www.science.az
29.11.2019 16:57

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

Əvvəlcə AMEA-nın prioritet elmi istiqamətləri müzakirə olunub. Akademik Ramiz Mehdiyev bildirib ki, dünyada elmi istiqamətlərin, peşə və ixtisasların sürətlə yeniləndiyi, yüksək texnologiyaların tətbiqinin genişləndiyi hazırkı şəraitdə Azərbaycan elminin prioritet istiqamətlərinə yenidən baxılmalı, bu prioritetlərin müəyyənləşdirilməsində bir tərəfdən müasir elmin inkişaf tendensiyaları, digər tərəfdən ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri əsas götürülməlidir. Biliklər iqtisadiyyatının aparıcı inkişaf istiqamətlərindən olduğu müasir dövrdə tətbiqi tədqiqatların, xüsusən də elmi-innovativ fəaliyyətin gücləndirilməsinin vacibliyini bildirən akademik Ramiz Mehdiyev bununla bağlı konkret addımların atılmasının zəruriliyini diqqətə çatdırıb. Müzakirələrdən sonra yeni elmi prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı Rəyasət Heyətinin üzvlərinə və  AMEA-nın müvafiq qurumlarına tapşırıqlar verilib.   

Gündəlikdə yer alan növbəti elmi-təşkilati məsələ AMEA-nın fəaliyyətinin optimallaşdırılması ilə bağlı Tədbirlər planı haqqında olub. Məsələ ilə bağlı akademik Ramiz Mehdiyev bildirib ki, AMEA-da fundamental və tətbiqi tədqiqatların müasir standartlar səviyyəsində aparılması, elm sahəsində idarəetmə sisteminin və elmi infrastrukturun modernləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, eləcə də Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir. Buna görə də AMEA-nın fəaliyyətinin optimallaşdırılması ilə bağlı müvafiq Tədbirlər planı hazırlanıb. İclasda Tədbirlər planı geniş müzakirə olunub, Akademiyanın elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına, AMEA Rəyasət Heyəti aparatının aidiyyatı idarə və şöbələrinə bu istiqamətdə müvafiq tapşırıqlar verilib.

Müzakirəyə çıxarılan növbəti elmi-təşkilati məsələ “Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020-ci illər)” çoxcildliyinin hazırlanması ilə bağlı olub. Akademik Ramiz Mehdiyev xalqımızın ümummilli lideri Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın müstəqillik tarixi ilə bağlı ayrıca kitabın hazırlanmasının elmi və ictimai baxımdan olduqca böyük əhəmiyyətə malik olduğunu iclas iştirakçılarının  diqqətinə çatdırıb. Bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan məhz ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi yoluna qədəm qoyub. Dahi lider Heydər Əliyevin dövlət quruculuğu siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti nəticəsində isə ölkəmizin beynəlxalq nüfuzu sürətlə yüksəlib, sosial-iqtisadi inkişaf istiqamətində mühüm uğurlar əldə edilib. Akademik Ramiz Mehdiyev hazırlanacaq çoxcildliyin  müstəqillik tariximizin ictimai-siyasi gerçəkliklərini, əldə olunan uğur və nailiyyətləri obyektiv olaraq özündə əks etdirməli olduğunu bildirib. Daha sonra “Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin strukturu müzakirə edilib və onun hazırlanması üçün müvafiq tapşırıqlar verilib.

Sonra AMEA Rəyasət Heyəti aparatının strukturu ilə bağlı məsələ müzakirə edilib. Qeyd olunub ki, AMEA Rəyasət Heyəti aparatının strukturunun və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə Komissiya yaradılıb. Akademik Ramiz Mehdiyev Komissiya tərəfindən hazırlanmış AMEA Rəyasət Heyəti aparatının yeni strukturunun layihəsi ilə iclas iştirakçılarını tanış edib. Təqdim olunan layihə Rəyasət Heyəti üzvləri tərəfindən geniş müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.