Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Rasim Əliquliyev: “İnternet xidmətlərinin təkmilləşdirilməsi ilə əmək bazarında və biliklər iqtisadiyyatında dinamiklik artıb”
26.11.2019 09:40
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev: “İnternet xidmətlərinin təkmilləşdirilməsi ilə əmək bazarında və biliklər iqtisadiyyatında dinamiklik artıb”

Noyabrın 25-də ölkəmizdə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “StartupFest 2019” beynəlxalq festivalının rəsmi açılış mərasimi keçirilib.  

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  tədbirin “Gələcək üçün bacarıqlar” mövzusu üzrə keçirilən panel sessiyasında çıxış edib. Akademik qloballaşma dövründə İKT-nin əhəmiyyətindən danışaraq, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olması üçün bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

R.Əliquliyev qeyd edib ki, Azərbaycanda informasiya cəmiyyətinin bərqərar olması üçün zəruri struktur islahatları aparılıb, ölkə üzrə genişzolaqlı İnternet infrastrukturu qurularaq e-hökumət və onun e-elm, e-təhsil, e-vergi, e-gömrük və s. seqmentləri, eləcə də e-biznes, e-vətəndaş sektorları formalaşdırılıb.

Alim çıxışında informasiya texnologiyalarına və biliklərə əsaslanan iqtisadiyyatın inkişaf perspektivlərdən də danışıb. Bildirib ki, informasiyanın ötürülməsi imkanları artdıqca informasiya cəmiyyəti və onun iqtisadi sferası daha sürətlə inkişaf edir, Big Data, Cloud Computing, Əşyaların İnterneti, robototexnika kimi sahələr böyük iqtisadi perspektivlər vəd edir. Akademikin sözlərinə görə, hazırda İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli, genişzolaqlı İnternet xidmətlərinin təkmilləşdirilməsi ilə əmək bazarında və biliklər iqtisadiyyatında dinamiklik artıb, 3D çap texnologiyalarının tətbiq sahələri və inkişaf perspektivləri genişlənib, 3D çap texnologiyalarının müasir istehsala təsiri güclənib.

Məruzəçi, həmçinin İKT və biliklər iqtisadiyyatı sahəsində kadr hazırlığı, milli proqram mühəndisliyinin formalaşdırılmasında informasiya təhlükəsizliyinin təmin olunması, kosmik iqtisadiyyatın yaranması, intellektual mülkiyyətin və fərdi məlumatların qorunması kimi məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: