fəaliyyətlə yanaşı, R.Məmmədov elmi-təşkilatı və kadr hazırlığı məsələləri ilə də məşğuldur. Onun rəhbərliyi altında 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanıb.

Akademik Ramiz Məmmədovu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür, Azərbaycan coğrafiyasının inkişafı yolunda yaradıcılıq uğurları  arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: