www.science.az
13.12.2019 15:22

Akademik Yaqub Mahmudov Oksford Akademik Birliyinin fəxri professoru adına layiq görülüb

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov müasir cəmiyyətdəki peşə nailiyyətlərinə görə Böyük Britaniyanın Oksford Akademik Birliyinin fəxri professoru adına (“Honorary Professor of the Academic Union, Oxford, UK”) layiq görülüb.

Alimə fəxri professor diplomu və mantiyasını institutun Elmi şurasının iclasında AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova təqdim edib.

Qeyd edək ki, tarixçi alimin bu fəxri ada layiq görülməsi Fransanın Kann şəhərində keçirilən “Keyfiyyət və idarəetmədə mükəmməllik” adlı forum və Avropa mükafatları gecəsində açıqlanıb. Fəxri ad müasir cəmiyyətin sosial və intellektual tərəqqisinə töhfə verən insanlara minnətdarlıq simvolu olaraq verilir.

Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl Böyük Britaniyada fəaliyyət göstərən Beynəlxalq Sokrat Komitəsi tərəfindən “Elmdə ad” fəxri tituluna, “Ən yaxşı baş menecer” fəxri adına və “Kraliça Viktoriya” beynəlxalq mükafatına layiq görülüb. O, dünya elminin inkişafındakı töhfələrə görə XXI əsrin görkəmli elm adamlarının siyahısına daxil edilib. Tarix İnstitutu isə Beynəlxalq Sokrat Komitəsi tərəfindən “2012-ci ilin ən yaxşı müəssisəsi” diplomu ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.