www.science.az
26.11.2019 16:34

Monoqrafiyada Fiziologiya İnstitutunda herontologiya üzrə aparılan tədqiqatlardan bəhs olunur

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda herontologiya üzrə tədqiqat proqramı uğurla həyata keçirilir. Tədqiqatın ilkin nəticələri nüfuzlu “Herontologiyanın uğurları” jurnalında dərc olunan məqalələrdə, habelə Moskvanın “Triumf” nəşriyyatı tərəfindən nəşr olunmuş “Biologiya və tibbdə hüceyrə xronoblokatorları” adlı monoqrafiyada ümumiləşdirilib. Monoqrafiyanın müəllifləri Fiziologiya İnstitutunun direktoru, b.e.d. Ulduz Həşimova, “Herontologiya” Elmi-Tədqiqat Tibbi Mərkəzinin direktoru, professor Kirill Proşayev və həmin mərkəzin direktor müavini,  t.e.d. Andrey İlnitskiydir.

Monoqrafiyada hüceyrələrin qocalma mexanizmləri, qocalma prosesini ləngidən bəzi xronoblokatorların və onların əsasında preventiv heriatriyada tətbiq oluna biləcək dərmanların yaradılması barədə fikirlər açıqlanıb. Nəşrdə, ilk dəfə olaraq, Azərbaycan alimlərinin herontoloji biliklərinin genişlənməsinə, xüsusilə populyasiya uzunömürlülüyünə, mürəkkəb biotibbi və sosial fenomen kimi yanaşmanın inkişafına verdiyi töhfələr xüsusi qeyd edilib.

Monoqrafiya həkimlər, bioloqlar, o cümlədən herontologiya ilə məşğul olan mütəxəssislər üçün faydalı ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.