www.science.az
25.11.2019 16:21

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları sərgilənir

Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub.

Mərasimdə Rusiya Federasiyasından olan məsul şəxslərlə yanaşı, bu ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib. O, öz çıxışında “Azərbaycan” pavilyonunun zahiri simasının bərpa olunması ilə bərabər, həm də yeni məzmun kəsb etdiyini qeyd edib. Bildirib ki, burada qonaqlar Azərbaycan xalqının zəngin çoxəsrlik tarixi, mədəniyyəti, ənənələri ilə tanış ola, eyni zamanda, müasir müstəqil Azərbaycanın ictimai-siyasi, iqtisadi, humanitar sahələrdə uğurları barədə məlumatlar əldə edə bilərlər.

Pavilyonda Azərbaycanın mədəni irsini nümayiş etdirən eksponatlardan ibarət müxtəlif sərgilər təşkil olunub. Onlar sırasında rəsm əsərləri, heykəllər, milli musiqi alətləri, Azərbaycan xalça məmulatları, qədim və orta əsr keramika, daş və mis qablar, şəbəkə, zərgərlik nümunələri, silahlar və s. sərgi iştirakçılarının diqqətini cəlb edib.

Pavilyonun tarixində ilk dəfə olaraq Azərbaycanın II Dünya müharibəsində iştirakına dair xüsusi ekspozisiya qurulub və burada AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin unikal eksponatları sərgilənib. Onların sırasında döyüşlərdə sərkərdəlik məharətini nümayiş etdirmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, general Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanı, polkovnik Həbibulla Hüseynov, Sovet İttifaqı Qəhrəmanı, polkovnik Adil Quliyev, Azərbaycanın ilk admiralı Cəlil Cavadov, Sovet İttifaqı Qəhrəmanı, kəşfiyyatçı Rixard Zorge, döyüşlərdə qəhrəmancasına vuruşmuş Azərbaycanın ilk qadın hərbi təyyarəçisi Züleyxa Seyidməmmədova və s. kimi tarixi şəxsiyyətlərə aid eksponatlar xüsusi maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, Heydər Əliyevin Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunmuş ekspozisiya 6 ay ərzində fəaliyyət göstərəcək. Dünyanın 50 nəhəng sərgi mərkəzi sırasına daxil olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ildə 30 milyon izləyici qəbul edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.