Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

28.01.2020 17:30
  • A-
  • A
  • A+

“Sirlərin sərgüzəşti” kitabının təqdimatı olub

“Sirlərin sərgüzəşti” kitabının təqdimatı olub

Yanvarın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullayevin “Sirlərin sərgüzəşti” kitabının təqdimatı keçirilib.

Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə bu müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fil.ü.f.d. Nail Qurbanov yazıçının dördüncü romanı olan bu əsərdə paralel zaman və məkanın, yaddaş fenomeninin, real və irreal hadisələrin ədəbi-bədii əksinin təsvir olunduğunu bildirib. Diqqətə çatdırıb ki, əsərin qəhrəmanı Həsən müəllim nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Əsərdə yazıçının digər əsərlərinin qəhrəmanlarına da rast gəlmək olur.

Daha sonra çıxış edən akademik Kamal Abdullayev tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, əsərin qəhrəmanı qonşunun sirlərini  yazmaq qərarına gəlir. Lakin unudur ki, əsəri yazmaqla insanların sirrini faş edir. O, “Sirlərin sərgüzəşti” əsərinin oxucuların qəlbinə yol tapacağına əminliyini bildirib.

Tədbirdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d. Əzizağa NəcəfzadəN.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd və həmin institutun elmi işçisi, fil.ü.f.d. Maral Yaqubova çıxış edərək vurğulayıblar ki, romanın müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anaxronik ardıcıllığı şəklində qurulması əsəri oxunaqlı edir.

Təqdimat mərasimində Azərbaycan Dövlət “Yuğ” Teatrının aktyorları - Xalq artisti Məmməd Səfa və Əməkdar artist Yaqut Paşazadə “Sirlərin sərgüzəşti” əsərindən parçalar səsləndiriblər.

Sonda müəllif əsərlə bağlı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: