www.science.az
26.11.2019 17:12

AMEA-da hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinə dair maarifləndirici seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinə dair seminar-məşğələ keçirilib.

Tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) nümayəndələri, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərini aparan əməkdaşlar iştirak ediblər.

İclası şöbənin rəisi Eldar Quliyev açaraq tədbirin akademiya prezidentinin 9 oktyabr 2019-cu il tarixli 672 nömrəli sərəncamının icrasına həsr olunduğunu bildirib. O, bu istiqamətdə görülən işlərin İkinci xüsusi şöbənin ildə bir dəfədən az olmayaraq keçirdiyi toplantılarda müzakirə edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işləri “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunlarının, eləcə də Nazirlər Kabinetinin 8 may 2013-cü il tarixli “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”na uyğun olaraq aparıldığını söyləyib.

Azərbaycanın müharibə şəraitində yaşadığını xatırladan E.Quliyev akademiyada çağırışçıların hərbi xidmətə hazırlığına müntəzəm nəzarət olunduğunu bildirib, İkinci xüsusi şöbə tərəfindən hərbi uçotun düzgün və keyfiyyətli aparılmasına dair elmi müəssisə və təşkilatlarda bu işlə məşğul olan şəxslərə mütəmadi köməklik göstərildiyini deyib. Şöbə rəisi hərbi vəzifəlilərin və  çağırışçıların  hərbi  uçot  vərəqələrində  olan məlumatların hər il sentyabr ayı ərzində SHXÇDX-nin yerli şöbə və bölmələrində olan məlumatlarla tutuşdurulmalı olduğunu diqqətə çatdırıb. E.Quliyev, həmçinin illik hesabatların (Forma 6) 1 yanvar 2020-ci il tarixinədək hazırlanıb Dövlət Xidmətinin yerli rayon şöbələrində razılaşdırılaraq İkinci xüsusi şöbəyə təqdim edilməli olduğunu vurğulayıb. 

Sonra İqtisadiyyat Nazirliyinin Səfərbərlik şöbəsinin müdiri - təxsislə (bronla) işçi qüvvəsi saxlayan Respublika Komissiyasının məsul katibi Bəhruz Məmmədov çıxış edərək hərbi uçot və bronetmə işlərinin AMEA-da yüksək səviyyədə aparıldığını və respublika üzrə nümunəvi olduğunu deyib, bununla əlaqədar İkinci xüsusi şöbənin əməkdaşlarına öz minnətdarlığını bildirib. B.Məmmədov respublikanın müdafiə qabiliyyətinin artırılması məsələsinin daim nəzarətdə saxlanıldığını, səfərbərlik hazırlığının real təhlükələr nəzərə alınmaqla dünyada baş verən proseslərə uyğunlaşdırıldığını söyləyib. O, cari ildə hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işləri ilə məşğul olan təşkilatların siyahısının təsdiq olunduğunu, həmçinin iş planı və təlimatların, o cümlədən Forma 6-nın yeniləndiyini deyib. Bundan əlavə, növbəti illərdə hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinin elektronlaşdırılmasının nəzərdə tutulduğunu vurğulayıb.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik Şaiq Məmmədov ölkənin müstəqilliyinin qorunması və qüdrətli dövlətə çevrilməsi üçün səfərbərlik hazırlığının zəruri olduğunu deyib, həmçinin üzləşdirmələrin aparılmasının qrafiki ilə bağlı müvafiq tövsiyələrini verib.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminarda, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işləri və illik hesabatların (Forma 6) hazırlanmasının vəziyyəti haqqında cari ildə görülən işlər barədə çıxışlar dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.