Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

02.12.2019 09:42
  • A-
  • A
  • A+

Mədəni irsin qorunmasına dair həyata keçirilən layihələrin təqdimatı olub

Mədəni irsin qorunmasına dair həyata keçirilən layihələrin təqdimatı olub

Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş Salnamə Muzeyində “Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda beynəlxalq simpozium keçirilib.

Tədbir Heydər Əliyev Fondunun təşəbbüsü, “BP Azerbaijan”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Avstriyanın “Atelier Erich Pummer” şirkətinin təşkilatçılığı ilə baş tutub.

Simpoziumun məqsədi müxtəlif müəssisə və təşkilatların mədəni irsin qorunması istiqamətində həyata keçirdikləri layihələrin ictimaiyyətə təqdim edilməsi, bu sahədə görülən işlərə dair təcrübə mübadiləsinin aparılması, eyni zamanda, qazıntı işləri zamanı üzə çıxarılan arxeoloji tapıntıların daha dərindən öyrənilməsi olub.

Beynəlxalq tədbirdə çıxış edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova son dövrlərdə aparılan arxeoloji tədqiqatlar və ekspedisiyaların təşkilində Heydər Əliyev Fondunun və BP şirkətinin göstərdiyi hərtərəfli dəstəkdən danışıb.

Daha sonra “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov və Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze təmsil etdikləri qurumlar barədə məlumat veriblər.

Sonda konfrans işini plenar sessiyalarla davam etdirib.

Qeyd edək ki, tədbir çərçivəsində qazıntılar zamanı aşkarlanmış maddi-mədəni irs nümunələrindən ibarət xüsusi ekspozisiyanın açılışı da olub. Sərgi-ekspozisiya 6 ay müddətində Daş Salnamə Muzeyində nümayiş etdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: