www.science.az
16.01.2020 11:51

Rusiyada ötən il üzrə patentləşdirilmiş ən yaxşı işlərin siyahısı məlum olub

İntellektual Mülkiyyət üzrə Federal Xidmət ötən il patentləri rəsmiləşdirilən ən əhəmiyyətli işlərin siyahısını elan edib.

Rospatentin ekspertlərinin nəticələrinə görə, siyahının lideri Ebola virusundan qorunmaq üçün “Vektor” Virusologiya və Biotexnologiya üzrə Dövlət Elmi Mərkəzi və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Novosibirsk Üzvi Kimya İnstitutu tərəfindən hazırlanmış vasitədir.

Rusiyanın Ebola virusuna səbəb olunan xəstəliyin profilaktikası üçün vaksini peptiddir. Onu hazırda tətbiq edilən qərb analoqlarından yüksək təhlükəsizliyə malik olması, əlavə reaksiyaların olmaması, müsbət 2-8 dərəcə Selsi temperaturda saxlanılması rahatlığı və s. ilə əhəmiyyətli dərəcədə fərqləndirir. Vaksin 2018-ci ilin martında Rusiya Federasiyasında dərman vasitələri reyestrinə daxil edilib.

poisknews.ru saytının məlumatına görə, ikinci yerdə yenilənən bitki xammalından motor yanacağının alınması üçün katalizator dayanır. Ən maraqlı ixtiralar beşliyinə aterosklerozun inkişafına səbəb olan zülal komplekslərinin qandan silinməsi üçün vasitə, ürək problemləri baxımından yüksək riskli şəxslərə ekspress-köməyin göstərilməsi kompleksi, eləcə də çarhovuzların akvatoriyalarını və sahil xəttini neftdən və neft məhsullarından təmizləməyə imkan verən mikroorqanizm daxildir.

Ekspertlər 2019-cu il üzrə ixtiraların top onluğuna nüvə reaktorunun konturunda sızmanın aşkar edilməsi, simvolların geniş spektrini tanımağa imkan verən süni intellekt texnologiyası, bankomatların optimal quraşdırılma nöqtəsini müəyyən etməyə imkan verən big data texnologiyası əsaslı sistemlərini əlavə ediblər. Siyahıda, həmçinin “Yandeks” şirkətinin istifadəçiyə lazımlı informasiyanın verilməsi dəqiqliyini artıran maşın təlimi əsaslı alqoritmi və  arktik şəraitdə yanğının söndürülməsi üçün köpük də yer alıb.