Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

27.11.2019 17:31
  • A-
  • A
  • A+

AMEA-da Molla Nəsrəddin lətifələrinin nəzəri-metodoloji məzmunda araşdırılmasına həsr olunan konfrans keçirilib

AMEA-da Molla Nəsrəddin lətifələrinin nəzəri-metodoloji məzmunda araşdırılmasına həsr olunan konfrans keçirilib

Noyabrın 27-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Molla Nəsrəddin lətifələri: müasir elmi yanaşmalar və milli folklorşünaslıq təcrübəsi” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbir çərçivəsində “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının təqdimatı da olub.

Konfransı giriş sözü ilə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli açaraq Molla Nəsrəddin lətifələrinin folklor materialları içərisində lakonikliyi, fəlsəfi dərinliyi ilə seçilən nümunələrdən biri olduğunu qeyd edib. Bildirib ki, lətifələrdə xalq müdrikliyi özünün bütün dolğunluğu ilə əks olunub. Bu mənada Molla Nəsrəddin lətifələrinin, eləcə də digər xalqların folklorundan lətifələrin tərcüməsi və nəşri, geniş ictimaiyyətə çatdırılması böyük əhəmiyyətə malikdir.

Sonra çıxış edən Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov konfransın elmi-praktiki əhəmiyyətindən bəhs edib. O, Molla Nəsrəddin lətifələrinin müasir nəzəri-metodoloji aspekdən araşdırılmasının institutun prioritet elmi istiqamətlərindən biri olduğunu bildirib. M.İmanov son illər Molla Nəsrəddin lətifələrinin nəşri ilə bağlı rəhbərlik etdiyi elmi müəssisə tərəfindən həyata keçirilən işləri diqqətə çatdırıb. 

Konfransda SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev rəhbəri olduğu qurumla Folklor İnstitutu arasında sıx əməkdaşlığın qurulduğunu və bu əlaqələrin konkret elmi nəşrlərdə, kitab və məqalələrdə əksini tapdığını bildirib. Qeyd edib ki, iki cilddən ibarət Molla Nəsrəddin lətifələri, nüfuzlu bazalara daxil olan beynəlxalq elmi jurnallarda dərc olunmuş bir sıra məqalələr, həmçinin mollanasreddin.az portalı əməkdaşlığın bariz nümunəsidir.

Daha sonra Folklor İnstitutunun böyük elmi işçisi, “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının tərtibçisi Qumru Şəhriyar nəşrlə bağlı ətraflı məlumat verib.

Tədbirdə Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri “Molla Nəsrəddin lətifələri xalq gülüşünün sosial-antropoloji semantikası kontekstində”, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayev “Dəlilik və vəlilik kontekstində Molla Nəsrəddin obrazı” və filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Real və virtual mühitdə Molla Nəsrəddin lətifələri: yeni sosial şərtlər və mədəni təzahürlər” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda Molla Nəsrəddin lətifələrinin nəzəri-metdoloji spektlərdən təhlili istiqamətində müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: