Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Lənkəran Regional Elmi Mərkəzində AMEA-nın Ümumi yığıncağında qarşıya qoyulan vəzifələr müzakirə edilib
17.01.2020 09:25
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində AMEA-nın Ümumi yığıncağında qarşıya qoyulan vəzifələr müzakirə edilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Akademiyanın Ümumi yığıncağının yekunlarına həsr edilmiş tədbir keçirilib.

Tədbirdə mərkəzin direktoru, professor Fərman Quliyev AMEA-nın Ümumi yığıncağında müzakirə olunan məsələlər barədə danışıb, Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevin məruzəsindən irəli gələn vəzifələri diqqətə çatdırıb. Bildirib ki, akademik Ramiz Mehdiyev məruzəsində qeyri-neft sektorunun inkişafı, elmi nəticələrin kommersiyalaşdırılması və innovasiya fəaliyyətinin gücləndirilməsi, elmi-tədqiqat müəssisələrinin günün tələbləri səviyyəsində qurulması, xüsusən elmin tətbiqinə diqqətin artırılmasını bir vəzifə olaraq irəli sürüb.

Mərkəzin ötənilki fəaliyyətindən danışan F.Quliyev qeyd edib ki, 2019-cu ildə çayçılıq və sitrus bitkiləri meyvəçiliyi sahəsində bir sıra uğurlar əldə edilib, 4 yeni çay sortu yaradılaraq Dövlət Reyestrinə daxil edilib, 2 yeni sitrus sortu dövlət sınağına qəbul edilib. Bundan başqa, yeni yaradılan çay sortlarından ibarət məhdud ərazidə anaclıq plantasiya salınıb, çayın vegetativ üsulla çoxaldılması məqsədilə dumanyaradıcı qurğu yaradılıb.

Bildirilib ki, elmi mərkəzdə Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, cənub regionunun təbii resurslarından səmərəli istifadə, ekoloji problemlərin həlli, Azərbaycanın cənub-şərq bölgəsinin tarixinin arxeoloji materiallar əsasında araşdırılması istiqamətlərində elmi tədqiqatlar davam etdirilib.

Professor Fərman Quliyev, həmçinin innovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqi, azərbaycançılıq ideologiyasının əsaslarının işlənib hazırlanması və həyata keçirilməsində elmi dəstəyin təmin edilməsi, ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərə toxunub.

Sonda o, mərkəzin şöbələrinin komplektləşdirilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, elmi tədqiqatların keyfiyyətinin artırılması və istehsalatda tətbiqinə diqqətin artırılması ilə bağlı tapşırıqlarını verib.

Mərkəzin Arxeologiya şöbəsinin müdiri, t.ü.f.d. Mayis Cəfərov, baş elmi işçi, a.ü.f.d. Xalıqverdi Babayev və başqaları AMEA-nın Ümumi yığıncağında akademik Ramiz Mehdiyevin verdiyi tapşırıq və tövsiyələrin uğurla həyata keçirilməsi, mərkəzin əməkdaşlarının çayçılıq və sitrusçuluqla bağlı Dövlət Proqramlarında elmin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi, bölgənin tarixi abidələrinin tədqiqi istiqamətində bilik və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: