Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.12.2019 11:08
  • A-
  • A
  • A+

Beynəlxalq konfransda telekommunikasiyada innovativ texnologiyalara dair müzakirələr aparılır

Beynəlxalq konfransda telekommunikasiyada innovativ texnologiyalara dair müzakirələr aparılır

Dekabrın 4-də Azərbaycan Texniki Universitetində (AzTU) “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfrans işə başlayıb.

Tədbir Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AzTU və Belarus Dövlət Rabitə Akademiyasının (BDRA) birgə təşkilatçılığı ilə baş tutub.

Konfransı giriş sözü ilə AzTU-nun rektoru, professor Vilayət Vəliyev açaraq müasir dövrdə mövzunun aktuallığını qeyd edib. Qeyri-neft sektorunun inkişafının əsas istiqamətlərindən birinin telekommunikasiya ilə bağlı olduğunu söyləyən rektor tədbirin bu sahədə təcrübə mübadiləsinin aparılması üçün yeni əlaqələrin qurulmasına təkan verəcəyini bildirib. 

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev innovativ texnologiyaların telekommunikasiyada tətbiqinin cəmiyyətin inkişafına zəmin yaradacağını söyləyib. O, bu inkişafda elm və təhsilin böyük rola malik olduğunu qeyd edib.

BDRA-nın rektoru, professor Andrey Zeneviç rəhbərlik etdiyi qurumun AzTU ilə əməkdaşlığından danışıb, bu əlaqələrin bundan sonra daha da inkişaf etdiriləcəyini vurğulayıb.

Tədbirdə, həmçinin AMEA Yüksək Texnologiyalar Parkının direktoru, texnika elmləri doktoru Elton Məmmədov və Özbəkistan “UNİCON.UZ” elmi-texniki və marketinq tədqiqatları mərkəzinin şöbə müdiri Zokir Xusanov çıxış edərək konfransda əhəmiyyətli mövzularda müzakirələrin aparılacağını bildiriblər.

Daha sonra tədbir işini plenar və bölmə iclasları ilə davam etdirib.

Beynəlxalq elmi-texniki konfrans dekabrın 6-da başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: