Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.01.2020 17:35
  • A-
  • A
  • A+

"Vətənin 20 Yanvar yaddaşı" mövzusunda elmi sessiya keçirilib

"Vətənin 20 Yanvar yaddaşı" mövzusunda elmi sessiya keçirilib

Yanvarın 16-da AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Vətənin 20 Yanvar yaddaşı" mövzusunda elmi sessiya keçirilib.

20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Şənbə gecəsindən istiqlal səhərinə açılan yol” mövzusunda məruzə ilə çıxış edib.

Akademik Rafael Hüseynov 20 Yanvar faciəsinin təməlində Azərbaycan xalqının 70 illik həsrətində olduğu müstəqillik uğrunda mübarizənin dayandığını söyləyib. Qeyd edib ki, bunu anlayan SSRİ rəhbərliyi qığılcımın ittifaq respublikalarına yayılmasının qarşısını almaq və xalqımızın istiqlal eşqini boğmaq məqsədilə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet ordusunu və ağır texnikanı şəhərə yeridib, dinc əhaliyə qarşı qanlı cinayət törədiblər.

Alim faciə nəticəsində 146 nəfər insanın öldürüldüyünü, 744 nəfərin yaralandığını, 841 nəfərin isə qanunsuz həbs edildiyini, həmçinin bir çox insanın itkin düşdüyünü, ailələlərin məhv edildiyini diqqətə çatdırıb. İnsanların dolğun informasiya əldə etməsinin qarşısını almaq məqsədilə Azərbaycan televiziyasının enerji blokunun partladıldığını xatırladan R.Hüseynov xalqımızın səsinin dünyaya məhz ulu öndər Heydər Əliyev tərəfindən çatdırıldığını deyib. Bildirib ki, qətliamdan bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn dahi lider Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini kəskin tənqid edib, faciəni törədənlərin dərhal cəzalandırılmasını istəyib. 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə dövlət səviyyəsində hadisələrə siyasi-hüquqi qiymət verilib və Azərbaycan Respublikasının Milli Məclisi xüsusi Qərar qəbul edib.

R.Hüseynov Vətən, torpaq, azadlıq yolunda həyatını qurban verən şəhidlərin xatirəsinin daim müqəddəs tutulduğunu söyləyib.

Məruzəçi qeyd edib ki, Xalq şairi Bəxtiyar Vahabzadənin, yazıçı-publisist Rafiq Səməndərin və başqalarının 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan əsərləri xüsusi məna daşıyır.

Sessiyada, həmçinin Xalq artisti Vasif Babayev, Əməkdar jurnalist Rafiq Səməndər, Əməkdar artist Məsmə Aslanqızı, "20 Yanvar" Cəmiyyətinin sədri Soltan Əzimov, şəhid ailəsi Elxan Allahverdiyev və digərləri çıxış edərək faciə barədə xatirələrini bölüşüb, gənclərin vətənpərvər ruhda böyüdülməsinin önəmindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: