Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimləri IX Ümumdünya Elm Forumunda iştirak ediblər
26.11.2019 11:10
  • A-
  • A
  • A+

Azərbaycan alimləri IX Ümumdünya Elm Forumunda iştirak ediblər

Noyabrın 20-də Macarıstanın paytaxtı Budapeştdə IX Ümumdünya Elm Forumu işə başlayıb.

Dörd gün davam edən tədbirdə 100-ə yaxın ölkənin nümayəndəsi iştirak edib. Forumda Azərbaycanı AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidov təmsil ediblər.

Forumun təntənəli açılış mərasimində Macarıstan Respublikasının Prezidenti Yanoş Ader, Macarıstan Elmlər Akademiyasının prezidenti, professor Laslo Lovas, UNESCO Baş Katibinin müavini Şamila Nair-Beduel, Beynəlxalq Elm Şurasının prezidenti, professor Daya Reddi və başqaları çıxış ediblər.

“Elm, etika və məsuliyyət” devizi altında keçirilən tədbirin 40-dək tematik sessiyasında elmi diplomatiya, elmi jurnalistika, elmin cəmiyyətdə rolu, qida təhlükəsizliyi, iqlim dəyişikliyi, içməli su problemi, mühəndislik, texnologiya və ekologiya, regenerativ təbabət, beynəlxalq elmi əməkdaşlıq və s. mövzularda 150-ə yaxın məruzə dinlənilib. Həmçinin müxtəlif beynəlxalq qurumları, elmi mərkəzləri və universitetləri  təmsil edən alimlər elmin müxtəlif sahələrinə dair geniş fikir mübadiləsi aparıblar. 

Tədbirdə Macarıstan Elmlər Akademiyasının prezidenti, professor Laslo Lovas və AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev iki ölkənin elmlər akademiyaları arasında perspektiv əməkdaşlıq imkanlarını müzakirə ediblər.

IX Ümumdünya Elm Forumunun bağlanış mərasimi noyabrın 23-də Parlament binasında keçirilib. Tədbirdə Forumun bəyannaməsi qəbul edilib və X Ümumdünya Elm Forumunun 2021-ci ildə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: